Toy gecəsi bəylə gəlin öldü: Səhər kənd meydanında yandırdılar



 18:31 05.06.2023     456

Hindistanın Uttar-Pradeş ştatında toy gecəsi bəylə gəlin ölüb.

Demedia.az xəbər verir ki, hadisədən sonra baş verənlər hər kəsi şoka salıb.

Tez-tez baş verən maraqlı və qəribə hadisələrlə gündəmdə olan Hindistan bu dəfə bəylə gəlinin başına gələnlərlə dünya mətbuatında yer alıb.

24 yaşlı Pratap Yadav və 22 yaşlı Puşpa Yadav mayın 30-da möhtəşəm mərasimlə evləniblər. Toydan sonra otaqlarına gedən cütlük səhər saatlarında otaqlarından çıxmayıb. Saatlar sonra otağa maraqla daxil olan ailə üzvləri yeni cütlüyün dünyasını dəyişdiyini görüblər.

Xəbərdən sonra hadisə yerinə gələn polisin verdiyi açıqlamada cütlüyün infarkt keçirərək dünyasını dəyişdiyi bildirilib. "Mütəxəssislər cütlüyün otağına baxış keçiriblər və müəyyən ediblər ki, otaqda ventilyasiya yoxdur və tavan ventilyatoru və hava sirkulyasiyası olmadığı üçün ürək dayanması ehtimalı istisna oluna bilməz", - polis müstəntiqi deyib.

Başqa bir məmurun verdiyi açıqlamada cütlüyün otağına zorla girmə əlamətinin olmadığı qeyd edilib.

Digər tərəfdən, gənc cütlüyün cəsədləri rayon əhalisinin inancına uyğun olaraq həmin gün kənddə qurulan yanğında yandırılıb. 

Aysun / Demedia.az