RUSLARIN QORXDUĞU XALQ - ÇUKÇALAR



 15:55 08.06.2023     547

Deyir, çukça nəşriyyət direktorunun yanına gəlir və yazdığı romanın əlyazmasını verib, çap olunmasını istəyir. Direktor baxır ki, cəfəngiyyat şeylərdi. Aralarında dialoq başlayır:

- Çukça, sən Dostoyevskini oxumusan?

- Yox!

- Bəs Tolstoyu?

- Yox!

- Çexovu necə?

- Yox!

- Sən ümumiyyətlə, hansısa yazıçını oxumusanmı?

Çukça deyir: "Direktor, mən oxucu deyiləm, yazıçıyam...".

Bəlkə də əksəriyyətin çukçalar barədə bildikləri belə sayaq lətifələrdən uzağa getmir. Ancaq bu xalq barədə eşidənlər daha çox onların avam, kütbeyin, dünyadan bixəbər obrazları haqqında lətifələrlə kifayətlənsələr də, məsələ bilindiyi qədər sadə deyil. Əslində, çukçalar illər boyu Çar Rusiyasının işğalına qarşı qəhrəmancasına mübarizə aparıblar. Əlimin altındakı Aleksandr Nefedkinin "Çukçaların hərb sənəti - 17-20-ci əsrlər" kitabını gözdən keçirdikcə görürəm ki, doğrudan da çukçaların 17-ci əsrin ortalarından 18-ci əsrin ortalarına qədər müstəmləkəçiliyə qarşı ruslarla apardıqları mübarizələr Sibirin işğalının ən qanlı və faciəli səhifələrindəndir. 

Əvvəlcə, çukçalar haqqında qısa məlumata nəzər yetirək. Azərbaycan EA Milli Münasibətlər İnstitutu tərəfindən nəşr olunmuş "Dünya xalqları Ensiklopedik məlumat kitabından oxuyuruq: "Çukçalar - Maqadan viliayətinin Çukot Muxtar Mahalının əsas əhalisi. Saxa (Yakutiya) Respublikasında yaşayırlar. Sayları 15 mindir. Özlərinin ümumi - luoravetlan (əsl adamlar) adı ilə bütün xalqa aid edilməyib. Maralçılıqla məşğul olan çukçalar özlərini çauçular, çavçular, sahildə yaşayanlar “ankalın” adlandırırlar".

Çukçalar əsasən çukot, bəzən rus dilində danışır, yazıda rus qrafikası əsasında olan hərflərdən istifadə edirlər. Çukçalarla bağlı tərtib edilmiş etnogenetik sxem bu xalqın Çukotiyada aborigen olduqlarını təsdiq edir. Müasir çukçaların dədə-babaları bu yerlərdə eramızdan əvvəl 4-3-cü əsrdə formalaşıblar. Əsasən maralçılıqla məşğul olan çukçaların təsərrüfatları vətənlərinin sərt qışına uyğun şəkildə qurulub. Çukçaların ruslarla ilk təmasları 17-ci əsrin ortalarında Kalıma və Anadır çayının sahillərindəki ərazilərdə olub. Ancaq elə birinci görüşdəncə qarşı tərəflər silahlara əl atmağa üstünlük verirlər. Belə ki, rusların onları təbəəliyə dəvət eləyərək xərac istəmələri həmin vaxta qədər hürr yaşamış çukçaları narazı salır.

Hələ 1722-ci ildə Sibirin qubernatoru Çerkasskinin senata göndərdiyi məlumatdan oxuyuruq: "Yakut kazakları Şərq və şimal dənizlərinin sahillərində, həmçinin Kamçatka torpağında az əhalinin yaşadığı adalar görüblər. Anadır tərəfdəsə Rusiya Dövlətinə tabe olmayan yadellilər yaşayırlar".

1727-ci ildə senat 400 nəfərlik kazak və əsgərlərdən ibarət dəstənin Çukotkaya və Kamçatkaya göndərilməsi barədə qərar verir. Ümumi rəhbərlik Şestkakova, hərbçilərə komandirlik isə Tobolski draqun alayının zabiti kapitan Pavlutskiyə tapşırılır. 

Rusların şərqə doğru bu hərəkətlənmələri qətiyyən təsadüfüi sayılmamalıdır. Bu yürüşlər özlüyündə geniş miqyaslı planların başlancığı olmalıydı. Senatın qərarında bu məsələ kifayət qədər geniş şəkildə şərh edilib. Şərhdən oxuyuruq: "Bu yürüş ona görə vacibdir ki, dəniz yoluyla şərqə açıla, həmçinin sonradan Yaponiya, Çin Koreyası ilə ticari əlaqələrə girə bilək". Bundan əlavə, Amerikayla ticari əlaqələri gücləndirmək istəyən ruslar öz arxalarında onlara tabe olmayan, boyun əyməyən Çukotkanı və Kamçatkanı heç vaxt özbaşına qoymazdılar. Bundan əlavə, Çukotka həm də Çukot burnundan başlayan Böyük torpaq üçün plasdarm rolu oynayırdı.  

Beləliklə, "Anadır partiyası" adlanan bu ekspedisiya bu cür mühüm vəzifələrlə yola çıxsa da, elə ilk günlərdən Pavlutski ilə Şestakov arasında ixtilaf yaranır. Tobolskadan Yakutiyaya qədər bu iki nəfər arasında yaranan narazılıq o qədər güclənir ki, artıq mənzil başına çatanda bütün əmrlərə baxmayaraq bir-birlərindən ayrılırlar, hərəsi öz tərəfdarlarını başına yığıb müstəqil şəkildə fəaliyyət göstərməyə başlayırlar. Pavlutsiki başının dəstəsiylə 1729-cu ilin sentyabrında Anadır adasına gəlib çıxır, sonrakı illərdə Çukot yarımadasına yürüşlərə başlayır. Bu yürüşlər zamanı çukçalara böyük zərbələr vurulsa da, onlar rus təbəəliyini qəbul etmirlər.

Şestakovun taleyi isə faciəli olur. Oxot sahillərində çukçaların iki minlik qoşunu ilə qarşılaşan Şestakovun dəstəsi darmadağın edilir, özü yaralanır, əsir götürülür, sonradan öldürülür.

Rəqibindən fərqli olaraq Pavlutski bir neçə il çukçalarla döyüşlər aparır.  Ancaq onun senata göndərdiyi məlumatlardan da bəlli olur ki, rus zabiti çukçaların rus təbəəliyini qəbul etmələri üçün ən ağlagəlməz üsullara əl atırmış.  Anadır kazaklarından biri Pavlutskidən bəhs eləyərək yazır: "Əsir götürülmüş yaralı çukçadan rus təbəəliyini qəbul edilməsi tələb olundu. Çukça imtina elədi. Onda Pavlutski şəxsən özü əsiri döyə-döyə öldürdü".

Bunlardan əlavə, ruslar çukçalarla döyüşlərdə daha çox hiyləyə əl atırdılar. Məsələn, dəfələrlə çukçaların başçıları danışığa dəvət edimliş, ancaq ruslar tərəfindən öldürülmüşdülər. 

Bütün bunlara baxmayaraq, rusların bir-birinin ardınca çukçaları ram eləmək üçün göndərdikləri dəstələr ağır məğlubiyyətə uğrayırdı.  Nəhayət, Pavlutski yenicə aldığı mayor rütbəsiylə, gücləndirilmiş dəstəsiylə  və senatdan "çukçaları nəyin bahasına olursa-olsun ram eləməli" əmriylə döyüşlərə başlayır. 1747-ci il mart ayında çukçalarla Pavlutskinin dəstəsi arasında döyüş baş tutur. Şahidlərin yazdıqlarına görə, odlu silahlarla silahlanmış rusların birinci atəşindən sonra çukçalar dəstəylə özlərini əlbəyaxa döyüş üçün irəli atırlar ki, əsgərlər tüfənglərini doldurmağa belə vaxt tapmırlar. Bu döyüşdə Pavlutskinin dəstəsi darmadağın edilir, mayorun özü isə öldürülür. 

Deyilənlərə inansaq, guya mayorun əlindən yanıqlı olan çukçalar Pavlutiskinin cəsədini tikə-tikə doğrayaraq qurudublar və düz 1880-ci ilə qədər saxlayıblar. Ümumiyyətlə, belə şaiyələrə o dövrün rus mənbələrində tez-tez rast gəlinir. Ancaq tədqiqatçılar bunları ciddi məlumat kimi qəbul etmirlər.

Pavlutskinin ölümü, həmçinin çukçalarla müharibədən qayıdıb gəlmiş əsgərlərin, kazakların danışdıqları rus hakimiyyətini əməlli-başlı təşvişə salır. Şahidlərin danışdıqlarından məlum olur ki, çukçalarla döyüşmək çox  çətindir. Birincisi, onlar əsasən partizan müharibəsinə üstünlük verirlər və yerli ərazilərə yaxşı bələd olmaları qəfil hücumların uğurlu alınmasına təminat yaradır. İkincisi, çukçalar ölümdən qətiyyən qorxmadıqlarından, son nəfər qalana qədər döyüşürlər. Şahidlər bir mühüm məqamı da qeyd edirlər ki, çukçalar, ümumiyyətlə, əsir düşməsi sevmirlər. Onları yalnız yaralayaraq hüşsuz halda əsir götürmək mümkündür. Hələ bu harasıdır? Çukçaların qadınları və uşaqları əsir götürüldüklərini görəndə bir-birlərini öldürürlər ki, düşmən əlinə keçməsinlər. Beləliklə, bu və bu kimi məqamları nəzərə alan ruslar çukçalarla dil tapmağın yolları barədə düşünməyə başlayırlar. Əvvəlcə, senat çukçalara qarşı pis niyyətlə yürüşlər aparmağı qadağan eləyən fərman verir və bundan sonra çukçaların da rusların yerləşdikləri ərazilərə hücumları səngiyir. Bu faktın özü onu göstərir ki, azsaylı olmasına baxmayaraq, çukçalar tarixdə yeganə xalqdır ki, özlərinin hərbi qabilyyətləriylə o boyda Rusiyanı qorxuya salıblar. Çukçaların ruslara qarşı döyüşləri bununla bitmir. Vaxtınızı çox almamaq üçün Nefedkinin "Çukçaların hərb sənəti - 17-20-ci əsrlər" kitabından Pavlutiskinin ölümündən sonra baş verən hadisələrin qısa xronikası belədir: 

1750-ci il Kekerovun çukçalara qarşı yürüşləri;

1751-ci ildə kapitan Şatilov danışığa cəhd edəsə də, çukçalar ona inanmırlar və bir neçə dəfə onun 200 nəfərlik dəstəsinə hücüm edirlər;

1754-ci ildə çukçalar ruslara hücum edirlər, kazak Kuznetsovu öldürürlər, karvanı talayırlar;

1755-ci ildə rus hökumətinin çukçlarla yumşaq davranmaq siyasəti dəyişir və mayor Şmalevlə döyüşdə çukçalar 40-ya yaxın döyüşçü itirirlər. Bundan sonra çukçaların ruslara hücumları daha da şiddətlənir;

1778-ci ildə çukçalarla ruslar arasında müqavilə imzalanır, bir il sonrasa onlar Yekaterinanın əmriylə 10 illik xəracdan azad olunmaqla rus təbəəliyinə qəbul edilirlər. Sonradan baş verən hadisələr onu göstərir ki, silah qarşısında sınmayan xalqı alış-verişə öyrətməklə sındırmaq mümkün olur.

Ötən müddət ərzində çukçaların həyat tərzində, geyimlərində, silahlarında çox şey dəyişə bilər. Ancaq çukçalar heç vaxt döyüşlənliklərindən əl çəkmədilər, yad vərdişləri qəbul etmədilər. Maraqlıdır ki, Rusiyada Sovet hakimiyyəti qurulanda da çukçalar arasında yeni ideologiyanı yaymaq mümkün olmadı. İnqilabın ilk illərində bu şimal xalqını ram eləməyə gələn bolşevik dəstələri darmadağın edildi. Sonunda bolşeviklər də çar hakimiyyəti kimi hərəkət edirlər: çükçalar bazar münasibətləriylə, alış-verişlə ələ alınırlar. Onların azadlığın simvolu olmalarının qarşısı isə çox asan bir yolla alındı: lətifələr yoluyla. Çukçalar haqqında gülməli lətifələr qoşuldu ki, guya bu xalq başıboş, sadəlövh, maymaq fərdlərdən ibarətdir. Bu lətifələrlə də döyüşkən çukçaların azadlıq yanğısının tarixi ört-basdır edildi.

İlham TUMAS