POLADIN 7 ANI - Arzularına çatasan, həmişə salamat qalacaq general Polad Həşimov!



 16:20 13.07.2023     367

1-ci an

Yəqin eyni kənddə doğulmadığım, uşaqlıqdan tanımadığım, orta məktəbi bir yerdə oxuyub, eyni sinifdə dərs almadığım üçün elə bilirəm, Polad heç vaxt uşaq olmayıb. Buna baxmayaraq, Tanrı tərəfindən insanın taleyinin lap əvvəldən, hələ doğulmamışdan yazıldığına inanıram.

2-ci an

Murovda leytenant olandan qorumaq istəyirdik onu. Bilirdik, bilirdik ki, böyük adamdı, qeyri-adi zabitdir. Mən tərxis oldum, o qaldı. Sonradan adda-budda görüşsək də, kimdən onu soruşurdum, deyirdilər, Həşimovdan yoxdu, Həşimovdan bir dənədir! Əsgərləri, tabeliyində olan zabitlər onu qardaşları kimi sevirdilər.

3-cü an

Azərbaycan Ordusunun az sayda olan zabitlərindən idi ki, çox kiçik istisnaları çıxmaq şərtiylə xidmət dövrünü demək olar, tamamilə döyüş bölgələrində, ən çətin, ən gərgin yerlərdə keçirirdi. Özü də, necə deyərlər, dinc dayanmadan keçirərdi. Alınan düşmən mövqeleri, keçilməz dağ yastanalarındakı mövqeleriməzə çəkilən yollar, ələ keçirilən düşmən qənimətləri.

Cəbhə bölgələrində xidmətin nə demək olduğunu bilənlər bilir. Etiraf eləyək, belə yerlərdə əmr vermək, qərar qəbul eləməklə yanaşı, həm də hamının sevimlisi olaraq qalmaq çox, çox qəzli məsələdir. Bax, o, bunu da bacarırdı!

4-cü an

2016-cı ilin aprel döyüşlərindən çox yazılıb, çox yazılacaq, yazılmalıdır da! Ancaq polkovnik Polad Həşimovun bu döyüşlərdə iştirak elədiyini, nəinki iştirak, bu gün çox önəmli bir yüksəkliyin alınmasındakı əlahiddə rolu haqda yalnız Ordu mənsubları bilirdilər. Bu bizim biganəliyimiz deyil. Özü belə istəyirdi. Düşünürəm, yəqin, tərtəmiz, saf kimi sadəliyi, təvazökarlığı ilə “hələ nə etmişəm ki” deyərmiş.

5-ci an

Həşimov hər şeydə bütöv insan idi. Özünün yaxınlarına, ailəsinə necə münasibət bəsləyərdisə, eyni münasibəti əsgərlərinə, tabeliyində olan zabitlərinə də göstərirdi. Onun sevgisi Azərbaycan adına nə varsa – nəinki insana, bu torpağın canlısına, torpağına, dağına, daşına da çatardı. Bu sevgi hər adama, hər kişiyə, hər zabitə verilmir. Bu sevgi Tanrı lütfi idi.

6-cı an

Həmişə gizli qalmağı sevərdi, ilin ayın bu vaxtında daimi telefon işlətməzdi. Mülkidə olanlardan kiminsə onu tapması çox qəliz məsələydi. Nə mətbuat, nə sosial şəbəkə-filan. Fikri, düşüncəsi Ordu, Ordu, Orduydu!

7-ci an

Onu qorumaq, hamıdan gizli saxlamaq istəyirdik. Bu gün artıq gizli saxlaya bilmirik. Ancaq indi general-mayor Polad Həşimovu bütün Azərbaycan, bütün azərbaycanlılar tanıdı və sevdi! Arzularına çatasan, həmişə salamat qalacaq general Polad Həşimov!

İlham Tumas