Marixuananın fiziki və psixi sağlamlığa təsirləri 



 11:01 08.06.2023     1128

Bir insanın marixuanadan istifadə edib-etmədiyini necə bilmək olar? 

Marixuana qanundankənar maddələrin istifadəsi siyahısında liderdir.  Onu tütün kimi qəbul etdikdə, dəqiqələr sonra təsir edir. 10 dəqiqə içərisində təsir gücünün maksimal həddinə çatır.  Təsirinin yox olması 2-4 saat arası çəkir. Marixuana istifadə etdikdə sıralama ilə ən birinci beyin, sonra ürək-damar sistemi, ardınca da ağciyərlər təsirə məruz qalır. Bəs, bir insanın marixuanadan istifadə edib-etmədiyini necə bilmək olar?   

Bir insanın yaşına uyğun olmayan hərəkətlər etməsi, qəribə davranması, müvazinətini saxlaya bilməməsi, eyforiyaya qapılması, nitq qabiliyyətinin pozulması, eşitmə və görmə qabiliyyətinin zəifləməsi, özünə qapanması onun marixuana qəbul etməyinin işarəsi ola bilər.  Bunlardan hər hansı biri gözlərin qızarması ilə müşayiət olunarsa, bu, marixuana istifadə etməyin ən bariz əlamətidir. 

Marixuananın qəbulundan sonra iştah artır, ağızda quruluq, ürək döyüntülərinin artması, deyiləni və baş verənləri anlamamaq kimi hallar müşahidə edilir. Artıq dozada olduqda isə insan qarabasmalar görür. Marixuananın qəbul edildiyi ilk vaxtlarda insan şən, sevincli, gümrah, enerjili olur. Amma bir müddət sonra bütün proses əksinə çevrilə bilir: insan ümidsizliyə qapılır, ruh düşkünlüyü yaşayır. Yəni, marixuana istifadəsi bir insanın davranışlarını kökdən dəyişə bilir. 

Marixuana asılılığı olan insanların nitq qabiliyyətini itirməsi müşahidə edilməkdədir. Onlar daim narahat olur, yaşamlarında paranoya, şizofreniya kimi xəstəliklərin əlamətləri meydana çıxır.  

Bundan əlavə, “marixuana insan orqanizminə zərərli deyil” deyə olduqca yanlış bir inanc var. Bu cümlə, əslində, narkotik alverçilərinin satış manevri kimi də dəyərləndirilə bilər. İddianın heç bir elmi isbatı yoxdur. Bəzi ölkələrdə marixuana satışının qanundankənar sayılmaması  marixuana asılılarının sayının artmasına səbəb olur.  Yaxın zamanlarda aparılan bir araşdırmada məlum olub ki, xüsusilə, 20 yaşdan aşağı gənclərdə asılılıq daha asan yaranır. Həmçinin, cəmi, 1-2 dəfə marixuana çəkməyin bu yaşdakı gənclərin beynində xəsarət yaratdığı da elmi araşdırmalar zamanı üzə çıxarılıb. Məlum olub ki, marixuana beyinin yaddaşa məsul bölgəsində heç vaxt bərpa olunmayan  zədələnmələr yaradır.  Mütəxəssislər eyni xoşagəlməz nəticələrin keyləşdirici dərman qəbulundan sonra da müşahidə edildiyini vurğulayırlar. Marixuananın səbəb olduğu psixoloji xəstəlikləri də nəzərə alsaq, qəti şəkildə deyə bilərik ki, marixuana insana zərər vurur. 

Kokain və heroin qədər ağır nəticələr gözə çarpmasa da, marixuananın yaratdığı asılılığı gözardı etmək olmaz. Marixuana qəbul edən insanın beynində dopomin hormonu azalır. Bu zaman insan dayanmadan yemək istəyir ki, nəticədə artıq çəki problemi ilə üz-üzə qalır. Üstəlik, insanın həyata olan marağı ölür. Bütün düşüncələr məqsədsiz, boş təsir bağışlayır. 

Marixuana yaddaş pozğunluğu yaradır. Elə anlar olur ki, sözün həqiqi mənasında, beyin bədəni idarə edə bilmir. Davranışdakı mənfiyə doğru dəyişikliklərdən həmin insanın özündən çox ətrafındakılar, ailə üzvləri əziyyət çəkirlər. Marixuana qəbul edən insanların beyni baş verən hadisəni, deyilən sözləri yaddaşa yazmaqda çətinlik çəkdiyindən, həmin insanlar heç vaxt bir hadisə haqqında doğru-düzgün fikir bildirə bilmirlər. Marixuananın  orqanizmə vurduğu fiziki zərərlər sırasında ishal, qusma, mədə yanması, baş gicəllənməsi də var. 

Marixuana istifadə edən insan danışmaqda, ünsiyyət qurmaqda da problem yaşayır. Belə ki, o, bir cümlə demək istəyir, amma bir neçə sözdən sonra  demək istədiyi sözü yaddaşında tapa bilmir və sözünün ardını gətirmir. Marixuana asılıları da alkoqoliklər kimi, zaman və məkan anlayışlarını itirirlər. 

Marixuana istifadəsi psixozla birbaşa əlaqəlidir. Belə ki, müxtəlif xəstəliklərin meydana çıxması riski çoxalmaqla bərabər, psixi problemləri olan insanların həyatı əsl cəhənnəmə çevrilir. Çünki xəstəlik sürətlə irəliləyir, insan psixoloji olaraq məhvə məhkum olur. Marxiuana qəbul edən insanların bir xüsusiliyi də, daim özlərini təhlükədə hiss etmələridir. Məsələn; dayanacaqda gözünə dəyən adama: “Mənə niyə baxdın?”-deyərək hücum çəkə bilirlər.  Yol gedəndə tez-tez geriyə dönürlər ki, izlənmədiklərindən əmin olsunlar. Evli olanlar həyat yoldaşlarının xəyanət etdiyi hissinə qapılır, beləcə, neçə-neçə ailə məhv olur. 

Marixuana qəbul edən insanların yaddaşı qısa müddət ərzində korşalır. Həmin insanlar tez hirslənir, aqressiv olur, diqqəti dağılır. Bir sözlə, gündəlik həyat tərzi alt-üst olur.  Marixuana  asılılarının 15%-nin qısa zaman ərzində şizofrenik olduğu artıq elmi cəhətdən sübuta yetirilib. 

Xüsusilə, reperlər arasında marixuana asılılarına daha çox rast gəlmək olur. İncəsənət aləmində belə bir iddia dolanır ki, guya marixuana yaradıcılıq  qabiliyyətini artırır. Amma elm adamları bu iddianın əsassız olduğundan əmindir. Belə ki, aparılan araşdırmalar  marixuana istifadə edən və etməyən iki incəsənət adamının beyinləri arasında heç də ciddi fərq görməyiblər. Əksinə, marixuana da digər asılılıq yaradan zərərli vərdişlər kimi, həyatın axarını pozur, yaradıcılığa ziyan vurur. Üstəlik, marixuana  asılılığı olan məşhurların intihar və ya yüksək dozdan ölüm xəbərlərini də az eşitmirik. 

Marixuana iş qabiliyyətinin azalmasına da səbəb olur. Belə ki, bəzən bir müəssisənin ən yaxşı işçisini qısa zamanda ən vecsiz və ən səmərəsiz işçiyə çevirə bilir. Marixuana qəbul edərək sükan arxasına əyləşənlər isə, nəinki, özünü, ətrafındakıların da həyatını riskə atmaqdır. 

Bahadur Seyidov / Demedia.az