Toksinlər və şlaklar nədir? - Araşdırma



 11:01 12.06.2023     1951

Həyatımız boyu bağırsaqlarımızda xeyli miqdarda lazımsız tullantılar toplanır.

Orqanizm heç də həmişə onları xaric etmək qabiliyyətinə malik olmur. Yoğun bağırsaqda olan zəhərli tullantılar qida maddələrinin mənimsənilməsinə və bütün orqanizmin fəaliyyətinə pis təsir göstərir. Buna görə də,   bədənin belə bir yükdən vaxtında xilas olmasına kömək etmək vacibdir. 

Toksinlər və şlaklar nədir? 
Bədənə xaricdən daxil olan və ya qidanın həzm prosesində əmələ gələn zəhərlər “toksinlər” adlanır. Etiraf etməliyik ki, keyfiyyətli, ekoloji cəhətdən təmiz və sağlam qidalarla qidalanmırıq. Buna həzm sisteminə mənfi təsir göstərən pis vərdişləri də əlavə edin. Ən təhlükəli toksinlər zəhərlənmə nəticəsində və ya ciddi yoluxucu xəstəlik zamanı yığılanlardır. 
“Şlak” tibbdə rəsmi olaraq, istifadə edilməyən bir termindir. Lakin alternativ təbabətdə bədəndəki bütün yad yığıntılar bu sözlə ifadə olunur. Xüsusilə, öd kisəsindəki və böyrəklərdəki daşlar, həmçinin, bağırsaqlardakı nəcis daşları buna misal ola bilər. Bəzi hallarda, onların miqdarı 5 kiloqrama belə,  çata bilər!

Toksinlər və şlaklar niyə yığılır? 
Qeyd etdiyim kimi, əsas səbəb pəhriz vərdişləridir. Əksərən, duzlu, yağlı,  emala məruz qalmış qidalar yeyirik. Məsələn;  fast-foodlar və yarımfabrikatlar. Bütün bunlar bədənin əsas filterlərinin - qaraciyərin, böyrəklərin və bağırsaqların işinə mənfi təsir göstərir. “Mənfi amil” siyahısına içməli suyun keyfiyyətsizliyi, tərəvəz və meyvələrin nitratlarla çirklənməsi, lazımi qədər maye qəbul etməmək, qazlaşdırılmış içkilərdən istifadə nəticəsində  su-duz balansının pozulması da daxildir.
Əlbəttə ki, siqareti və alkoqolu da unutmaq olmaz. Qidalanma vərdişlərilə yanaşı, hərəkətliliyin olmaması, artıq çəki və stress də bədəndə şlakların toplanmasına səbəb ola bilər. Bu amillər immuniteti azaldır və bədənimizdəki əsas proseslərin gedişatını  pozur. Birbaşa olaraq, həzm sisteminə, qida maddələrinin mənimsənilməsinə mənfi təsir göstərir. Beləliklə, dairə bağlanır və insanın səhhəti pisləşir.
Bədənin çirklənməsinin əlamətləri. 
Aşağıdakı əlamətlər bədənin toksinlərlə çirklənməsini göstərə bilər: 
 Yuxusuzluq və ayıla bilməmək; 
 Əzələlərdə zəiflik hissi; 
Qəbizlik və ya ishal; 
Sərt dəri, saç tökülməsi, dərinin qaşınması; 
Qısamüddətli işdən sonra yorğunluq; 
Mövsümi qrip epidemiyalarına məruz qalmaq; 
Dadbilmə qabiliyyətinin və iştahanın azalması; 
Əsassız əsəbilik və qəzəb; 
Özünüzdə bu simptomların yalnız üçdə birini hiss edirsinizsə, o zaman bədəndəki toksinlərin miqdarı çox da yüksək deyil. Amma indi onu təmizləməyə başlamaq lazımdır. Simptomların üçdə ikisi orta çirklənmə səviyyəsini göstərir. Sadalanan əlamətlərin, demək olar ki, hamısını hiss edirsinizsə, təhlükənin inkişafını gözləmədən, bağırsağın dərhal təmizlənməyə ehtiyacı olduğu həqiqətini qəbul edin. 

Bağırsaqları necə təmizləmək olar? 
Tibbin skeptik, bəzən isə mənfi qəbul etdiyi bir çox təmizləmə üsulları var. Xüsusən də, müxtəlif imalələr və günəbaxan yağı ilə limon suyundan istifadə həkimlər tərəfindən olduqca neqativ qarşılanır. Çünki bu üsullar bağırsaq disfunksiyasına, mədənin iltihabına və öd yollarında daşların hərəkətinə səbəb ola bilər. Nəticə çox təhlükəlidir, hə?  Mən sizə təhlükəsiz üsullar haqqında danışmaq istəyirəm. Sadəcə,  mütəmadi olaraq, dadlı və sağlam qidalar yemək lazımdır ki, bağırsağınız təmizlənsin. 
Hələ neçə əsr bundan qabaq, Çinli təbiblər bağırsaq hərəkətliliyini yaxşılaşdıran və ondan bütün toksinləri yumşaq şəkildə çıxaran bir sıra məhsulların müalicəvi xüsusiyyətlərini yazıya köçürüblər. 
Siyahıdakı ilk məhsul yosun və ya dəniz kələmidir. Yodla zəngin dəniz kələmi triqliseridlərin qanda həll olmasını təmin edir, orqanizmin turşu-qələvi balansını qoruyur, bağırsaqların hərəkətliliyini yaxşılaşdırır. Dəniz kələmi aşağı kalorili bir məhsuldur, eyni zamanda, stronsiumu bədəndən çıxara bilər. Bu qabiliyyəti sayəsində,  dəniz kələmi leykemiyanın inkişaf riskini azaldan profilaktik vasitə kimi çıxış edir.  Siz kələmi çiy yeyə bilərsiniz. Ətlə qızartmaq və ya buxarda bişirmək də mümkündür. 
İkinci vacib və əlverişli məhsul qəhvəyi düyüdür. Hamımız pəhrizimizin ayrılmaz hissəsi kimi düyüdən istifadə edirik. Ancaq bu dənli bitkinin ağ, cilalanmış versiyası yemək bişirmək üçün əlverişli olsa da, emal prosesində tərkibindəki   bir çox faydalı maddələri itirir. Bəli, cilalanma zamanı atılan qabıqda külli miqdarda faydalı maddələr var. Qəhvəyi düyü B və E vitaminləri, həmçinin, maqnezium, kalium, dəmir, sink və manqanla zəngindir. Bütün bunlar immuniteti və qan dövranını yaxşılaşdırır. Düyüdəki pəhriz lifi normal bağırsaq hərəkətliliyi və faydalı mikrofloranın inkişafı üçün vacibdir. Qəhvəyi düyünü bişirməzdən əvvəl, onu yaxşıca yumaq və 2 saat təmiz suda islatmaq lazımdır. Belə düyü sıyığını həftədə, ən azı, 2 dəfə yemək lazımdır. 
Üçüncü məhsul almadır. Belə bir deyim var ki, “gündə 1 alma yemək həkimi əvəz edir.” Həqiqətən də, bu meyvənin tərkibində olan pektinlər və qalakturon turşusu toksinləri aradan qaldırmağa, qəbizliyin qarşısını almağa və bağırsaqda qan dövranını yaxşılaşdırmağa kömək edir. Almanı qabığı ilə birlikdə yemək vacibdir, çünki meyvənin bu hissəsində bağırsaq toxumalarının qocalmasını ləngidən külli miqdarda antioksidant var. 
Dördüncü məhsul fıstıqdır. Tərkibində bağırsaqları nəmləndirən və gücləndirən fitin turşusu, həmçinin, fitosterollar var. Bundan əlavə, fıstıq qidalandırıcılıq qabiliyyəti ilə də məşhurdur.  Çin təbabəti fıstığı bizim üçün bir qədər qeyri-adi olan tərzdə- qaynadılmış şəkildə yeməyi məsləhət görür. Bu vəziyyətdə məhsul malik olduğu bütün faydalı maddələri özündə saxlayır. Orqanizmin təmizlənməsi üçün gündə 5-6 dənə fıstıq yemək kifayətdir.
Beşinci məhsul kərəvizdir. O, “ən güclü bağırsaq təmizləyicisi” adlanır. Malik olduğu yüksək miqdardakı liflərə görə, bağırsaqların mükəmməl şəkildə işləməsini təmin edir. Kərəvizin həzmi zamanı lignin və xüsusi lipid ayrılır. Bunlar patogen bağırsaq bakteriyalarını effektiv şəkildə məhv edən təbii antioksidantlardır. Kərəvizin faydaları  bunlardır: 
Bağırsaqların təmizlənməsini sürətləndirir; 
Xərçəng riskini azaldır; 
Qanda şəkərin səviyyəsini tənzimləyir; 
Hipertoniya zamanı köməyə çatır; 
Qanı dəmirlə zənginləşdirir; 
Sidik turşusunu orqanizmdən xaric edir; 
 Sidik turşusunun  bədəndən atılması podaqra xəstəliyinin kəskinləşməsinin qarşısını alır. Kərəvizi çiy-çiy yeməklə yanaşı, suyunu da içə bilərsiniz. Zövqə görə, kərəviz suyuna bir neçə damcı limon suyu  əlavə etmək olar.  
Altıncı məhsul lobyadır. Tərkibində çoxlu protein və pəhriz lifi var. Qırmızı lobya saponinlərlə də zəngindir. Saponinlər “çölə çıxmağı”  yaxşılaşdırır, həmçinin,  sidikqovucudur. Rasiona lobya daxil etmək böyrəkləri və ürəyi gücləndirməyə də xidmət edir. Eyni zamanda,  qan təzyiqini və qanda lipid səviyyəsini aşağı salır, şişkinliyi aradan qaldırır.
Yeddinci məhsul batat, yəni, şirin kartofdur. Tərkibindəki liflər  sayəsində, yaşla bağlı ortaya çıxan qəbizliklə mübarizə aparır. Yaş artdıqca, bağırsaq hərəkətliliyi əhəmiyyətli dərəcədə pisləşir, lakin batat belə bir fəlakətin öhdəsindən gəlir.
Banan və çiyələk orqanizmi detoks etmək üçün ən yaxşı vasitələrdəndirlər. Çiyələkdəki yüksək miqdarda C vitamini onu effektiv immun stimullaşdırıcıya çevirir. Ancaq askorbin turşusuna allergiyası olan insanlar bu giləmeyvəni yeməkdən çəkinməlidirlər.
Nəhayət, yaşıl çay! Yaşıl çay təkcə bağırsaqlardan toksinləri xaric etməklə qalmır, sidikqovucu qabiliyyəti sayəsində böyrəkləri də təmizləyir. Həmçinin, bu çay qana faydalıdır. Belə ki, qandakı  lipid səviyyəsini azaldır.  Siqaret çəkənlər yaşıl çayı rasionlarına daxil etsələr, əla olar. Çünki o, nikotinin zərərini azalda bilir. 
Gördüyünüz kimi, orqanizmi toksinlərdən və şlaklardan  təmizləmək üçün təbiət bizə bir çox faydalı və təsirli üsullar təqdim edir.  Bizə qalır düzgün qidalanmaq və pəhrizlərə əməl etmək. 

Bahadur Seyidov / Demedia.az