Hökmdarla Allah arasındakı BAKIXANOV



 14:32 31.05.2023     748

Çar I Nikolay da, imperatriçə Aleksandra Fyodorovna da bilirdilər ki, Qafqazdan olan bu məşhur şair mömin olduğundan içki qəbul eləmir. Rəvayət olunur ki, Aleksandra Fyodorovna qonağı yoxlamaq məqsədiylə rəsmi ziyafətlərin birində əlində qızıl məcməyi, ortasında da bir qədəh şərab ona yaxınlaşır və şərəfə içməyini xahiş edir. Şair təzim edib qədəhi götürür, ancaq üzünü İmperatora tutub deyir: «İmperatriçə şərab içməyimi təklif edir, ancaq Allahım bunu mənə qadağan edib. Sizcə, mən kimi eşitməliyəm?»

Özü də dindar olan I Nikolay cavab verir: «Əlbəttə, Allahınızı eşitməlisiniz». Qonaq qədəhi qaytarıb məcməyiyə qoyur. Pərt olmuş İmperatriçə isə sakitcə ondan uzaqlaşır…

Məğlub xanın övladı

Tarixi ədəbiyyatların birində təsvir edilən bu hadisənin həqiqətən, baş verib-vermədiyi mübahisəli olsa da, qəhrəmanın hökmdar əmriylə Allah əmri arasında seçim eləməsi çox simvolik hadisədir. Çünki bu adam doğrudan da, bütün həyatı boyu dünyanın fani güclüləri ilə vicdanı, əqidəsi, əxlaqı və imanı arasında çox seçim eləməli olmuşdu. Həyatını öyrəndikcə, kimin nə deməsindən asılı olmayaraq mən onun bütün seçimlərini alqışlamalı oldum. Seçim eləyən tarixçi, filosof, şair, yazıçı, Çar Ordusunun polkovniki, Bakı xanlarının nəslindən olan Abbasqulu Ağa Bakıxanov idi.

Onların adlarını indidən birbəbir sadalayıb anons vermək fikrindən uzağam, ancaq etiraf olunmalıdır ki, bu böyük şəxsiyyətlər barəsində müstəqilliyin ilk illərindən ən azından bir sıra ittihamlar səslənməyə başlandı. Hamısına da çox gülünc bir ittiham irəli sürüldü: ruslara, yaxud yadlara qulluq ediblər! Ancaq onların əməllərinin və zəhmətlərinin «ruslara qulluq» ifadəsiylə yarğılamağın dünənə, bu günə və sabaha etinasızlıqdan savayı bir şey olmadığı qənaətindəyəm. Eyni taleylə zaman-zaman Abbasqulu Ağa Bakıxanov da üzləşib. Onan tərcümeyi-halı və yaradıcılığı barədə həm internet saytlarında, həm də ayrı-ayrı ədəbiyyatlarda xeyli materiallar var. Ona görə də, yazılanları təkrarlamaqdan mümkün olduğu qədər uzaq duraraq müxtəlif mənbələrə istinadən Abbasqulu Ağa Bakıxanovun siyasi və ictimai portretini yaratmağa çalışacağıq.

Ondan başlayaq ki, 1794-cü ildə Xilə kəndində anadan olan Abbasqulu Ağa Bakı xanları nəslindən II Mirzə Məhəmməd xanın və müsəlmanlığı qəbul eləmiş gürcü qızı Sofiya xanımın övladı idi, özü də lap kiçik yaşlarından bir-biriylə didişən Azərbaycan xanlarının intriqalarının şahidi olmuşdu. O hələ 8 yaşındaykən atası təxti-tac uğrunda əmisioğlu Hüseynqulu xanla qanlı döyüşlərdən məğlub çıxdığından ailə məcbur olub Qubaya - Fətəli xanın bağışladığı Əmsar kəndinə köçmüşdü. 1819-cu ilədək burada yarımçıq qalmış təhsilini davam etdirən Abbasqulu Ağa elə həmin il general Yermolovun dəvətiylə Tiflisə gedir və Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri üzrə tərcüməçi kimi fəaliyyətə başlayır. Beləcə, o sərasər düz 26 il ərzində XIX əsrin birinci yarısında Azərbaycanda və bölgədə baş verən hadisələrin xoş, ya naxoş iştirakçısına çevrilir.

Didişən xanlıqlar və Rusiya işğalı

Ancaq Bakıxanovun, doktor Nərimanın təbirincə desək, «Azərbaycanın gələcəyi Rusiya ilə bağlıdır» fikriylə fəaliyyət göstərdiyini, həyatını bu amal uğrunda fəda elədiyini deməyə heç bir əsasımız yoxdur. Bununla yanaşı bir mühüm məqam unudulmamalıdır: Abbasqulu Ağanın qısa müddət ərzində sıravi tərcüməçidən polkovnik rütbəsinədək yüksəlməsi həqiqətən Çar Ordusuna vicdanlı və sədaqətli xidmətinin nəticəsiydi. Xatırladaq ki, 1819-cu il dekabr ayının 20-də dəftərxanada şərq dilləri üzrə tərcüməçi kimi xidmətə başlayan Abbasqulu Ağa artıq 1820-ci ildə general-mayor knyaz Mədətovun komandanlığı ilə Qazıqumuq xanlığının işğal olunmasında iştirak eləyir və elə həmin il də ona «proporşik» rütbəsi verilir. Rusiyanın Qacarlar və Osmanlı ilə müharibələrində iştirak eləyən Abbasuqulu Ağaya 1826-cı ildə «poruçik», Abbasabadın mühasirəsi zamanı fərqləndiyinə görə, «ştaps-kaptian», şəxsi işində yazıldığı kimi, «İranla sülh traktatının müzakirəsinə görə» 1828-ci ildə «kapitan», 1829-cu ildə «Axalsıxın tutulmasındakı uğurlu səylərinə görə» «mayor», 1831-ci ildə general-adyütant Pankratyevin komandanlığı ilə Dağıstan ekspedisiyasında fərqli iştirakına görə «podpolkovnik», 1842-ci ildə isə «polkovnik» rütbəsi alır. Bütün bunlara onun, məsələn, Sərdarabadın – İrəvan qalasının işğalından sonra Çar tərəfindən ali mükafata layiq görülməsi kimi təltiflərini də nəzərə alsaq, məlum olar ki, əslində, Abbasqulu Ağa Azərbaycan üçün ən qanlı və amansız illərdə, kobud desək, rusların tərəfində olub. Ancaq məsələyə belə bəsit yanaşma həm dövrün siyasi və hərbi şərtlərini, həm də Abbasqulu Ağanın bir mütəfəkkir kimi baxışlarını kölgədə qoymuş olar. Çünki onun şah əsəri sayılan «Gülüstani-İrəm»i oxuyanda, xüsusilə Azərbaycanda xanlıqlar dövrünün salnaməsini əhatə eləyən V fəsli diqqətlə incələyəndə mühüm bir mətləb hasil olur: Bakıxanov bir-biriylə didişən, daxildən və xaricdən dayanmadan hücumlara məruz qalan, talan edilən xanlıqların birləşdirilməsinin yalnız Çar Rusiyasının işğalı ilə mümkün ola biləcəyinə inanırdı. Axı, bunun öhdəsindən nə cırtdan xanlıqlar, nə fasilələrlə güclənib təzədən zəifləyən ayra-ayrı xanlar, nə də Osmanlı gələ bilirdi. Bakıxanovun bu məsələdə gələcəyin vahid və müstəqil Azərbaycanı haqda düşüncələrə daldığını demək bir qədər populist fikir kimi görünsə belə, fakt-faktlığında qalır ki, bu işğallarla həmin dövrdə Şimali Azərbaycanın coğrafi ərazidən vahid siyasi məkana çevrilməsinin əsası qoyulurdu. Tarixdən, astronomiyadan tutmuş, psixologiyanın və fəlsəfənin müxtəlif məsələlərinə dair geniş bilgilərə sahib bir mütəfəkkirin bunu anlaması doğrudanmı çətin idi?

Paskeviçə şikayət məktubu

Bütün bunlarla yanaşı, onu da nəzərə alaq ki, polkovnik Bakıxanov 26 il boyunca Çar Ordusunda xidmətdə ola-ola doğma xalqının maariflənməsi naminə əlindən gələni eləyir. O, bu illər ərzində məşhur şairlərdən tərcümələr eləyir, astronomiyaya, tarixə, coğrafiyaya, əxlaqa dair kitablar, «Qüdsi» ləqəbiylə şeirlər yazır, Bakıda ilk məktəbin açılmasının ideya müəllifi olur, Qubada şairlər məclisi təşkil edir. Bundan əlavə, axı, Bakıxanovun Çar Ordusunda xidmət elədiyi dövrlərdə dəfələrlə Azərbaycandakı durumla bağlı yuxarı dairələrə raportlar göndərməsi sənədlərlə təsdiq olunur. Onlarla bu cür sənədlərdən biri də onun 1833-cü ilin noyabr-dekabr aylarında Polşada səfərdə olarkən general Paskeviçə verdiyi məktubdur. Abbasqulu Ağa bu məktubda general Yermolovun və baron Rozenin Zaqafqaziyanın müsəlman əhalisinə qarşı mənfi münasibətlərini ittiham eləyərək yazır: «…Yermolovun sisteminə uyğun şəkildlə hərəkət və idarə eləyən baron Rozenin əmriylə Sizin tərəfinizdən vəzifəsindən alınmış, məhkəməyə göndərilmiş Mirzə-Can Mədətov ciddi-cəhdlə müsəlman əhali arasında qarışıqlıq salmağa, təxribatlar törətməyə çalışır. Mirzə-Can kimi digər ermənilər də əllərindən gələni edirlər ki, müsəlman əhalini hakimiyyətdən narazı salsınlar və sonunda desinlər ki, müsəlmanlara etibar eləmək olmaz. Ona görə də, Sizin etibar elədiyiniz bütün adamlar vəzifələrindən alınıblar, onların yerini isə vaxtilə qovduğunuz Mirzə-Can, Sevarsimidze, fon Krabbe kimi adamlar tutublar». Bu məktubdan da göründüyü kimi Bakıxanov hərbi xidmətdə olmasına baxmayaraq, məlum olan həqiqətləri yüksək rəhbərliyə çatdırmaqdan çəkinmir.

Puşkini heyran edən Abbasqulu Ağa

Bakıxanovun fəaliyyətinə yalnız Çar Ordusunun polkovniki, yaxud tərcüməçi kimi qiymət vermək mümkün deyil. O, Azərbaycan tarixində özünəməxsus yeri olan bir alimdir. Xatırladaq ki, bu adam artıq adını çəkdiyimiz «Gülüstani-İrəm»lə Azərbaycan tarixşünaslığının əsasını qoydu. Onun Azərbaycanla bağlı yazdığı bu tarixi əsər o dövrdə hətta böyük alimləri, mütəxəssisləri, hətta Çarın özü tərəfindən belə heyranlıqla qarşılanmışdı. Rusiya İmperiyasının Hərbiyyə naziri Çernışevin I Nikolaya göndərdiyi raportda yazılmışdı: «…Abbasqulu Ağa Bakıxanov qədim dövrlərdən 12 oktyabr 1813-cü ildə imzalanan Gülüstan sülhünə qədər Qafqazın şərq hissəsinin tarixini yazmışdır». Bu raportla birgə əlyazma da Çara göndərildikdən az sonra I Nikolay müəllifin brilliant qaşlı üzük və 800 rubl gümüş pulla mükafatlandırılması barədə göstəriş verir.

Yaxud Rusiya Elmlər Akademiyasının tarix-filologiya bölməsinin 1845-ci il 16 may tarixli iclas protokolundan oxuyuruq: «Akademiklər M.F.Bross və B.Dorn Bakıdan olan polkovnik Abbasqulu Ağa Bakıxanov tərəfindən Qafqazın şərq hissəsinin tarixinə dair yazılmış əsərlə bağlı çox maraqlı məlumatlar verdilər. Bu əsər Şirvanın və Dağıstanın ən qədim tarixindən başlayaraq bizim günlərə qədər qələmə alınmış tarixi bir icmaldır. Müəllifin kitabı Qafqazın tarixini və coğrafiyasını öyrənmək baxımından çox əhəmiyyətli ola bilər». Qeyd edək ki, Bakıxanovun əksər əsərlərinə məhz bu cür yüksək qiymət verilib.

Bu dövrdə yaşamış böyük azərbaycanlılardan danışarkən onların məşhuri-cahan olan digər fikir adamlarıyla əlaqələrindən yan ötmək mümkün deyil. Bakıxanov bu sıradan xüsusən diqqətə layiqdir. O, Bestujev-Marlinski, Çavçavadze, Küxelbekerlə dostluq eləyirdi. Birbaşa vəzifəsindən dolayı isə Qriboyedevlə lap yaxın idi. Rus dramaturqu və səfirinin gündəliyində bir neçə yerdə Bakıxanovun adı çəkilib. Əlbəttə, onun ən böyük dostu və həmdərdi digər nəhəng həmyerlimiz Mirzə Fətəli Axundov idi. Görkəmli yazıçı Çingiz Hüseynov Axundovun həyatından bəhs eləyən məşhur «Fətəli fəthi» əsərində Azərbaycanın bu iki böyük şəxsiyyətini bir-birindən ayırmayıb. Tarixi faktlar əsasında qələmə alınmış romanda Abbasqulu Ağanın himayəsi və təqdimatı ilə Mirzə Fətəlinin Tiflis Hərbi İdarəsində işə düzəlməsindən tutmuş, onun Puşkinlə görüşünə qədər onlarla mühüm hadisələr təsvir olunub. Həqiqətən Bakıxanovun bir dəfə məşhur şairin bacısının məktubunu Varşavadan Peterburqa - Puşkinlər ailəsinə apardığı və bir gün ailənin qonağı olduğu tarixi faktdır. Puşkinin atası Sergey Lvoviç qızına cavab məktubunda yazır: «Gözəlim Olya, məktubunu alanda necə məmnun olduğumu təsəvvür eləməzsən. Abbasqulu Ağa bizdə nahar elədi. O qədər təvazökar, sevimli insandır ki, elə bildim, onu illərdir tanıyıram». Şairin anası Nadejda Ospiovna isə qızına onları belə bir insanla tanış elədiyinə görə təşəkkür edir: «Necə də maraqlı insandır, necə də özünü gözəl ifadə eləyə bilir. O mənim çox xoşuma gəldi. Onu bizimlə tanış elədiyin üçün sənə təşəkkür edirik». Dahi Puşkinin özü isə Bakıxanovla söhbətdən doymur: «Şərqin bu nadir övladı ilə çox maraqlı söhbətimiz oldu…».

«Mənim gələcəyim keçmişə qayıtmağımdır…»

«Daxili İşlər Naziri Nesselroda. İran müharibələrində Abbasqulu Ağa Bakıxanovun xidmətindən son dərəcə razı qalmışam. İran sarayı ilə bütün yazışmalar məhz onun əlindən gedib-gəlib. Abbasqulu Ağanı xidmətdə saxlamaqla biz Zaqafqaziya müsəlmanlarına sübut eləyə bilərik ki, hökumət bu cür insanları heç vaxt diqqətdən kənarda qoymur. Ona görə də, Bakıxanovun Xarici İşlər Nazirliyinin sərəncamında saxlanmasında təkid edirəm». Bu məktub Paskeviç tərəfindən yazılmışdı…

Ancaq polkovnik daha yorulmuşdu. Onun xidmətlərini qiymətləndirsələr də, bununla yanaşı sona qədər etibar eləmirdilər. Zarafat deyildi, Paskeviçin yazdığı kimi, polkovnik Bakıxanov Rusiya diplomatiyasının hər cik-bikindən xəbərdar idi, birbaşa hadisələrin mərkəzində olmuşdu. Ona görə də, onun itirilməsi heç kəsə sərf eləmirdi. Bununla yanaşı, həm də ona inana da bilmirdilər. Məsələn, Abbasqulu Ağanın bir qədər əvvəl barəsində bəhs elədiyi baron Rozen Peterburqun gizli sorğusuna cavabında yazırdı: «Doğrudu, Bakıxanovların soyadı Rusiya Hökuməti əleyhinə hansısa xəyanətdə, yaxud mənfi hərəkətlərdə hallanmayıb. Ancaq bu, onun bizə səmimi sədaqətinin təsdiqi kimi kafi deyil».

1837-ci ildə baş vermiş Quba qiyamı da Abbasqulu Ağaya qarşı istifadə olunur. Bu qiyamda onun qardaşı Cəfərqulu Ağa Bakıxanovun da adı hallanırdı. Abbasqulu Ağa hökümət nümayəndələrinin yerli əhaliyə qarşı apardığı zorakılıq siyasətini qətiyyətlə pisləyir, bu haqda Peterburqa onlarla raportlar göndərir. Bütün bunlar Bakıxanovun enində-sonunda xalqının, vətəninin mənafeyini heç bir rütbəyə, mənsəbə dəyişmədiyinin və dəyişməyəcəyinin bariz nümunəsiydi. Bu sadə həqiqəti 26 il boyunca xidmət elədiyi Çar Rusiyasında onu tanıyanların hamısının bildiyini isə Abbasqulu Ağa gözəl anlayırdı. Elə buna görə də, gənc Mirzə Fətəliyə «sənin gələcəyin – mənim indimdir, Fətəli» deyirdi. Mirzə Fətəlinin «bəs sənin gələcəyin nədir, Abbasqulu Ağa?» sualına isə kədərli-kədərli belə cavab vermişdi: «Mənim gələcəyim isə keçmişə qayıtmağımdır…». Bəli, artıq özü də hiss eləyirdi ki, illərlə çalışdığı idarədə ona qarşı intriqalar baş qaldırıb, onu hətta Qubada belə rahat yaşamağa qoymurlar, ciddi-cəhdlə Azərbaycandan uzaqlaşdırmağa çalışırlar. Beləcə, Səməd Vurğun demişkən, «bu yerlərdə payım yoxmuş, əlacım bir səyahətdir» deyib, cəlayi-vətən olmaq qalırdı… 

Yenə Allahı seçdi

Abbasqulu Ağa həyatının sonuna yaxın Qafqaz Baş Hərbi İdarəsinin ağzıgöyçəklərinin «rütbələri bəs eləmir, indi də Hacı olmaq istəyir» kimi atmacalarını, kinayələ sözlərini eşidə-eşidə Məkkə səfərinə çıxır. Deyirlər, İrandan keçəndə ona Şahın «Şiri-Xurşid» ordeni təqdim olunur. Bu haqda xəbər baron Rozenin dəftərxanasına çatanda bədxahlar deyirmişlər ki, deməli, bizim ona etibar eləməməyə doğrudan da haqqımız varmış.

İrandan bu təltif haqda göndərilən məktub Tiflisə çatanda Abbasqulu Ağa artıq həyatda yox idi. Ona görə də, gələn məktuba belə bir ironiyalı dərkənar qoyulur: «O ölüb, deməli ordeni daşımalı olmayacaq. İşə tikilsin!»

Abbasqulu Ağa 1847-ci il may ayının 31-də Məkkə yolunda taun xəstəliyindən vəfat edir. Çingiz Hüseynovun yazdığına inansaq, Bakıxanov qarşıda onları taun epidemiyasının gözlədiyini bilirmiş. Ancaq o, yolunu davam etdirməyə qərar verir. Bütün həyatı boyu olduğu kimi, Abbasqulu Ağa yenə Allahı seçmişdi.

İlham TUMAS