Bədən haqqında 9 fakt 



 11:01 10.07.2023     1774

Mən özüm də bu fənddən istifadə etmişəm. Dirsəyinizi bacardığınız qədər güclü şəkildə dartın. Heç bir ağrı hiss etməyəcəksiniz. Bu, necə olur? Müxtəlif dəri hissələrinin müxtəlif  sayda sinir ucları olur. Bizim bədənimizin quruluşu elədir ki, ən  çox zədə riski olan bölgələrdə sinir uclarının sayı daha  artıqdır.

Bu səbəbdən də, həmin hissələrdə ağrı hissi güclü olur. Məqsəd bizim daha ayıq olmağımız və özümüzü qorumağımızdır. Dirsəkdə olduğu kimi, qalın dərilərdə ağrı detektorlarının sayı az olur. Bununla belə, zərbə zamanı biz yenə də ağrı hiss edirik. Məsələn; elektrik vurması kimi.  Disrəyimizlə nəyəsə toxunsaq, elektrik cərəyanına məruz qaldığımız hissi yaranır.  Bu xoşagəlməz hissin mənbəyi sümük və ya dəri deyil, dirsək sinirləridir. Haqqında danışdığım sinirlər onurğadan başlayır. Sonra boyuna, ordan isə dirsəklərə, barmaqlaradək uzanır. Dirsək siniri əlin 3 əsas sinirindən biridir. Məhz bu sinirlər sayəsində biz barmaqlarımızın ucunu hiss edə bilirik. Bu sinir əzələ və yağlarla yaxşıca qorunur. Ancaq dirsəyin bir yeri var ki, orada bu sinir, demək olar ki, açıqda və dərinin həmən altındadır. Bu hissə, müəyyən mənada, Axillesin hekayətini xatırladır. 

Digər fakt sizin üçün uyğun olmayan vaxtlarda ortaya çıxır. Məsələn; simpatiyanız olan biri sizə kompliment deyəndə. Mən “qızarma qabiliyyəti”ndən danışıram. Əmin deyiləm ki, sevəndə qarında, doğrudan da, kəpənəklər uçuşur. Amma dəqiq bilirəm ki, siz qızaranda mədəniz də qızarır. Bəli, mən yoxlamışam. Mədənin daxili divarı turşudan xüsusi dəri sayəsində qorunur. Siz qızaranda o dəri də qızarır, çünki qızarma hadisəsi həmin dəri hissəsinə qan axımının sürətlənməsi ilə baş verir. Bu, orqanizmin emosiyaların dəyişməsinə təbii-fizioloji reaksiyasıdır. Mədədən danışmışkən, onu da deyim ki, mədə şirəsi polad stolu əritmək qabiliyyətindədir. Hətta sizin daxili orqanlarınızı da əridə bilər. Xoşbəxtlikdən mədənin selikli qişası buun baş verməsinin qarşısını alır. 

Bilirdinizmi ki, qaranlıqda işıq saça bilərsiniz? İşığı keçirməyə tələsməyin, adi gözlə bunu görə bilməzsiniz. İnsan bədəninin saçdığı işıqları yapon alimləri yüksək həssaslığa malik kameraların köməyilə qeydə ala biliblər. Bəli, dünyada ilk dəfə olaraq,  məhz yapon alimləri insan biolüminesensiyasının şəklini çəkə biliblər. Bir daha qeyd edirəm ki, yalnız yüksək həssaslıqlı kameralar  insan bədəninin yaydığı işıqları qeydə ala bilər. Adi gözlə görünməyən bu işıq şüaları orqanizmdə baş verən kimyəvi reaksiyalardan qaynaqlanır.  Yapon alimlərinin kəşfindən sonra sözügedən işıq şüalarının ölçülməsi ilə bağlı da araşdırma aparılıb.   Mütəxəssislər könüllü insanlardan ibarət bir qrup insanın bədəninin yuxarı hissəsinin şəklini günün müxtəlif vaxtlarında kameraya çəkiblər. Bu zaman da maraqlı fakt aşkarlanıb. Məlum olub ki, işıq şüalarının yayılması və ya miqdarı  günün tsiklindən asılıdır. Sən demə, insan bədəninin ən güclü işıq yayma vaxtı axşam,  ən zəif işıq  yayma vaxtı isə gecəyarısı imiş... Bundan əlavə, bədənin ən çox işıq yayan hissəsinin alın və boyun olduğu da aşkar edilib. Maraqlısı ondadır ki, istilik kameraları ilə baxdıqda, həmin hissələr ən az istilik olan nahiyələrdir. 

Səhər erkən gün sonuna nisbətən siz daha hündürboysunuz. Bəli, sizi ölçmüşəm. Əslində, boyun ölçüsünün dəyişməsi cazibə qüvvəsi ilə əlaqədardır. Belə ki,  siz ayaqüstə olanda, yaxud oturanda  ağırlıq qüvvəsi onurğadakı  və dizdəki qığırdaqları sıxır, uzananda isə onurğa yüklənmədən azad olur və dincəlir. Ona görə də, səhər tezdən-bütün gecəni dincəldikdən sonra siz daha hündür olursunuz. Amma bu boy artımı 1 sm-ə belə, çatmır. Ona görə də, xüsusi illüziyalar qurmayın.  Məzəli fakt: kosmosa göndərilmiş astronavtlar uçuşdan geri qayıdanda göndərildikləri zamankı boylarından bir neçə santimetr hündür olurlar. Bütün məsələ kosmik stansiyalarda qravitasiyanın olmamasındadır. Ancaq boy artımı ömürlük qalmır,  astronavtlar yenidən Yer həyatına dönəndə, cazibə qüvvəsi qığırdaqları sıxaraq, onları əvvəlki boylarına qaytarır. 

Gəlin, dəridən danışaq. Dəri bədənimizdəki ən böyük orqandır. Ümumi çəkimizin 15%-ni təşkil edir. O, bizim bədənimizi tam örtür, vacib həyati funksiyaları yerinə yetirir, bədənimizi xarici zədələnmələrdən qoruyur. Bundan əlavə, həddən artıq su itirilməsinin qarşısını alır. 
 Bir sözlə, insan bədəni, hələ də, heyrətləndirməkdə davam edir.  İndi isə, bir az heyvanlardan danışaq... 

Bayquşlarda göz alması yoxdur.  Əvəzində,  göz borusu var. Bayquşun gözü bizim gözümüz kimi, göz almasının içində fırlana bilmir. Ona görə də, bayquş ətrafa baxmaq üçün başını hərəkət etdirmək məcburiyyətindədir. Ancaq başı fırladanda bir çox hallarda səs yaranır ki, digər heyvanların bunu eşitmək təhlükəsi var, deyilmi? Bayquşlar bu təhlükədən də sığortalanıblar: onlar başlarını fırladanda səs çıxmır. Hətta başlarını 2700 döndərəndə belə, bunu səssiz-səmirsiz edirlər. Lakin bu da, ən qəribəsi deyil. Gecə görmək və  maksimal şəkildə çox işıq almaq üçün iri göz bəbəkləri lazımdır, deyilmi?  Əksər gecə ovçularının böyük gözləri və iri göz bəbəkləri var. Bayquşlarda isə hər şey fərqlidir. Onların başları balaca olduğundan, böyük gözlər orda yerləşə bilməzlər. Əvəzində, onların kirpikləri 3 qatlıdır: 
Qırpmaq üçün; 
Yatmaq üçün; 
Göz borularını təmizləmək üçün; 

İndi isə insanlarla yan-yana yaşayan pişiklərə keçək.  Pişiklərin  havadakı iyi hiss etməyi bacarmalarını təmin edən əlavə orqanları var. Adı Yakobson orqanıdır. O, burun boşluğunun içində yerləşir. Yakobson orqanı adi iylər üçün nəzərdə tutulmayıb. O, qoxusu olmayan kimyəvi maddələri müəyyən etmək üçündür. Başqa sözlə, pişiklər iylənməyən şeyləri iyləyə bilirlər. Yakobson orqanı, həmçinin, iy bilmə qabiliyyətini gücləndirir. Məsələn; bala pişiklər ana südünü axtaranda... Təsəvvür edin, 2 ana pişik, 4 bala pişik var.  Bu pişiklər analarını iybilmə sayəsində ayırd edə  bilirlər  İki insan qarşılaşanda bir-birini bədən dili ilə qiymətləndirirlər, pişiklər isə bir-birinin başını iyləyərək.  Bu cür salamlaşma zamanı pişiklər xüsusi feremon ifraz edir ki, bununla qarşsıındakı pişiyə özü haqda çox şey danışa bilir. Bu metodla digər pişik qarşılaşdığı pişiyin xoşbəxt ya kədərli, sağlam ya xəstə olduğunu da öyrənir. Bəli, bütün bunların hamısı  Yakobson orqanının sayəsindədir.

Pişiklər haqqında daha bir fakt. Pişiklərin burunlarında gözə görünən qabarcıqlar var ki, bizim barmaq izimizə oxşayır. Hər bir pişiyin özünün burun izi var desək, yanılmarıq. O, identifikasiya kimi də istifadə oluna bilir. Yaxşı, pişik, biz bilirik ki, vazanı sən qırmısan, üzərində burun izini qoymusan. Əməkdaşlığa hazırsan? Sadəcə, bizə it haqqında bildiklərini danış!

Belə, itsevərlər, sizi də unutmadıq. Yəqin, siz də itlərin daltonik olması barədə eşitmisiniz. Amma bu, belə deyil. İtlərin müəyyən edə biləcəyi işıq diapazonu insanla müqayisədə məhdud olsa da,  onlar rəngləri görürlər. Rəng palitraları, əsasən, sarı, mavi, bənövşəyi, qırmızı, yaşıl, narıncı rənglərdir. Rəng çalarları onlar üçün görünməzdir. 

Və sonda tısbağalar öz çanaqlarını tərk edə bilmirlər. Onlar öz çanaqları ilə sıx bağlıdırlar: çanaq tısbağanın orqanizmi ilə birgə böyüyür, eynilə, insanın dərisi kimi. Tısbağa çanağı onurğası, döş qəfəsi və 50 sümüyü olan skeletdir. Ona görə də, tısbağalar daim öz çanaqları ilə gəzirlər. 

Bahadur Seyidov / Demedia.az