KOREYALILAR NİYƏ AĞLAYIR? - ARAŞDIRMA



 14:35 13.06.2023     307

- Bu nədir, qızım, sən ağlayırsan?

- Yox, Münəvvər xala, yəqin fəvvarədəndi…”

Bu xırda dialoq bizim məşhur “Görüş” filmindəndi, yəqin ki, xatırladınız. Filmin qəhrəmanı Kamil bir özbək qızına qoşulub gedir, öz doğma kəndlərində onun eşqindən dəli-divanə olan pambıqçı qız isə bu olaya dözə bilmir, ağlayır.

Ağlamaqdan başlayaq

Əlbəttə, həmin qız kolxoz sədri Münəvvər xalaya yalan danışırdı, əslində yanağındakı su damlaları fəvvarədən düşməmişdi, o ağlayırdı. Yəni, demək istəyirəm, qızın ağlamağının səbəbi vardı. Bu ağlamaq eşq ağlamağı, daha doğrusu, qəmdən, həsrətdən doğan aglamaq idi.

Həyatda belə şeylər çox olur, bilərsiniz. Heç mənim özümə də təəccüblü gəlmir. Həqiqətən, normal və geniş yayılmış halda Adəm övladları dərddən ağlayarlar, sevincdən gülərlər. Mənim üçün ən maraqlı şey insanların əksini eləmələridir. Yəni, təsəvvür eləyin, insanlar dərdlərinə gülürlər, qol götürüb oynayırlar, sevinclərinə, şadlıqlarına isə oturub, ya da ayaq üstdə durub zülm-zülm ağlayırlar.

O gün hörmətli dostlardan biriylə bu barədə elə ayaqüstü, çaparaq şəkildə müzakirə apardıq. Və etiraf eləməliyəm ki, mövzunun ideya müəllifi əslində o idi. Şimali Koreya rəhbəri Kim Sen İnin xalqla görüşü zamanı insanların zır-zır ağlaşmasını əks etdirən fotolar dostumuzu da xeyli təəcübləndirmişdi. Beləliklə, qısaca söhbət və iki mövzu: nəyə görə bəzi insanlar dərdlərinə gülürlər, qol götürüb oynayırlar, sevinclərinə, şadlıqlarına isə zülm-zülm ağlayırlar.

Popçu ilə Kim Sen İnin fərqi

Bu mövzuya elə-belə, kimlərisə  lağa qoymaq, xüsusən hörmətli Kim Sen İnə sataşmaq üçün müraciət eləmədiyimdən, mütləq şəkildə məsələnin elmi tərəflərinə də diqqət çəkməliyəm. Əvvəlcə başlayaq göz yaşının özündən. Hələ qədim zamanlardan insanlar göz yaşının müqəddəsliyinə və təmizliyinə inanırdılar. Bizlərdə də «ağla, ağla, yüngülləşəcəksən» misalının geniş yayılması bu baxımdan anlaşılandır. Göz yaşının təmizləyici və sakitləşdirici qüvvəsi haqqında əsrlər boyu yayılmış bu fikir müasir elm tərəfindən də təsdiq olunur. Beləliklə, keçək yazımızın əsas mövzusuna: insanlar nəyə görə kimisə görəndə, kiməsə toxunanda ağlayırlar? Təcrübə göstərir ki, həmin kimsə hər kəs ola bilər. Həmin kimsə İsa Peyğəmbərdən başlamış,  kanadalı popçu Castin Biberə, Koreya diktatoru Kim Sen İnə, hətta adlarını bilmədiyimiz insanların adlarını bilmədiyimiz analarına, bacılarına, qardaşlarına, dostlarına qədər hamı ola bilər. Çünki göz yaşının kimyəvi nəzəriyyəsinə görə insanlar güclü əsəb, kədərlə yanaşı, həm də sonsuz sevinc hiss eləyəndə stress keçirirlər, deməli güclü emosiyaya qapılırlar. Bu zaman insan orqanizmində stress hormonları çoxalır ki, bunlar da yığıldıqca orqanizmə mənfi təsir göstərirlər. Göz yaşları məhz bu hormonlara cavab olaraq onları vurub orqanizmdən çıxarır. Məsələyə bu nəzəriyyənin köməyi ilə yanaşsaq, məlum olar ki, fanatlarının kanadalı popçu Castin Biberi görərkən sevincdən, riqqətdən, həyəcandan ağlamalarıyla koreyalıların uşaq sadəlövhlüyünün təcəssümü olan yumrusifət simalı rəhbərlərini görəndə ağlamaqları arasında heç bir fərq yoxdur. Təsadüfi deyil ki, hansısa dəli bir koreyalı qız hətta hünər eləyib sorğu keçirmiş və Kim Sen İni dünyanın ən seksual kişisi çıxarmışdı. Düzdü, belə məsələlər Koreyada yaxşı qarşılanmadığından həmin sorğunun üstü ört-basdır edildi, ancaq hisslər, emosiyalar eyni olduğundan belə çıxır ki, cavan avropalı qızların, oğlanların öz kumirləri üçün ağlamaqları onların koreyalı həmyaşıdlarının rəhbərləri üçün ağlamaqlarının oxşarıdır. Bəli, ağlaşanlar sevinc göz yaşlarının biokimyəvi nəzəriyyəsinə görə eyni durumdadırlar və deməliyik ki, belə ağlamaq qəmdən, kədərdən ağlamaqdan daha xeyirlidir. Belə ki, alimlər ürəkdən alqışlama, sevinc zamanı, emosional hisslər qabararkən tökülən göz yaşlarını insan orqanizmi üçün daha faydalı hesab edirlər. Həqiqətən, bu zaman tənəffüsün, ürək döyüntüsünün ritmi, hormonol fon və qanın biokimyəvi tərkibi dəyişir, gərginlik azalır, insan bir növ özünühipnoz halına yaxınlaşır.

Balıq növbəsində ağlamaq

Bütün bunlar öz yerində, ancaq axı, nəyə görə, bütün dünya ancaq koreyalıların ağlamaqlarından danışır? Əvvəlcədən şərtləşdiyimiz kimi söhbət, məsələn, rəhmətlik Kim Sen İrə yas tutarkən ağlamaqdan yox (baxmayaraq ki, bu ağlamaqda da onların tayı-bərabəri yoxuydu – İ.Tumas), onun oğlunu -  balta kimi sağlam Kim Sen İni görəndə ağlamaqdan gedir. Bəli, bu camaat rəhbəri görəndə elə pis ağlayırlar ki, hətta Kim Sen İnin özü belə narahat olur. Məsələn, Şimali Koreya mətbuatının yazdığına görə, may ayının 1-də böyük rəhbər Kim Sen İn maşınqayırma zavodlarından birinə səfər eləyibmiş. Fəhlələr onu görmək üçün dəmir pillələrlə sevincdən ağlaya-ağlaya aşağı düşəndə elə tələsirlər ki, rəhbər onların yıxıla biləcəklərindən narahat olub yavaş-yavaş enmələrini tapşırır! Ümumiyyətlə, Kim Sen İnin öz xalqına bu cür «qayğıları»nı ehtiva eləyən  faktların sayını xeyli artırmaq olar. Məsələn, atası Kim Sen İr rəhmətə gedəndə rəhbər oğul tapşırıq vermişdi ki, bütün şəhər camaatına buzlu balıq göndərilsin ki, camaat ağlamaqdan əldən-ayaqdan düşməsin. Koreya xalqının nümayəndələri də rəhbəri onlara göndərdiyi balıqlar üçün növbələrə dayanaraq paylarını gözləyirdilər. Təbii ki, ağlaya-ağlaya. Yaxud, öz ad günündə Koreyanın 10 yaşına qədər bütün uşaqlarına 1 kiloqram konfet göndərən rəhbəri görən balacalar sevincdən niyə ağlamasınlar? Axı, belə rəhbər üçün kim ağlamaz!

Koreyalıların «kosyeni»

Zarafat-zarafat deyəsən, lap ağını çıxardıq. Guya ondan yazırdım ki, nəyə görə bu məsələdə yalnız elə koreyalıların adı məşhuri-cahan olub? Doğrudanmı, iş yalnız Kim Sen İnin qurduğu rejimdədi ki, koreyalılar onu görəndə ağlaşırlar? Rus mətbuatında, sözsüz ki, öz xalqını bizdən daha yaxşı tanıyan kulturoloq Moisey Kimin maraqlı bir müsahibəsinə rast gəldim və anladım ki, əslində, burada koreyalıların dünyagörüşlərində özünə yer eləmiş «kosyen», yəni «əzab» anlayışının mühüm rolu var. Moisey Kim deyir ki, koreyalıların həyatlarında kosyen mühüm yer tutur. Özü də bu əzab yalnız, Allah uzaq eləsin, xəstələr, evsizlər, unudulmuşlar deyil, normal insanlar üçün də keçərlidir. Moiseyə görə, hansısa biznesmen, məmur, professor, özünə gün-güzəran düzəldib firəvan həyat yaşayan sadə koreyalı belə özünün görkəmiylə hamıya necə bədbəxt olduğunu göstərə bilər. Belə çıxır ki, hər bir koreyalı özünün necə narahat, ağır, qayğılarla dolu bir həyat yaşadığını hamıya göstərməkdən sanki həzz alır. Deməli, ağlaşmalarının kökündə koreyalıların həyatlarının sosial, mədəni və psixoloji xüsusiyyətlərinin məcmusu olan kosyen – əzab durur.

Moisey Kim öz xalqını müdafiə eləyərək daha sonra deyir ki, koreyalılar heç də ağlağan deyillər: «Kosyen sadəcə, onların özlərinə olan inamlarını gücləndirir, bir növ uğurlarını kompensasiya edir».

Məncə, ona görə də, bu xalqda Budda fəlsəfəsinin əsaslarından olan əzabla bağlı xeyli deyimlər var. Məsələn, «yalnız əzabı dadmaqla sevinci anlaya bilərsən», yaxud «yalnız əzab çəkən ağlamağı bacarar». Və nəhayət… «Ağlayırsansa, deməli yaşayırsan və sevirsən»! Bəli, ağlayan koreyalı yaşayan və sevən koreyalıdır… Məlum olur ki, koreyalılar üçün kosyen fəlsəfi, dini, kulturoloji bir çətirdir. Bu elə bir çətirdir ki, koreyalılar bu çətir altında obyektiv reallıqları dərk edirlər, öz şəxsiyyətlərini formalaşdırırlar. Onu da yaddan çıxarmayaq ki, koreyalılar ümumiyyətlə, emosional və kollektivçiliyə bağlı xalqdır. Yeri gəlmişkən, yarımadanın cənubunda – kapitalizmdə yaşayanlar da qardaşlarından bir elə fərqlənmirlər: onlar da səhərin gözü açılmamış himnlərini oxuyub sonra iş başına keçirlər. Təbii ki, yenə ağlaya-ağlaya...

İlham TUMAS