NASA-da yeni sistem: 30 dəqiqə əvvəl xəbərdar edəcək



 21:34 31.05.2023     668

NASA yaxınlaşan günəş fırtınasının Yer kürəsinin hansı hissələrini vuracağını proqnozlaşdırmaq üçün süni intellekt modeli hazırlayıb.

Demedia.az-ın məlumatına görə, alimlər bildirirlər ki, bu yeni sistem planetimizi günəş fırtınasından 30 dəqiqə əvvəl xəbərdar edə biləcək.

Amerika Kosmik Agentliyinin Goddard Kosmik Mərkəzindən tədqiqatçılar bildiriblər ki, süni intellekt modeli NASA-nın peyk məlumatlarını təhlil edərək təhlükəli kosmik iqlimlə bağlı həyəcan təbili çalıb.

Bu yaxınlarda “Space Weather” jurnalında dərc edilmiş yeni araşdırmaya görə, bu xəbərdarlıq günəş fırtınalarının elektrik şəbəkələrinə və digər kritik infrastrukturlara ciddi təsirlərinin qarşısını almaq üçün kifayət qədər vaxt verə bilər.

Günəş fırtınaları, Günəş tac kütləsinin atılması adlanan elektrik yüklü plazmanın partlaması zamanı baş verir. Bu yüklü hissəciklər planetimizin ətrafındakı qoruyucu maqnit sahəsinə təsir etdiyi üçün Yerdəki cihazlarda elektrik enerjisinin kəsilməsinə və texnoloji nasazlıqlara səbəb ola biləcək geomaqnit qasırğaları yaradır.

Bu fırtınaların şiddəti fərqli olsa da, texnoloji cəhətdən asılı olan dünyada onların təsirləri getdikcə dağıdıcı ola bilər. Məsələn, 1989-cu ildə baş verən günəş fırtınası Kanadanın Kvebek əyalətində 12 saat elektrik enerjisinin kəsilməsinə səbəb olmuş, milyonlarla insan qaranlıqda qalmış, məktəblər və müəssisələr bağlanmışdı. 1859-cu ildə baş verən Carrington hadisəsi kimi tanınan başqa bir günəş fırtınası ilk teleqraf stansiyalarında yanğınlara səbəb oldu.

Alimlər xəbərdarlıq edirlər ki, Günəş növbəti günəş maksimumuna, 11 illik fəaliyyət dövrünün kulminasiya nöqtəsinə yaxınlaşdıqca belə dağıdıcı günəş fırtınasının riski artır.

Potensial dağıntıların qarşısını almaq üçün çalışan NASA alimləri əvvəlki Günəş missiyalarının günəş küləyi ölçmələri və Yer stansiyalarında müşahidə olunan geomaqnit pozğunluqları arasında əlaqəni müəyyən etmək üçün yeni süni intellekt modeli hazırlayıblar.

Aysun / Demedia.az