Xalqının yanında olan - General



 13:59 26.06.2023     473

Bu şəxs general-qubernator idi. Onun qubernator olduğu bölgədə üsyan baş qaldırmışdı, Azərbaycan insanları müxtəlif xarici qüvvələrin silahlı birliklərinin özbaşnalıqlarından əziyyət çəkirdilər, iş artıq qanunsuz «respublika» yaratmağa qədər gedib çıxmışdı. O da eynən Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov kimi rahat, hər şeyi yerində olan bölgəyə yox, Cümhuriyyət rəhbərliyi tərəfindən Azərbaycanın müstəqilliyini istəməyən müxtəlif siyasi və hərbi qüvvələrin meydan suladıqları vətən torpağının bir guşəsinə qayda-qanun yaratmağa göndərilmişdi. Və o da əsl qurucu kimi bu şərəfli işin öhdəsindən layiqlə gələcəkdi, Azərbaycanın cənub hissəsində rus-erməni və bolşevik dəstələrinin burnunu ovub burada Cümhuriyyət qanunlarını və hakimiyyətini bərqərar eləyəcəkdi. Bu adam Cavad bəy Rza bəy oğlu Məlikyeqanov idi.

Dosye

Cavad bəy Rza bəy oğlu Məlikyeqanov 1878-ci ildə Şuşa qəzasının Tuğ kəndində anadan olub. İbtidai təhsilini məşhur maarifçi və tarixçi Mir Mehdi Xəzaninin ev məktəbində almış, sonra texniki məktəbi bitirmişdir. Rus, fars, alman, gürcü, erməni dillərini bilib. 1903-cü ildən Bakının neft mədənlərində işləmiş, inqilabi hərəkatda iştirak etmiş, “Hümmət” təşkilatının üzvü olmuşdur. 1909-cu ildə çar hakimiyyətinə qarşı mübarizə apardığına görə həbs olunaraq Bakıdan sürgün edilmişdir. 1914-cü ildə yenidən Bakıya qayıtmış, neft mədənlərində işləmişdir. 1917-ci ildə “Müsavat” partiyasının üzvü olmuş və partiyanın birinci qurultayında fəal iştirak etmişdir. Partiyada fəhlə münaqişələri üzrə iş aparmışdır. Məlikyeqanov Zaqafqaziya seyminin müsəlman fraksiyasının üzvü olmuş, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü olmuş, Azərbaycanın Müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinə imza atmışdır. O, fəhlə məsələsini bolşevik ideologiyasının inhisarına verənlərdən fərqli olaraq, Azərbaycan Cümhuriyyətinin müstəqilliyi naminə çalışan fəhlələrin təmsilçisi idi. Cavad bəy 1919-cu ildə Lənkəranın general-qubernatoru təyin edilmiş, denikinçilərə qarşı mübarizə aparmışdır. Aprel inqilabından sonra düz 6 dəfə həbs edilsə də, əleyhinə sübut tapılmadığından azad edilmişdir. Sovet hakimiyyəti illərində tikinti trestində, əmək birjasında çalışmışdır. Respublika Xalq Əmək komissarlığı qaçqınlar şöbəsinin, 1927-28-ci illərdə neft məhsulları satışı idarəsinin rəisi vəzifələrində işləmiş, N.Nərimanov adına bakı Sənaye Texnikumunun təsərrüfat hissəsinə başçılıq etmişdir. Gizli “Müsavat” partiyasının üzvü ittihamı ilə 1931-ci ildə həbs edilərək, 10 il müddətinə uzaq şimala sürgün edilmiş, 1942-ci ildə sürgündə vəfat etmişdir. 1959-cu ildə fevralın Kareliya MSSR Ali Məhkəməsi tərəfindən ona bəraət verilmişdir.

“Yeqanov” soyadının mənası

Bu gün bir sıra internet forumlarında və saytlarda Cavad bəyin başqa millətin nümayəndəsi olmasıyla bağlı müxtəlif fikirlər yazılır. Bunu da əsasən onun soyadındakı «Yeqanov» sonluğu ilə əlaqələndirirlər.

Ancaq “Yeqanov” soyadının analizi göstərir ki, soyadın “Yeqa” hissəsi sırf türkdilli xalqalara aid bir sözdür. Bu söz Uralda köpək və yaxud keçi dərisindən kürkə deyilir. Altayda da eyni mənanı daşıyan “yeqa” sözündən, belə güman olunur ki, “Yeqanov” soyadı əmələ gəlib və yəqin ki, kürk geyən insanın ləqəbindən yaranıb. Ruslların adların ensklopedik lüğətində də maraqlı bir məqam var. Rus müəlliflər özləri də etiraf edirlər ki, bu soyadın 50 faizi rus mənşəli olsa da, 35–40 faizi tatar, başqır və buryat xalqlarının dilində var. Qalan faizlər isə çox kiçik olmaq şərtilə ukrainlərə, belaruslara və bolqarlara aiddir. “Yeqanov” soyadının fotosemantik analizinə gəldikdəsə onun 9 fotosemantik əlaməti daha çox nəzərə çarpır. Bunlar kişilik, cürətlilik, böyüklük, möhtəşəmlik, yaxşılıq, sadəlik, gözəllik, güclülük, nəhənglikdir. Göründüyü kimi Cavad bəyin soykökü ilə bağlı heç bir şübhə ola bilməz. Bundan əlavə Kareliya Respublikasının anım kitabına adı düşmüş Məlik-Yeqanov haqqında məlumatı olduğu kimi təqdim edirəm.

Melik-Eqanov Djavad İrzabek

Rodilsə v 1878 q., Naqornıy Karabax, s. Tox; törok; b/p; Z/k. Projival: Karelğskaə ASSR, Medvejğeqorskiy r-n, BBK.

Arestovan 7 fevralə 1930 q.

Priqovoren: troyka pri NKVD KASSR 20 noəbrə 1937 q., obv.: po st. 58-11.

Priqovor: rasstrelən Rasstrelən 9 dekabrə 1937 q. Mesto zaxoroneniə - st.Medvejğə Qora (Sandarmox). Reabilitirovan 7 fevralə 1959 q. PV Suda KASSR

Fəhlə sinfinin yanında olan Cavad bəy

Cavad bəy cümhuriyyətin ictimai-siyasi xadimləri arasında artıq qeyd etdiyimiz kimi fəhlə sinfinə çox yaxın olmasıyla fərqlənirdi. Azərbaycanın müstəqilliyinin Avropa dövlətləri tərəfindən tanınması ilə bağlı tədbirdə demişdi: “Elan olunmuş müstəqilliyi Avropa tanımasaydı belə, fəhlələr onun uğrunda öz həyatlarını qoymağa həmişə hazır olmuşlar”.

Cavad bəy həm də üzvü olduğu Müsavat partiyasının sıralarında həmişə sadə zəhmətkeş xalqın həyat və güzəranı ilə bağlı radikal çıxışların müəllifidir. Məsələn, 1919-cu il dekabr ayının 8-də başlanan Müsavatın dördüncü islası tamamilə partiyanın aqrar siyasətinin müzakirəsinə həsr edilmişdi. Çıxış eləyənlər arasında bir ölməz dramaturqumuz Cəfər Cabbarlının, bir də Cavad bəy Məlikyeqanovun çıxışları daha çox diqqəti çəkir. Geniş nitqlə çıxış eləyən Cavad bəy partiyanın zəhmətkeşlərin güzəranı ilə bağlı siyasətini sərt tənqid edir. Azərbaycan fəhlələrinin müstəqil cümhuriyyətin qurulmasında və respublikanın ərazi bütövlüyünün təmin olunmasında xidmətlərini xüsusi qeyd eləyən natiq bildirir ki, “göstərdikləri vətənpərvərliyə baxmayaraq, onlar heç də yaxşı vəziyyətdə yaşamırlar. Ancaq partiyanın arxasınca gedən, onun çağırışına hər zaman səs verən fəhlə sinfi iqtisadi durumlarının yaxşılaşacaqlarına ümid edirdilər”. Həqiqətən Məlikyeqanov heç bir siyasi məqsəd güdmədən, firqəçiliyə yol vermədən həmişə haqqın və ədalətin yanında olub. Onun Lənkərana general- qubernator təyin edilməsində xarakterinin məhz bu xüsusiyyətləri rol oynamışdır. Cümhuriyyət rəhbərliyi bilirdi ki, Cavad bəy heç vaxt haqqı nahaqqın ayağına verməz və Lənkəran quberniyasında asayişin təmin olunması üçün canını belə fəda edər. Bəs görəsən 1919-cu ilin may ayında Lənkəranda nələr baş vermişdi?

Yalançı qurum

Orda baş verənləri anlamaq bu gün elə də çətin deyil. Ən  azından çox da uzaq olmayan 1993-cü il yadınızdadır. Əlikram Hümbətovun başabəla “respublika yaratmaq” xülyasını deyirəm. Bu gün heç kimə sirr deyil ki, gənc Azərbaycan Cümhuriyyəti bütün bölgələrdə nəzarəti bərpa eləyənə qədər həm Qarabağda, həm də Lənkəran uyezdində özbaşnalıqlar olmuşdu. Qarabağdakı məsələlərin kökü aydındır. Lənkəran uyezdində isə Kolçakın, Denikinin və bolşeviklərin hərbi qüvvələri buranı qan çanağına döndərmişdilər. Azərbaycan Respublikası Hərbiyyə Nazirliyinin Baş Qərargahının operativ kəşfiyyat idarəsinin məlumatından oxuyuruq: “Lənkəranda bolşeviklərin 1200-dən 1500-dək silahlı adamı var. Bunlar əsasən 1-ci dünya müharibəsində iştirak eləmiş ruslar və ermənilərdir. 2-ci qüvvə denikinçilərdir”.

Mətləbi çox uzatmadan qeyd eləyək ki, bu qüvvələr Azərbaycanın ayrılmaz parçası olan Lənkəran uyezdində meydan sulayırdılar və hərəsi də bir “respublika” yaratdığını elan eləmişdilər. Bundan əziyyət çəkənlər isə təbii ki, yerli əhali idi. Baxın görün Cümhuriyyət ordusunun Lənkəran quberniyasında qayda-qanun yaratmasına qədər bu bölgədə kimlər ağalıq eləyib: İllarion Talixadze, Timofey Ulyantsev, Nikolay Tutuşkin – bu adamlar Muğan Muxtar ərazisinin “rəhbər”ləri olublar. Bu qurumun rəhbərləri: David Çirkin, Terentiy Suxorukin, İlyaşeviç və digər bu sifətli adamlar. Nə isə, Lənkəranda vəziyyət belə idi...

Azərbaycan Cümhuriyyəti təbii ki, bu durumla barışa bilməzdi və təcili tədbirlər görülməliydi. Hərb Naziri Səməd bəy Mehmandarovun Lənkəran uyezdinin əhalisinə ünvanlanmış çağırışından oxuyuruq: “Vətəndaşlar, Azərbaycan Respublikası Hökumətinin iradəsilə mən Lənkəran uyezdində vətəndaş müharibəsinin qarşısını almaq, orda qayda-qanun yaratmaq, sizləri qatillərdən xilas eləmək üçün dəstə göndərirəm. Azərbaycan ordusu heç bir milli və dini ayrı-seçkiliyə yol vermədən Lənkəran uyezdinə qanunçuluq və ədalət gətirəcək, Silahlı qüvvələrin himayəsilə bölgədə tezliklə əmin-amanlıq bərpa olunacaq. Hər bir silahlı müqavimət ölüm hökmü ilə cəzalandırılacaq və orduya belə hallara qarşı amansız davranmaq əmri verilib. Öz növbəmdə həmçinin dəstənin rəisinə dinc əhaliyə qarşı heç bir zorakılığa yol verilməməsini tapşırmışam”.

Beləliklə, general-mayor Həbib bəy Səlimovun (bu görkəmli sərkərdə bə böyük Kişi haqqında daha geniş yazımız hazırlanır – İ.Tumas) komandiri olduğu dəstə Lənkəran general-qubernatoru Cavad bəy Məlikyeqanovun rəhbərliyi ilə çoxdan bəri nizamsızlıqdan cana doymuş bölgəyə daxil olur və qısa müddətə həm bolşevikləri, həm də denikinçiləri buradan qovub çıxarır. 1918-20-ci illərdə Azərbaycan Milli Ordusunun görkəmli hərbçilərindən, sonradan Azərbaycan legionunda xidmət keçmiş, müharibədən sonra SSRİ-də  olan İsrafil bəy İsrafilbəyovun Bakı Dövlət Universitetinin dosenti Altay Göyüşovun Fransada tapdığı xatirələrindən oxuyuruq: “General Səlimovun komandanlığı ilə Prişibdən Lənkərana qədər təntənəylə keçid eləyən Azərbaycan ordusu yerli əhali tərəfindən “Yaşasın!” sədaları ilə qarşılanırdı”.

Beləliklə, Cavad bəyin general-qubernatorluğu ilə Azərbaycanın bu qədim yurd yerində də dinclik və əmin-amanlıq bəqrərar olur.

“Mən öz xalqımı, Azərbaycanımı çox sevirəm”

Bu böyük insan haqqında söz açıb, onun həyat yoldaşını, əri qədər məşəqqət çəkmiş Məryəm xanım Bayraməlibəyova–Məlikyeqanovanı xatırlamamaq günah olar. Azərbaycanın ilk qadın maarifçilərindən biri olan Məryəm xanım 1898-ci ildə Lənkəranda anadan olub. Lənkəranda yeganə qadın pedaqoq olan Məryəm xanım savadsızlığa qarşı mübarizə aparıb, qızları, qadınları mədəni və ictimai həyatda fəal olmağa səsləyib. Onun qəhrəmanımızla tanışlığı isə 1919-cu ilə təsadüf edir. Cavad bəy Məlikyeqanov bölgəyə general-qubernator təyin olunan kimi Lənkəran uyezdində fövqəladə vəziyyət elan edir və ictimaiyyət nümayəndələri ilə görüşlərə başlayır. Belə görüşlərin birində Məryəm xanımla onunla tanış olur, sonradan onlar ailə qururlar.

Tədqiqatçı Ağəddin Babayevin Məryəm xanım haqqında yazmış olduğu bir məqalədən bu cəfakeş qadının xalqı və ailəsi üçün hansı əzablara qatlandığını təsəvvür eləmək çətin deyil. Əri sürgün olunduqdan sonra Məryəm xanım da həbs edilir və sürgünə göndərilir. Bütün əzablara mətanətlə dözən Bayraməlibəyova  yalnız 1956-cı ildə bəraət ala bilir və gözlərindən məhrum olmuş vəziyyətdə Azərbaycana qayıdır. Məryəm xanım 1987-ci ildə vəfat edib. Məryəm xanım üçün ən qiymətli hədiyyə isə həyat yoldaşının sürgündən ona göndərdiyi məktublar olub. Cavad bəy bu məktubların birində yazırdı: “Mən öz xalqımı, Azərbaycanımı çox sevirəm...”.

İlham TUMAS