Albert Eynşteyn haqda İNANILMAZ MƏLUMATLAR



 23:09 08.06.2023     1022

Təsəvvür edin ki, siz çox ağıllısınız və beyniniz muzeyə qoyulub. Bəli, bu, bütün “superağıllı insanlar”ın başına gəlmir.

Lakin biz bütün zamanların ən böyük ağıllarından biri olan Albert Eynşteyn haqqında danışırıq. 
Əvvəldən başlayaq. Eynşteyn 1879-cu ildə Ştutqartla Münhen arasındakı Ulm adlı şəhərdə anadan olub. Həmin il Tomas Edison özünün ilk elektrik lampasını sınaqdan keçirdi və daha üç Nobel mükafatçısı doğuldu. Dahilər ili... 

Lakin Eynşteyn həmişə dahi olmayıb, daha doğrusu, həmişə dahi hesab edilməyib. Hətta Albert uşaqkən valideynləri onun öyrənmə qabiliyyəti olmamasından narahat idilər. Beş yaşına qədər Eynşteyn tam cümlələr qura bilmirdi. Onun düzgün danışmağa başlaması üçün uzun müddət lazım oldu. Bununla belə, o, həmişə ətrafındakı dünya ilə və hadisələrin təfərrüatları ilə maraqlanan uşaq olub.

Albertin 5 yaşı olanda onun həyatında vacib bir hadisə baş verdi. Bir gün atası ona oynamaq üçün kompas uzatdı. Oğlan ilk dəfə belə bir obyekt görürdü və onunla həddindən artıq maraqlandı. İynənin həmişə Yerin maqnit qütbünü göstərməsi onu heyrətləndirirdi. Sonralar tərcümeyi-halında Eynşteyn yazırdı: “Kompasa olan məftunluğum məni dünyada görünməz qüvvələrin hərəkət edə biləcəyi barədə düşünməyə vadar etdi.”  O, xatırlayırdı ki, bu, gələcək peşəsini seçməsində mühüm məqam idi. 15 yaşında Eynşteyn artıq diferensial və inteqral hesablamaları mənimsəmişdi. 

Əgər sizin də, mənim kimi, bunun nə demək olduğu ilə bağlı heç bir fikriniz yoxdursa, deyim ki, bu, həcmlərin, sürətlərin, sahələrin uzunluqlarının hesablanması ilə bağlıdır. Yeniyetmə vaxtında bəzi bilik sahələrində dahiliyi özünü göstərməyə başlasa da, Albert dil öyrənməkdə çətinlik çəkirdi. O, məktəbi çox sevmirdi, tez-tez “çətin xarakterli məktəbli” kimi təsvir olunurdu. Hətta Eynşteynin isterikasından bezmiş bir müəllim bu oğlanın heç vaxt heç nəyə nail olmayacağını belə, söyləmişdi. Zaman onun nə qədər səhv etdiyini göstərəcəkdi. Məktəb həyatına alışa bilməməsi Eynşteyni ordan uzaqlaşdırdı. 

15 yaşında o, nüfuzlu  İsveçrə Federal Politexnik Məktəbinə  daxil olmaq istəsə də, məqsədinə yalnız 2-ci cəhdində nail ola bildi.  Birinci imtahanda dil, zoologiya və botanika fənlərindən pis nəticə göstərərək, kəsildi. Yalnız yüksək məktəb göstəriciləri sayəsində ikinci cəhddə onu fizika və riyaziyyat müəllimi ixtisasına götürdülər. Bu illər Eynşteynin karyerası və dahi şəxsiyyəti üçün həlledici oldu. Orada gələcək həyat yoldaşı Mileva Maric  ilə tanış oldu. 
1900-cü ildə Eynşteyn məzun oldu və hər iki ixtisas üzrə diplom aldı. Eynşteyn deyirdi: “Əgər izah edə bilmirsənsə, demək, başa düşmürsən. Mürəkkəb şeyləri, sadəcə, izah edə bilmək, tədrisin əsasını təşkil edir.”  Albertin  müəllim olmaq məqsədinin altında məhz bu fikirlər yatırdı. 

Məzun olduqdan sonra, karyerasının başında riyaziyyat və fizika fənlərini tədris etmək üçün bir neçə yerə müraciət etdi, amma işə götürülmədi. İki il axtarışdan sonra Berndəki İsveçrə patent ofisində işə düzəldi. Əvvəlcə, Eynşteyn aldığı təklifdən çox da məmnun deyildi. Sonralar məlum oldu ki, bu iş taleyin gizli hədiyyəsidir. Onun işi patent müraciətlərini tədqiq etmək və ixtiranın gerçək olub-olmadığını müəyyən etmək idi. Axşamlar isə onun düşünməyə çoxlu vaxtı var idi. İşində intellektual tələbkarlıq çox deyildi və bu, Eynşteynə boş vaxtında fizikanı öyrənməyə imkan verirdi. 
1905-ci ilin yazında bir axşam Eynşteyn patent ofisindəki növbəsini bitirib, evə gedərkən, tramvayda ətrafdakı kainat haqqında təsəvvürünü tamamilə dəyişdirən bir şey baş verdi. O, tramvayın pəncərəsindən Bernin mərkəzindəki saat qülləsinə baxanda, tramvay tərpəndi. Onda Eynşteyn düşündü: “Tramvay işıq sürətilə hərəkət etsəydi, nə olardı?” O zaman anladı ki, əgər tramvay, saniyədə 300 min kilometr sürətlə hərəkət edərsə, demək olar ki, saatın əqrəbləri eyni yerdə duracaq. Saat qülləsində saatın əqrəbləri adi sürətlə hərəkət edəcəkdi, ancaq işıq sürətilə səyahət edən insanın nöqteyi-nəzərindən zaman, az qala, dayanacaq qədər yavaşlayardı. Məkanda nə qədər tez hərəkət edirsənsə, bir o qədər zamanın yavaşlaması fikri onu heyran etdi. Bu, Eynşteyni zamanın nisbi ola biləcəyi fikrinə aparan ilk ipucu idi. Başqa sözlə, zaman həmişə müşahidəçinin təcrübəsindən asılıdır. 
1905-ci il Eynşteyn üçün möcüzələr ili idi. Həmin il o, sonradan nəşr olunan və bəşəriyyətin kainata baxışını dəyişdirən dörd əsər yazdı. 1905-ci ildə nəşr olunan əsərlər arasında ona dünya şöhrəti gətirən bir nəzəriyyə də var idi. Bu, Eynşteynin xüsusi nisbilik nəzəriyyəsidir. Hamımız məktəbdə bu məşhur düsturu öyrənmişik. Eynşteynin e=mc2 düsturunda enerji kütlə ilə işığın sürətinin kvadratına bərabərdir. Anlamaqda çətinlik çəkirsinizsə, narahat olmayın.
Eynşteyn özü deyirdi: “Riyaziyyatdakı çətinliklərinizə görə, narahat olmayın.  Sizi əmin edirəm ki, mənim çətinliklərim daha böyükdür.” Gəlin, bu məsələdə, sadəcə, onunla razılaşaq. Eynşteyn 1921-ci ildə nisbilik nəzəriyyəsinə görə yox, işıq nəzəriyyəsinə görə Nobel mükafatına layiq görülüb. Çünki elmi ictimaiyyətin bir hissəsi cazibə qanunlarını nəzərə almadığından, hələ də, Eynşteynin nisbilik nəzəriyyəsindən əmin deyildi. Eynşteyn bundan çox narahat idi;  ona görə də, kəşfləri haqqında düşünməkdən heç vaxt əl çəkmir və daim onları təkmilləşdirməyin yollarını axtarırdı. 
Alma ağacının altında oturan və başına alma düşəndən sonra yerin cazibə qüvvəsini kəşf edən İsaak Nyutonu xatırlayın. Nyutona görə, cazibə qüvvəsi planetimizdəki və kainatdakı bütün cisimlərə təsir edən daimi qüvvədir. Nyutonun qanunlarını da ehtiva edən nisbilik nəzəriyyəsini tamamlamaq üçün Eynşteynə daha 10 il lazım oldu. Eynşteynin yeni ümumi nisbilik nəzəriyyəsi cazibə qüvvəsinin əslində necə işlədiyini izah edə bildi. Məsələn; “Necə olur ki, günəşin cazibə qüvvəsi Yeri orbitdə saxlayır?” 
Eynşteynə görə, günəş kimi ağır bir şey kosmosda çuxur yaradır. Yer kimi digər aşağı kütləli cisimlər bu çuxurdan təsirlənir və bir qabda davamlı yuvarlanan bir top misalı, günəşin ətrafında fırlanır. Nəticədə, o, bu kəşfə görə Nobel mükafatı almasa da, 1930-cu illərdə fizika aləmində inqilabi sıçrayışlara səbəb oldu. Eynşteyn ABŞ-a köçdü və ömrünün qalan illərində Nyu-Cersidə yeni yaradılmış Təkmilləşdirmə İnstitutunda müəllimlik etdi. Baxmayaraq ki, Eynşteyn heç bir ölkədə özünü evdəki kimi hiss etmədiyini söyləyirdi, ancaq deyəsən, o, ABŞ-ı bəyənmişdi. Çünki o, ömrünün qalan hissəsini məhz orada yaşadı.

Bahadur Seyidov / Demedia.az