Hər gün sarımsaq suyu içsəniz nə baş verər? 



 11:01 25.05.2023     1025

Böyrəkləriniz sağlam olar. Böyrək infeksiyaları heç də xoşagələn deyil.

Sarımsaq suyu bu mövzuda böyük fərqə imza atır. Bunu elm adamları da təsdiq edir. Hindistanın Pəncab Universitetində aparılan bir araşdırma sarımsağın “Pseudomonas aeruginosa” adlı patogenin həm əmələ gəlməsinə mane olduğunu, həm də onu müalicə etdiyini aşkarlayıb. Bu bakteriyalar sidik yollarının divarlarına yapışır, hər cür böyrək probleminə, böyrək infeksiyasına səbəb olur.  Mütəxəssislər tövsiyə edir ki, böyrəkləri qorumaq və günə enerjili başlamaq üçün ya hər gün 3-4 diş sarımsaq yeyin, ya da hər səhər 1 stəkan sarımsaq suyu için. 
Qanı duruldur. Yüksək təzyiq və yüksək xolesterol kimi problemləriniz varsa, sarımsaq suyu xilaskarınız olacaq. Makrobiotik sağlamlıq  bələdçisi və qidalanma mütəxəssisi olan  Şilpa Arora (Shilpa Arora) deyir ki, sarımsaq lipid profiliniz üçün son dərəcə faydalıdır. Yəni, sarımsaq suyu içmək təzyiqinizi  stabilləşdirir. Bir araşdırmada məlum olub ki, uzun müddət qorunmuş sarımsaq lətindən  60-100 qr  yemək qan təzyiqini aşağı salmaq üçün içilən dərman preparatları qədər təsirlidir.  Oksford Universitetinin  əməkdaşları isə müəyyən edib ki,  sarımsaq “pis xolesterol”un səviyyəsini 10-15% azaldır. 
Qanda şəkərin miqdarı nizamlanır. Qanda şəkərin səviyyəsinin yüksəlməsi də müasir dövrdə çox sıx rast gəlinən narahatlıqlardandır. Bir çox ciddi xəstəliklərin qaynağı olan bu  problemin həlli də sarımsaq suyundan keçir. Küveyt Universitetində aparılan bir tədqiqatda çiy sarımsağın qanda qlükozanın  səviyyəsini aşağı saldığı aşkarlanıb. Müntəzəm şəkildə sarımsaq suyu içmək üçün daha bir səbəbdir, deyilmi? 
Sümükləri möhkəmləndirir. Duzlaşma və oynaq ağrısı dünyada ən geniş yayılmış narahatlıqlar sırasındadır. Əgər siz də bu ağrılara məruz qalanlardansınızsa, rasionunuza sarımsaq suyunu daxil edin. “BMC Muskuloskeletal Pozğunluqlar” dərgisindəki (BMC Musculoskeletal Disorders)  bir məqaləyə görə, allium təvəzələri ilə zəngin qidalanma, yəni, soğan, sarımsaq və bu kimi tərəvəzlərin çox yeyilməsi sümüklərin sağlamlığını qorumağa kömək edir.   Ümumi sümük sağlamlığı üçün vacib olan estrogenin ifrazının artması da sarımsağın hünərlərindəndir. Dolayısı ilə, səhər içilən 1 stəkan sarımsaq suyu sümükləri möhkəmləndirir və onların sağlamlığını dəstəkləyir. 
Görmə qabiliyyətini artırır. İranlı elm adamları bir araşdırma apardılar və sarımsağın gözdaxili təzyiqi aşağı saldığını aşkar etdilər. Türkiyəli mütəxəssislərin apardığı başqa bir tədqiqatda isə məlum olub ki, sarımsaq təhlükəli  göz xəstəliklərindən birinə-keratit`ə səbəb olan  mikroblarla savaşdan qalib çıxır. 
İdman məşqləriniz daha uğurlu olur. İdman etməyə gücünüzün və enerjinizin olmağını istəyirsinizsə, sarımsağa baş vurun. Bəli, sarımsaq suyunda ehtiyacınız olan hər şey var. Bir araşdırmada sübut olunub ki, ürəklə bağlı narahatlıq yaşayanlar sarımsaq suyu qəbul etdikdən sonra daha rahat və asan şəkildə idman edə bilirlər.  Yaponiyadakı Sağlamlıq  Araşdırmaları İnstitutunun (Health Sciences Research İnstitute in Japan)  əməkdaşları əmindir ki, sarımsaq idmandan sonrakı yorğunluğu xəfiflədir. İnsanlar ta qədimdən sarımsağın faydalarından xəbərdar idilər.  Əcdadlarımız yorğunluqdan yaxa qurtarmaq və iş qabiliyyətini artırmaq üçün tez-tez sarımsaq yeyirdilər. Bəzi yazılı mənbələr yunanların olimpiadalarda iştirak edənlərə sarımsaq yedirtdiklərini deyir. 
Beyinin funksiyasını sürətləndirir.  Sarımsaq suyu qocalığı ləngidir. Buna o, təzyiqi yüksəlməyə qoymaması və  xolesterol səviyyəsini nizamlaması  sayəsində nail olur. Tafts Universitetində (Tufts University)  2006-cı ildə  aparılan bir araşdırmada məlum olub ki, sarımsaq yaddaşın itirilməsi, diqqətin dağılması ilə özünü göstərən demansiyanın irəliləməsinin qarşısını alır.  Universitet əməkdaşlarının başqa bir araşdırmasında isə sarımsağın alzeymer riskini aşağı saldığı aşkarlanıb.  Qocalmanı sürətləndirən faktorlardan biri oksidativ xəsarətdir. Sarımsağın tərkibindəki antioksidantlar oksidativ xəsarətin qarşısını almaqda orqanizmin ən yaxın köməkçisinə çevrilir.  Səhərlər beyninizi oyandırmaq üçün 1 stəkan sarımsaq suyu içə bilərsiniz. 
Arıqladır. Kim arıq və gözəl bədən quruluşuna malik olmaq istəməz ki?! Səhər acqarına 1 stəkan sarımsaq suyu içmək həzm sistemini oyandırır və gün ərzində fasiləsiz, problemsiz işləməsinə zəmanət verir. Fransız araşdırmaçılar əmindir ki, sarımsaqdakı kükürd birləşmələri yağ hüceyrələrini inkişaf etdirən iltihabın qarşısını alır. Sarımsaq suyu içməklə həm arıqlayarsınız, həm də tərəvəzin bütün faydalarından yararlanarsınız. Sarımsaq suyunun mədə problemlərinin həllində, ishalın aradan qaldırılmasında, şişkinliyin yox edilməsində effektiv olduğu da  məlumdur. 
Dəriniz hamarlaşır. Sağalmayan sızanaqlarınız varsa, sarımsaq suyuna üz tutun. Sarımsaq toksinləri bədəndən xaric edir,  demək olar ki, orqanizmi təmizləyir. Buna o, antioksidant xüsusiyyəti sayəsində nail olur.  Orqanizm daxilən sağlam olduqda, dəri də gözəlləşir. Sarımsağın sızanaqların öhəsindən gəldiyini sübut edən elmi araşdırmaların sayı çoxdur. 
Orqanizmə detoks kimi təsir edir. Bəli, sarımsaq suyu orqanizmi başdan-başa təmizləmək qabiliyyətinə malikdir.  Tərkibindəki kükürd birləşmələri ilə sarımsaq orqanizmin təbii yollarla toksinlərdən xilas olmasına kömək edir. 2 həftə davam edən bir araşdırmada məlum olub ki, immuniteti möhkəmlədən sarımsaq bununla heç bir dərman preparatının edə bilməyəcəyini edir:   orqanizmin toksik səviyyəsini minimuma endirir. 

Bu qədər faydalı bir məhsuldan, hələ də, uzaqsınız?  Bir neçə diş təbii sarımsağı  xırda doğrayın. Sonra 1 stəkan suya əlavə edin. Yaxşıca qarışdırın və için.  Sarımsaq çayını isə axşam yatmazdan qabaq içsəniz, yaxşı olar. Gecə boyunca orqanizmi rahatladan və təmizləyən sarımsaq çayı səhər gümrah şəkildə oyanmağınızın təminatçısıdır. Sarımsaq çayı hazırlamaq üçün 3-4 diş sarımsağın qabığını soyun,  hər dişi 2 yerə bölün. Bir qazana  3 stəkan su tökün.  Üzərinə sarımsağı əlavə edin. Su qaynayanadək gözləyin, sonra ocağı söndürün.  Qarışıma yarım fincan limon suyu, yarım fincan bal  da qatın. Sonra süzgəclə sarımsağı sudan çıxarın. Və çayınız hazırdır! Nuş olsun! 

Bahadur Seyidov / Demedia.az