VISOTSKİ TƏNHALIĞI - yaşamağa çatdırmasa da, oxumağa çatdırdı



 17:04 06.06.2023     693

1979-cu il sentyabr ayının 14-də Vısotskinin Pyatiqorsk televiziya studiyasında çıxışı zamanı aparıcı ondan soruşur: “Özünüz özünüzə hansı sualı verərdiniz”. Vısotski deyir: “Mən özümdən soruşardım ki, görəsən, yaradıcılıq üçün neçə ilim, ayım, həftəm, neçə günüm, yaxud saatım qalıb? Bax, mən özümə bu sualı vermək, daha doğrusu, bu suala cavab tapmaq istərdim”. Təəssüf ki, cavab o qədər də təsəlliverici deyildi: Vısotskinin ölümünə 10 aydan az vaxt qalmışdı. Onun sonuncu konserti 16 iyul 1980-ci ildə Kalininqradda baş tutacaqdı.

1980-ci il iyul ayının 25-dә tәkcә Moskva deyil, bütün Sovet İttifaqı olimpiada һәyәcanını yaşayırdı. Bu möhtəşəm tədbirlə әlaqədar Moskva qapalı şәһәr elan edilmişdi, təntənənin effektinә azacıq xәtәr yetirәn һәr şeyә qarşı çox radikal vә döyüşkәn mövqe sәrgilәnirdi. Bu vaxt Vladimir Vısotski ölür. Rәsmi elan verilmәsә dә, Taqansk meydanına yüz minlәrlә insan yığışır. Teatrın kassasının qarşısına qısa elan vurulmuşdu: “Aktyor Vısotski vәfat edib”. Ancaq һeç kәs “Hamlet”ә aldığı bileti geri qaytarmır. Hamı Vladimir Vısotskinin son Hamletindən yadigar saxlamaq istəyirdi. Olimpiada stadionlarını doldurmaq mümkün deyildi, insanlar onun dәfnindәydi. Arvadı Marina Vladi deyirdi: “Mәn kralların, şaһzadәlәrin dәfnini görmüşәm, ancaq belә şeyi birinci dәfәdir görürәm”.

Tabutu teatrdan çıxarıb Vaqankovski mәzarlığına gizlicә aparmaq istәyirlәr, alınmır. Şәһәr rәһbәrliyi asfaltın üstünә düzülmüş güllәri susәpәn maşınlarla yumaq әmri verir, camaat gündәn qorunmaq üçün götürdüyü çәtirlәri suyun qarşısına tutur. Bütün meydan “faşistlәr, faşistlәr” bağırmağa başlayır.

Tabut torpağa endirilәndә isә әtrafdakı lal sükutdan yalnız bir sәs gәlirdi: “Yaşamağı çatdırmadım, һeç olmasa, oxumağı çatdırım...”. Bu, Vısotskinin sәsiydi. Yaşamağa çatdırmasa da, oxumağa çatdırmışdı.

Onun uşaqlığı o qədər də xoş keçməmişdi. 1938-ci il yanvar ayının 25-də hərbçi ailəsində anadan olan Vladimir anası ilə Böyük Vətən müharibəsinin bütün əzablarını dadmışdı. Onları gah Orenburqa deportasiya eləyirlər, gah da təzədən Moskvaya qaytarırlar. Artıq yeniyetməlik vaxtlarından Volodya hamının başa düşdüyü anlamda nümunəvi vətəndaş olmayacağını əməlləri ilə göstərməyə başlayır. Dərsə getmir, axmaq-axmaq işlərlə məşğul olur, 1955-ci ildə orta məktəbi bitirdikdən sonra Moskva Mühəndis İnşaat İnstitutuna daxil olsa da, az sonra təhsilini davam etdirməyərək oranı tərk edib. Artıq gələcək həyat yolunu müəyyənləşdirmişdi. 1956-cı ildə Nemiroviç-Dançenko adına Moskva Bədaye Teatr Studiyasının aktyorluq fakültəsinə daxil olur. 

Vladimir Vısotskinin həyatı və yaradıcılığı çoxlarından fərqləndiyindən onun haqqında danışanda, yaxud yazanda da sadə tərcümeyi-hal materialları ilə kifayətlənmək böyük günahdı. Əlbəttə, onun bir neçə dəfə ailə qurmağı, saysız-hesabsız eşq macəraları, içkiyə, tütünə, sonralarsa narkotikə bağlılığı haqqında çox danışmaq olar. Ancaq bu adamı sovet insanlarına sevdirən, ölümündən illər keçməsinə baxmayaraq indinin özündə də əsl sənətə qiymət verənlərin sevimlisi olaraq qalmağa rəvac verən bunlar deyildi. Vısotski hər şeydən əvvəl milyonların ya qorxudan, ya da istedadsızlıqdan deyə bilmədiyi həqiqətləri deyirdi. Vısotskinin sirri əsl sənət adamının gizlinləridir. Bütün bəşəriyyəti riqqətə gətirən məşhur “Cokonda”nın cazibəsinin sirri nədədirsə, bu gün ən son texniki nailiyyətlərlə belə onu açmaq mümkün deyil. Bəziləri bu əsərdə istehza, digərləri hansısa qara qüvvə, bir başqaları ilahi mətləblər olduğunu deyirlər. Ancaq “Mona Liza”nın sirri və uğuru haradasa təhtəlşüurun alt qatlarındadır, onu anlamaq üçün bəsirət gözü lazımdır. Vısotskinin yaradıcılığı da bu qism sirlərə aiddir. Onun elə mahnıları var ki, Sovet dövlətinin neçə-neçə dövlət strukturlarında çalışanların uydurduqları təbliğat şüarlarından qat-qat effektli idi. Böyük Vətən müharibəsinə, Stalin repressiyalarına aid mahnıları İkinci Dünya müharibəsinin od-alovundan çıxmış veteranların gözlərini yaşardır, onları riqqətə gətirir, 37-ci ilin canlı şahidlərinə isə o illərin əzab-əziyyətlərini xatırladırdı. Özü də bu mahnılar o qədər canlı idi, o qədər reallıqlarla səsləşirdi ki, hamı Vladimirdən soruşurdu: “Siz döyüşməməsiniz, repressiyaya məruz qalmamasınız?”. 

Bəli, o, yaşadığı dövrün və cəmiyyətin eybəcərliklərinə qarşı özünün xırıltılı, amma gur-gur guruldayan səsi və nəfəsi ilə etiraz edirdi. Bu gün onun şeirlərinə diqqət eləyəndə Vısotskinin nəyə görə qadağan olunduğunun səbəbini anlamaq elə də çətin deyil. Hər sətrin arxasında mütləq hansısa qadağan olunmuş fikir, nəyəsə, kiməsə etiraz var. Ancaq bir həqiqət var ki, Vladimir Vısotski vətəndaşı olduğu Sovetlər Birliyini, ələlxüsus Rusiyanı canından artıq sevirdi. 

Vısotskinin yaradıcılığında ictimai və sosial amillər nə qədər bol olsa da, şəxsən mən onun şeirlərində daha çox fərd, azad şəxsiyyət və tənha insan görürəm. Vısotski heç vaxt hansısa bir qrupun, sosial təbəqənin, yaxud ölkənin problemlərindən danışmır. Əksinə, o həmişə bir qrupun, sosial təbəqənin, ölkənin yaxud ideologiyanın əsirinə çevrilmiş insanlar haqqında oxuyur. 

Onun məşhur mahnılarını xatırlayaq. Şair, ifaçı Vladimir gah dəniz səviyyəsindən min metrlərlə yüksəkdə qar uçqunu ilə üzləşən alpinist, gah düşmən təyyarəsi tərəfindən vurulan “YAK-40”, gah nizamnaməni pozduğuna görə cərimə batalyonuna göndərilib, ordan da güllələnməyə aparılan sıravi əsgər olur. Özü də müsahibələrində dəfələrlə demişdi ki, şeiri belə yazmaq ona daha rahatdır, çünki sadalananların hamısının talelərini yaşayır.

Bu baxımdan onun məşhur “Atılmış gəmi haqqında ballada”sını hamı tərəfindən tərk edilmiş tənha bir insanın faciəsinin şah əsəri kimi qəbul eləmək olar. Görün necə sadə və ağrılıdır: “Saya oturan gəmini bütün heyəti tərk eləyir. Bu zavallı isə şor sular və dəli küləklərin əlində tək-tənha xilasını gözləyir. Onun bədəni, hə, məhz bədəni illərin və döyüşlərin vurduğu yaralarla, məhz yaralarla doludur. Bax, bu zədəni düşmən donanması ilə sonuncu döyüşdə alıb. Digəri isə hansısa dəniz quldurunun qılınc zərbəsinin yeridir. Bütün bunlara baxmayaraq, vəfasız heyət onu taleyin ümidinə buraxıb donanma ilə birgə səfərini davam etdirir. Ancaq tale onun üzünə gülür və tənha gəmi saydan qurtulub öz yoldaşlarına çatmağı bacarır. O, hətta nankor heyəti belə göyərtəsinə buraxmağa hazırdır. Di gəl, sıralanmış donanmada artıq ona yer yoxdur. Necə deyərlər, bir dəfə saya oturubsa, artıq geriyə yol qalmayıb”.

Vısotski digər aktyorlar kimi normal şəkildə ali məktəbə daxil olsa da, digərlərinin malik olmadığı keyfiyyətlərinə görə hamıdan kəskin şəkildə fərqləndi. Bədaye Studiyasını bitirdikdən sonra uzun müddət işsiz qalır. Heç kim bu dikbaş və hər məsələyə fərdi münasibət sərgiləyən insanla işləmək istəmirdi. Onun üçün qayda-qanun, hamının boyun əydiyi rejim, bürokratik nizam-intizam deyilən anlayışlar mövcud deyildi. Vladimir yalnız işləyirdi, yazırdı, oxuyurdu. Bu baxımdan Vısotskinin elə sovet dövründə müxtəlif kinofilmlərə çəkilməsi, tamaşalarda rollar alması sırf onun özünün istedadı və bacarığı, bir də bu istedadı və bacarığı görə bilən insanların cəsarəti ilə bağlı idi. Onun Taqankadakı teatrda aktyor kimi fəaliyyətə başlaması, qısa müddətə bu teatrın əvəzolunmaz rejissoru Lyubimovun sevimlisinə çevrilməsi sonunda Sovet teatr tarixinə böyük töhfələr verdi. Bu gün Vısotskinin həmin teatrda oynadığı onlarla rol arasında Şekspirin Hamleti xüsusilə seçilir. Dünyanın bütün teatr səhnələrində qoyulmuş bu klassik əsər haqqında danışarkən hər kəs bütün məşhurlarla birgə Vladimir Vısotskinin də adını çəkir. Həqiqətən, Rusiyada iki aktyor olub ki, onlar Şekspirin bu ölməz əsərinə böyük töhfələr veriblər. Bunlardan biri kinodakı Hamleti yaradan İnnokenti Smoktunovski, digəri səhnədəki Hamletin yaradıcısı Vladimir Vısotskidir. Aktyorun özü bu haqda belə deyirdi: “Mən istəyirdim ki, Hamletə baxanda tamaşaçılar da mənim kimi həyəcanlansınlar və insan münasibətlərinin necə çətin, dramatik olduğunu başa düşsünlər. Əslində, mən Danimarka şahzadəsinin rolunu ifa eləmirəm. Mən Hamletin simasında müasir insanı, bəlkə də elə özümü göstərməyə çalışıram.”

Vısotskinin Hamleti digər Hamletlərdən xeyli fərqlənir. Ona qədər bütün məşhur aktyorlar Hamleti bir qədər özünə qapalı, atasının qatilinin kim olduğunu öyrənəndən sonra belə qisas almağa tələsməyən kimi göstərirdilərsə, Vladimirdə hər şey əksinə idi. Onun Hamleti çılğın, düşündüklərini çəkinmədən hamıya deyə biləcək qədər üsyankardır. Uzağa getməyib müxtəlif aktyorların ifasında oynanılan və səslənən “Olum ya ölüm” monoloquna baxmaq kifayət edər ki, bir daha bunun şahidi olasan.

Vısotskinin kinodakı işi əvvəlcə epizodik rollardan başlamışdı. “713-cü eniş tələb edir”, “Vertikal”dan sonra “İki yoldaş xidmət edirdi” filmində ağqvardiyaçı poruçik rolunu oynayır. Bunlardan əlavə, müxtəlif filmlərdə onun musiqiləri, şeirləri səslənirdi. Ancaq Vladimir Vısotskinin bir kino aktyoru kimi ən böyük uğuru məşhur “Görüş yerini dəyişmək olmaz” filmi oldu. Filmin çox qısa müddətə bütün SSRİ-də məşhurlaşmasında sözsüz ki, Vladimirin oynadığı kapitan Jeqlov rolunun xüsusi çəkisi vardı. Elə həmin dövrlərdə hara gedirdinsə, kapitan Jeqlovun məşhur ifadələri səslənirdi: “Oğru həbsxanada oturmalıdır, mən dedim, qurtardı”, yaxud “Qozbel! Dedim ki, qozbel!” 

O ölümüylə sənətinin hansı zirvədə dayandığını bir daha sübut elədi. Sən demə, onu hamı sevirmiş: sadə insanlar da, yüksək partiya rəhbərləri də, ziyalılar da, gənclər də. Sən demə, o, həm özü, həm də hamı üçün oxuyurmuş. Onun həyatı və yaradıcılığı insanlara sadə bir həqiqəti yenidən xatırlatdı: insan bu dünyaya tək gəlir, tək yaşayır, tək də dünyadan gedir. Qalan onun adı, əməlləri, sənətidi.

Vısotski haqqında danışmağa və yazmağa cəhd göstərmək böyük bir dəryaya baş vurmağa bənzəyir. Axı, onun özü hər şeyi o qədər açıq oxuyub və yazıb ki, bunları anlamaq üçün mənim kimi vasitəçilərə ehtiyac belə yoxdur. Ona görə də, ən yaxşısı sonda hər kəs Vısotskini dinləsin: o, hər şeyi bizdən daha yaxşı bilirdi!

İlham TUMAS