İFRİTƏNİN ZÜLM İMPERİYASI - Qadınları asır, döyür, diri-diri basdırırdı



 11:32 08.06.2023     594

«Tyoplaya stana» rayonundakı Mosrentqen qəsəbəsinin Böyük Lubyanka və Kuznets Körpüsünün kəsişməsində yerləşən bu binada ötən əsrin 30-cu illərində Sovetlər Birliyinin canlara vəlvələ salan NKVD-sinin idarələrindən biri yerləşirmiş. NKVD binasında nələrin baş verdiyindən danışmaq artıqdır. Ancaq malikanənin tarixiylə tanış olduqdan, yəni bu xarabada 30-cu illərə qədər nələrin baş verdiyindən xəbər tutduqdan, buranın sahibi olmuş birisini tanıdıqdan sonra bolşevik başbilənlərinin qırmızı terrorun aparıcı qüvvəsi olan NKVD-nin məhz bu binada yerləşdirmələrinin təsadüflüyünə inana bilmirsən. Bəli, NKVD hamıda xof yaratmalıydı, hamı ondan qorxmalıydı. Necə ki, vaxtilə buranın qorxulu sahibəsi Darya Nikolayevna Saltıkovadan təhkimçi kəndlilər cəhənnəm zəbanəsindən qorxan kimi qorxurdular…

İfritənin doğuluşu

Darya Nikolayevna İvanova 1730-cu ilin martında mülkədar Nikolay Avtonomoviç İvanovun ailəsində anadan olub. Onun babası Avtonom İvanov I Pyotrun dövründə sayılıb-seçilən ictimai-siyasi xadimlərdən idi. Qənirsiz gözəl sayıla biləcək Darya Nikolayevnada olan qadın cazibədarlığı varlı-hallı zadəgan nəslinə məxsus Qleb Alekseyeviç Saltıkovu özünə cəlb edir. Darya Qlebə ərə gedir, cavan cütlük bir neçə il normal həyat sürürlər, iki oğul övladları doğulur. Ancaq bu sakitlik və firavanlıq 1755-ci ilə qədər çəkir. Həmin il Qleb vəfat edir, 26 yaşında dul qalan Darya Saltıkovanın əmlakına atasından qalma mülklərdən savayı mərhum ərinin də zəngin sərvəti, təhkimçi kəndliləri əlavə olunur. Beləliklə, Darya Saltıkova Moskva, Voloqod, Kostroma quberniyalarında mülklərin, torpaq sahələrinin və bu mülklərdə işləyən 700-ə yaxın təhkimçi kəndlilərin sahibəsinə çevrilir. Daryada əvvəllər aradabir müşahidə olunan qeyri-adi dərəcədə qəddarlıq, manyaklıq əlamətləri ərini itirdikdən sonra güclənməyə başlayır. Məsələn, bir də görürdün, döşəməni yaxşı silmədiyinə görə, qəddar Saltıkova 20 yaşlı cavan kəndli qızın başını zopayla parçalayır, yaxud hansısa xırda bir səhv üzündən kimisə qışın oğlan çağında bayırda ağaca bağlayıb ölənə qədər döymək əmri verir. Bu kimi əməllərinə görə kəndlilər ona nifrətlə «Saltıçixa» ləqəbi də vermişdilər. Beləcə, illər ötdükcə, Darya nəinki təhkimçi kəndlilərə, hətta zadəganlara qarşı belə cinayətkar əməllərinin sayını artırır. Ərinin vəfatından sonra bir müddət onun məşuqu olmuş məşhur zadəgan Nikolay Tütçev də başqa birisiylə evlənmək istədiyinə görə onun qəzəbinə tuş gəlmişdi. Təbii ki, 18-ci əsr Rusiyasında bu kimi əməllər barədə yuxarı dairələrə xəbər çatdırmaq xeyli çətin məsələydi. Onu da nəzərə alaq ki, Darya Saltıkova Moskva hüquq-mühafizə və məhkəmə orqanlarını rüşvətlə ələ aldığından onun zülmündən qaçıb şikayətə gedən kəndlilərin hamısı təzədən qəddar qadının yanına qaytarılırdılar. «Satqınlar»ın sonrakı taleyi barədə isə düşünmək belə qorxuludu: ya ölüm, ya da Sibirə sürgün.

Ona görə də, indi barəsində danışacağımız olay baş verənə qədər onun hansı əməllərin sahibi olmasından Moskva cəmiyyətinin xəbəri yoxuydu. Nəhayət, necə deyərlər, haqq yerini alır. Özü də Daryanın zülmündən əziyyət çəkən bir kəndlinin vasitəsiylə.

Arvadsız qalan Yermolay

Saltıkovanın Yermolay İlyin adlı kəndlisinin birinci arvadı Katerina Semyonova tövlənin təmizliyinə cavabdeh olsa da, hərdən sahibənin iri malikanəsinin döşəmələrini də yuyurmuş. Günlərin birində Katerina guya döşəməni yaxşı silmədiyinə görə Daryanın qəzəbinə tuş gəlir və qəzəblənmiş sahibə zopayla onu ölənə qədər döyür.

İlyinin ikinci arvadı da döşəməni yaxşı silməməyin qurbanı olur. Saltıkova əvvəlcə zavalı qadının saçını lopayla yandırır, ardından ayaqlarından asıb ölənə qədər kötəkləməyi əmr edir.

Bədbəxt Yermolayın üçüncü arvadı da qaniçən sahibənin əlində ölür. Nəticələri barədə az sonra bəhs eləyəcəyimiz istintaq materiallarından məlum olur ki, «Saltıçixa» az qala dilsiz-ağızsız Aksinya adlı fağır qızcığazı o qədər döydürür ki, zavalı yataqdan durmadan ömrünü bağışlayır…

Bəli, 2 ilə 3 arvad itirən Yermolay axır ki, qeyrətə gəlir və Saltıkovadan birbaşa Hökmdarın özünə şikayət eləməyə qərar verir. 

Qaniçən Darya

Xoşbəxtlikdən bu şikayət yeni İmperatorun – II Yekaterinanın hökmdarlığı dövrünün lap əvvəllərinə təsadüf edir. Digər kəndli Saveliy Martınovla bərabər cəsarət eləyib Çariçaya yaxınlaşan Yermolay qəddar sahibə haqqında şikayət məktubunu birbaşa II Yekaterinaya təqdim edir. Taxt-taca çıxandan ölkədə cənnət yaratmaq barədə hər kəsə vəd verən Yekaterina, Saltıkovanın zadəgan mənsubiyyətinə baxmayaraq, məktubun araşdırılması barədə göstəriş verir ki, bunu da qanunçuluğun yeni dövrə qədəm qoyması ilə izah eləmək olardı. Moskva ədliyyə-kollegiyasının məmuru Stepan Volkovun apardığı təhqiqat nəticəsində dəhşətli faktlar üzə çıxır. Məlum olur ki, təxminən 5 il ərzində Saltıkova nə az-nə çox, düz 138 kəndli qadının qətlinə fərman verib. Bu qətllərin necə baş verməsini şahidlərin ifadələri əsasında aydınlaşdıran müstəntiq hesabatında yazırdı: «Kəndli qadınlar döyülmüş, bədənlərinin müxtəlif yerləri yandırılmış, kəsilmiş, saçlarından asılaraq ölənə qədər kötəklənmişlər. Kəndlilər bildirirlər ki, bir neçə dəfə ölümcül döyülmüş qızların hətta diri-diri basdırıldığının da şahidi olublar».

Müstəntiq daha sonra yazır: «Saltıkova onunla evlənmədiyinə görə kəndlilərinə Nikolay Tütçevi öldürmək, evini yandırmaq göstərişi verib. Bu cinayəti törətməkdən imtina eləyən 3 nəfər təhkimli Sibirə sürgünə göndərilib».

Hesabatdan məlum olur ki, Saltıkova bütün bu qətllərdə şəxsən özü iştirak edirmiş, qadınların necə əzab çəkmələrini öz gözlərilə görməkdən, onları saçlarından tutub sürüməkdən, zopayla kötəkləməkdən xüsusi zövq alırmış. Onun hamilə qadınların qarınlarının üstünə çıxaraq təpikləməsi, 12 yaşına çatmamış yeniyetmə bir oğlanın başını dəmir maşayla dağıtması, kəndli qadınlara günlərlə işgəncə verərək, axırda diri-diri basdırması kimi əməlləri dünyanın minbir üzünü görmüş ən təcrübəli çar kriminalistlərini belə dəhşətə gətirir. Ancaq bütün dəlil-sübutlara baxmayaraq, Saltıkova günahını etiraf eləmir. Müstəntiqlərin etiraf üçün müttəhimə qarşı tətbiq eləmək istədikləri işgəncələrə isə II Yekaterina icazə vermir. Bunlara baxmayaraq, qaniçən qadının bütün əməlləri göz qabağındaydı. Üç ilə yaxın sürən istintaqın materialları ilə tanış olduqdan sonra məhkəmə Darya Saltıkovanı müqəssir elan edir, konkret hökm məsələsində hamı İmperatriçanın qərarını gözləyir. Yekaterinanın «Saltıçixa»nın işiylə bağlı 2 oktyabr 1768-ci il tarixli əmrindən oxuyuruq: «Zadəgan rütbəsindən məhrum edilsin; 1 saat ərzində şəhər meydanında boynunda «qaniçən və qatil» sözləri yazılmış lövhəylə dar ağacına bağlansın; sonra yeraltı zindanda gün işığı, insan münasibəti görmədən azadlıqdan ömürlük məhrum edilsin». Onu da qeyd edək ki, II Yekaterina əmrində rus dilində «ona», yəni qadını bildirən sözün yanına bir «on», yəni kişini bildirən söz də əlavə edib. Bu da hökmdarın Daryanın qadın adlanmağa haqqı çatmadığını bildirmək istəməsiylə izah olunur.

İfritənin sonu

Darya Saltıkova üçün İvanovsk qadın monastırında xüsusi bir kamera hazırlayırlar. Bu kamera 2 metrə yaxın quyudan ibarət idi. Bura gün işığı düşmürdü. Bir neçə ildən sonra onu balaca dəmir barmaqlığı olan başqa bir otağa köçürürlər. Monastır binasının pəncərəsindən «ifritə»ni görmək üçün gələn insanları Saltıkova söyür, üzlərinə tüpürür, qışqırırmış. Ancaq bu arada Darya biclik eləyib həbsxana gözətçisindən uşaq doğmağa da imkan tapır ki, bəlkə körpəyə görə İmperatriça onu əfv eləyə. Ancaq bu baş vermir, sadəcə, uşağı onun əlindən alırlar. Darya Saltıkova həbsxanada həyatının düz 33 ilini keçirir və 1801-ci ilin noyabrında ölür.

İlham TUMAS