Hər gün yerisəniz, orqanizmdə baş verən 10 dəyişiklik



 11:01 02.06.2023     1034

Hippokrat deyib: “Yerimək insanın ən böyük dərmanıdır.” Bəli, yeriməyə pul vermirsiniz, asandır, çox güc  sərf edilməz, təkcə fiziki deyil, zehni sağlamlığınıza da faydalıdır. 

İdman ayaqqabılarınızı geyinib, gəzintiyə çıxmazdan qabaq kanala abunə olmağı unutmayın. 

10. Beyin güclənir. Kanzas Universitetində aparılan bir araşdırma sübut edib ki, gəzinti demansiya xəstəliyinin daha erkən başlamasına mane olur. Həmçinin, aşkarlanıb ki, gəzinti alzeymer riskini də aşağı salır.  Dünyada 35 milyondan çox insan alzeymer xəstəliyindən əziyyət çəkir. Və bu göstərici günbəgün artır.  Elm adamları təxmin edir ki, qarşıdakı 20 ildə rəqəm iki dəfə böyüyəcək.  Yaxşı xəbər odur ki, həyatları boyunca fiziki aktiv olan insanlarda alzeymer riski, oturaq həyat tərzi keçirənlərə nisbətən, azdır.  Səbəbi isə beynin söz yaddaşı və öyrənməyə məsul olan bölgəsi-hipokampusun daha çox tutuma sahib olmasıdır.  Gəzinti stressi azaldır, endorfin hormonunun ifrazını tənzimləyir, beləcə, zehni sağlamlığa müsbət təsir edir. Təkcə, beyin sağlamlığı üçün vacib olan kimyəvi maddələrin istehsalını deyil, eyni zamanda,  nevroloji qan damarlarının  və hüceyrələrinin inkişafını, qorunmasını da dəstəkləyir. 

9. Görmə qabiliyyətini yüksəldir. 

Təəccüblüdür, hə? Ayaqların hərəkəti gözlərə təsir edir.  Gəzinti göz təzyiqini azaldır, qlaukoma ilə mübarizə aparmağa kömək edir. Göz daxilində həddən artıq yığlan maye qlaukomanın səbəbidir.  Mayenin çoxluğu daxili təzyiqi artırır. Təbii ki, təzyiq də göz sinirlərinə təsir edir, görmə qabiliyyətini pozur.  Qlaukoma Araşdırma Vəqfi (Glaucoma Research Foundation)  qlaukomanın əmələgəlmə riskinin aşağı salınmasının, simptomlarının azaldılmasının ən yaxşı üsulu kimi, yeriməyi tövsiyə edir. Əgər düşünürsünüzsə, qlaukoma haqqında narahat olmaq üçün çox gəncsiniz, yenə də, gəzintiyə çıxın. Yerimək bütün sağlamlığa faydalıdır. Həm yüngül, həm də ağır məşqlər, beynin gözümüzə göndərdiyi görüntüləri işləyən qismi-korteksi gücləndirir.  Daha yaxşı görmək üçün qapıdan çıxın, yeriyin və gözlərinizi gələcəkdəki problemlərdən də qoruyun. 

8. Ürək xəstəliklərin qarşısının alınması. 

Qaçmağın ürəyi gücləndirdiyinin fərqinə varmısınız, yəqin ki. Amerikan Ürək Dərnəyinə (American Heart Association) görə,  gəzinti ürək xəstəliklərini və iflici önləməkdə qaçmaq qədər əhəmiyyətlidir.  Gündəlik 30 dəqiqəlik gəzinti yüksək təzyiqi və xolesterol səviyyəsini aşağı salır. Qan dövranını yaxşılaşdırır. Beləcə, ürəklə bağlı ciddi problemlər azalır. 

7. Ağciyərin fəaliyyətində yaxşılaşma. 

Yerimək aerobik idmandır. Bu zaman  qan dövranında oksigen çoxalır, toksinlərin və digər zərərli maddələrin orqanizmdən xaric edilməsi sürətlənir. Bu da ağciyərlər üçün vacibdir. Qısası, yerimək ağciyərlərə müsbət təsir edir. Dərindən və keyfiyyətli nəfəs almaq sayəsində ağciyər xəstəlikləri ilə əlaqədar bəzi simptomlar nəzərə çarpacaq qədər yaxşılaşa bilir. Ağciyər xəstəliyinin səbəb olduğu stress və qəbul edilən dərmanlar bu xəstəlikdən əziyyət çəkənlərin immunitetini zəiflədir. Hamımız bilirik ki, təbiətdə keçirilən zaman immuniteti möhkəmləndirir.  Bəs, bunu bilə-bilə niyə gəzintiyə çıxmırsınız? 

6. Pankreasın qazancı. 

Diabetin qarşısının alınmasında gəzinti qaçmaqdan daha təsirlidir.  6 aylıq bir araşdırmada tez-tez gəzintiyə çıxan insanlar müşahidə edildi. Digər qrupdakı insanlar isə  hər gün qaçırdı.  Məlum oldu ki, yeriyənlərin qanındakı şəkərin istifadəsi qaçanlara nisbətən, 6% daha çoxdur. Qandakı şəkərin səmərəli istifadəsi  pankreasın daha az insulin ifraz etməsini təmin edir. Bu da pankreasa dincəlmək imkanı verir. 

5. Həzm prosesinin nizamlanması. 

Hər gün 30 dəq yerimək bağırsaq xərçəngi riskini azaldır. Bununla bərabər, həzmi nizamlayır, bağırsağın hərəkətliliyini təmin edir. Xroniki qəbizlikdən əziyyət çəkənlər üçün bu, olduqca yaxşı xəbərdir.  Araşdırmalar zamanı məlum olub ki, gəzinti bağırsaq xərçəngindən sağalma şansını artırır. Sözügedən araşdırmada 150 mindən çox kişi və qadın müşahidə edilib. 

4. Əzələlərin elastiklik qazanması. 

Yeriməklə əzələlər elastiklik qazanır, bu da arıqlamağa kömək edir. Gün ərzində atdığınız 10 min addım idman zalındakı ağır məşqlər qədər təsirlidir. Xüsusilə, yoxuş dırmanmaq daha müsbət effektə malikdir.  Bu arada, yeriyərkən bədəninizin formasına da diqqət etməlisiniz. Onurğanızı dik tutun, dirsəklərinizi 900 bucaq altında bükün, qollarınızı yelləyin, ombanızı balanslı saxlayın.  Özünüzə uyğun sürəti tənzimləyin, amma qaçmayın. Stabil sürətlə yerimək çox yormaz, beləcə, dayanıb, nəfəs dərməyə də ehtiyac qalmaz. Üstəlik, xamlamazsınız. 

3. Sümük və oynaqların sağlamlığı.

Yerimək oynaqların aktivləşməsini tələb edir. Bu da sümük sıxlığının itirilməsinə mane olur, sümükləri  qırılmaqdan qoruyur. Artrit Vəqfi (Arthrits Foundation) tövsiyə edir ki, oynaqların sağlamlığı naminə və oynaqlarda iltihablanmanı azaltmaq üçün hər gün 30 dəqiqə yeriyin. Güclü sümüklər osteoporozun qarşısının alınmasına da kömək edir. 

2. Bel ağrılarında azalma. 

Gəzintinin müsbət təsir etdiyi xəstəliklərdən biri də, bel ağrılarıdır. Mütəmadi olaraq, qalxan bel ağrıları insanları çox narahat edir. Gündəlik, nizamlı şəkildə yerimək məhz bu ağrıları aradan qaldırmaq qabiliyyətinə malikdir. Yeriyərkən onurğada qan dövranı yaxşılaşır. Bu da onurğanın lazımi qədər qidalanması deməkdir. Qidalanan onurğa sağlam olur.  Yeriyərkən onurğanızı dik saxlamaq bədən quruluşunuzun da yaxşılaşmasına xidmət edir.  Qeyd edim ki, dik duruş boyunuzun bir neçə santimetr uzanmasına da təsir edir. 

Zehnin dincəlməsi. 

Psixiatrik Araşdırmalar jurnalında ( Psychiatry Research Journal)   depressiv sayılan 50 insan üzərində aparılan araşdırmanın nəticələri dərc olunub. Həftədə 5 gün, gündə 35-40 dəqiqə yerimək bu insanların əhval-ruhiyyəsində yaxşılaşmaya səbəb olub. Ayova Dövlət Universitetində ( The University  of Iowa) yüzlərlə tələbə üzərində bir araşdırma aparılıb. Bilirsiniz ki, tələbəlik stressli dövrüdür.  Araşdırmanı aparan heyət yeriməyin tələbələrin ruhi sağlamlığına müsbət təsir etdiyini müşahidə edib. 

Yeriməyin faydalarını görmək üçün yaxşı yol yoldaşı da vacibdir.  FİT formulu haqqında da məlumat vermək istəyirəm. 
FİT sözü fiziki aktivliyi, sağlamlığı və gözəl görünüşü özündə ehtiva edir.  Bu formula nail olmaq üçün bəzi sıralamanı nəzərdə saxlayın: 

İdman hərəkətləri. Hər hansı səbəblə, gündəlik gəzintiyə çıxa bilməsəniz də, həftədə, ən azı, 3-5 dəfə çıxın. Lap, 5 dəqiqəlik olsa da, yeriyin. Sadəcə, nizamlı şəkildə edin və günbəgün zamanı uzadın. 
Sürət. Saatda 3-5 km yaxşı sürətdir. Əgər bu sürət sizi yorursa, öz bədəninizə uyğun sürəti müəyyənləşdirin. Çalışın ki, yeriyərkən danışa biləsiniz. Təngnəfəs olursunuzsa, ürəyiniz bərk-bərk döyünürsünüzsə, deməli, həddən artıq sürətlisiniz. Bu, ziyandır. 

Müddət.  30 dəq uyğun müddətdir. 6000 addım ən az addım sayı olmalıdır.  Əgər daha az addım sayında yorulursunuzsa, narahat olmayın. Yavaş-yavaş müddəti də, addım sayını da artırarsınız. 

Bahadur Seyidov / Demedia.az