Baltik dənizinin anomaliyası - Araşdırma



 20:02 18.07.2023     1005

2011-ci ildə dalğıclar xəzinə axtarışı məqsədilə Baltik dənizinin dərinliklərinə baş vurdular.

Orda qəribə bir nəsnə ilə qarşılaşdılar. Həmin nəsnənin şəkillərini görənlər hesab edirdilər ki, bu, başqa sivilizasiyaya aid kosmik gəmidir və zamanın hansısa naməlum qatında Baltik dənizində batıb.... Bəziləri isə  düşünürdü ki, bu nəsnə təbii proseslərin nəticəsi kimi meydana çıxıb. Di gəl, araşdırmalar fərqli gerçəkləri ortaya qoydu. Nəsnənin  malik olduğu metallar  orda-dənizin dərinliyində təbii şəkildə  peyda ola bilməzdi.   Müəmmalı nəsnənin buz dövründən qaldığı,  buzun içinə saplanmış meteorit ola biləcəyi  ehtimalını irəli sürən elm adamları da var.  

Girdab suyun səthində iki axımın toqquşması ilə yaranan  suyun dairəvi hərəkətidir. Cəsur vikinqlər belə, girdabdan qorxurdular. Ona görə ki, girdab böyük gəmiləri də batıra bilirdi. Girdablar həmişə təhlükəlidir. Amma müasir gəmilərdəki təhlükəsiz tədbirləri, eləcə də, gəmilərin böyüklüyü bu təhlükədən qorxmur. Bununla belə, girdablar “təbii fəlakət” sayılmaqdadır. Səbəb isə  onların nisbətən yüngül gəzinti gəmilərini ağuşuna alıb aparması, hətta bəzən sualtı  “qara dəlik” yarada bilməsidir. Bəli, qara dəliklər təkcə kosmosda deyil, planetimizin okeanlarında da mövcuddur. Onlar bir-birinə çox oxşayırlar. Sualtı qara dəliklər o qədər qüvvətli olurlar ki, içlərinə çəkdikləri nəsnələrin ordan qurtulmaq şansı olmur. Diametri 150 km-ə çata bilirsə də, bu, sadəcə, təxmindir. Sualtı qasırğa effekti yarada bilən girdabların dəqiq ölçülərini  hesablamaq mümkün deyildir. 

Növbəti dəfə plyaja gedəndə  “yaşıl şüa” adlı optik hadisəni görə bilərsiniz. Bu hadisə günəşin doğuşundan sonra və batışından az öncə baş verir. Günəş üfüqdə tam gizlənir, ancaq onun üst kənarları bir neçə saniyəlik görünür. Proses saniyələr ərzində baş verir. İnsana elə gəlir, günəş yaşıl rəngdədir.   Səbəb odur ki, biz günəşi qalın atmosfer qatının arxasından görürük.  Günəş səma ilə aşağı enəndə işıq qırılır və səpələnir. Qeyd edim ki, bu hadisəni görmək  yalnız buludsuz havada mümkündür. 

Okeanın sahilindəsiniz və suya baş  vurmağa hazırlaşırsınız. Birdən görürsünüz ki, okeanın suyu qırmızıya çalır. Həmən sudan uzaq durmağınız məsləhətdir. Florida özünün “qırmızı  qabarmalar”ı ilə məşhurdur. Bu zaman suda xüsusi mikroskopik yosunların konsentrasiyası normadan dəfələrlə artıq olur. Dənizdə və şirin sularda yaşayan yosunların əksəriyyəti zərərsizdirlər, hətta Yer kürəsinin oksigen mənbəyidirlər. Ancaq bəzi yosunlar, xüsusilə də, Floridada okeanı qırmızıya çevirən yosunlar dəniz heyvanları, tısbağalar, balıqlar və quşlar üçün olduqca təhlükəlidirlər. Bu növ nəzarətdən çıxanda hətta insanlar üçün belə, təhlükəli olan zəhər ifraz edirlər. Qırmızı suya baş vuran insanlar nəfəs almaqda problem yaşayırlar və boğula bilirlər. Ona görə də, “qırmızı qabamalar” olan yerlərdə çimməkdən uzaq durmağınız məsləhətdir.  Qabarmada küləyin də rolu böyükdür; o, yosunları sahilə doğru itələyir. 

Vulkanlar havaya zəhərli qazlar, kül və ərimiş lava püskürür.  Bu, gözlə görünən təhlükəlidir. Ancaq sualtı vulkanlar daha təhlükəli olurlar. Bəzən onlar dayaz sularda öz varlıqlarını  süxurları və buxarı kənara püskürtməklə bildirirlər.  Sualtı vulkanların ətrafında xeyli miqdarda su ehtiyatı olduğundan, onlar qurudakı vulkanlardan fərqli davranırlar. Sualtı vulkanların qaynar lavaları suyun içinə tökülür və dənizin dibinə yayılır. Suya qarışmayan lavanın üzməyi də mümkündür.   Lava suda  sürətlə soyuduğundan,  çınqıla və quma çevrilir. Püskürmədən geriyə  böyük miqdarda vulkanik qırıntılar qalır. Yəqin ki, Havay adalarındakı məşhur qara qumlu plyajlar haqqında eşitmisiniz. Bu plyajlar məhz vulkan püskürməsi nəticəsində yaranıb. Bəzən sualtı vulkanlar püskürmür. Bu, o mənaya gəlmir ki, daha onlar təhlükəli deyil.  Əksinə, onlar qabarcıq ocağı yaradır ki, nəticədə, suyun sıxlığı azalır. Belə sularda kiçik canlıların boğulması bir yana, nəhəng gəmilərin batması da mümkündür. Ən pisi odur ki, okeanın səthindən    bu qabarcıqları müəyyən etmək olmur. 

Dənizlərin kəsişməsi çox nadir və heyrətamiz təbiət hadisəsidir. Həm də, təhlükəlidir! Bəli, okeanın dayaz hissələrində rast gəlinən bu düzbucaqlı dalğalar həddən artıq təhlükəlidir. Təbiət hadisəsini Fransada və ya İsraildə görmək mümkündür.  Lakin unutmaq olmaz ki, istənilən dənizdə meydana gəlmə ehtimalı var. “Çarpaz  dənizlər”  termini iti bucaq altında hərəkət edən iki dalğanın toqquşması ilə şahmat taxtası effekti yaranmasını ehtiva edir.  Məsələ ondadır ki, iki dalğa qarşılaşır və güclü dalğa zəif dalğanı itələyir, külək isə əks tərəfdən əsir.  Düzbucaqlı dalğa çox təhlükəlidir, xüsusən də, qayıqçılar və üzgüçülər üçün.  Ona görə ki, bu dalğaların peyda olmasını əvvəlcədən ehtimal etmək mümkün deyil.  Onlar 3 m hündürlüyədək qalxa bilirlər. Bəzən o qədər güclü olurlar ki, böyük gəmiləri belə, çevirirlər.  

Dəniz suyunu stəkana töksəniz və diqqətlə baxsanız, görərsiniz ki, onun tərkibində çoxlu xırda hissəciklər var. Bəli, dəniz suyunda yosunlar, duz, yağ, zülal, süni və təbii maddələrin hissələri mövcuddur. Əgər stəkanı silkələsəniz, onun səthində kiçik qabarcıqların meydana gəlməsini də müşahidə edərsiniz. Dəniz köpüyü belə yaranır.  Qalın dəniz köpüyü yosunların çiçəkləməsi nəticəsində də meydana gəlir. Belə ki, yosunlar öz çiçəklərini tökərkən, solğun ləçəklər suyun üzərində yığıntıya çevilir. Dalğalar bu yığıntını var gücləriylə sahilə tərəf itələyirlər.  Adi dəniz köpüyü, əsasən, insan üçün təhlükəli olmur.  Yosun çiçəkləri səbəbiylə yaranan köpüklər üçün isə bunu demək olmaz. Belə ki,  solğun  ləçəklərin çürümə prosesi köpüklərin içində də davam etdiyindən, köpüklər partlayan zaman insanların gözlərini acışdıran, nəfəslərini təntidən qazlar havaya qarışır. 

“Bor hadisəsi”nə çayların dənizə və yaxud okeana tökülən yerlərində rast gəlinir. Bu güclü qabarma axımın əksinə hərəkət edir və çay yuxarı qalxır. “Bor hadisəsi” anormal dalğalar kateqoriyasına daxildir və ölçülərini qəfil dəyişmək xüsusiyyətinə malikdir.  “Bor hadisəsi” iki cür-mənfi və ya müsbət ola bilir. Müsbət olduqda, o, çayı yuxarı itələyərək, çayın bolsulu olmasına səbəb olur. Mənfi olduqda çaydakı suyu qəfildən çəkərək, onun suyunu azaldır. “Bor hadisəsi” ilə nadir hallarda qarşılaşmaq olur. Onun baş verməsi üçün bir neçə şərt lazımdır: 
Çay kiçik olmalıdır və dənizə çıxışı ensiz olmalıdır; 
Çayla dənizin görüşdüyü yer düz və enli olmalıdır; 
Qabarma və çəkilmə zonaları arasındakı sahə 6 m-dən enli olmamalıdır; 
Bəzən bu şərtlərin xaricinə çıxan halları da müşahidə etmək olur. Dünyanın ən bolsulu çayı olan Amazonun mənsəbi ensiz deyil, ancaq orada tez-tez “Bor hadisəsi” yaranır. Ona görə ki, onun mənsəbi  dayazdır və qumludur. Axıntısı isə o qədər güclüdür ki,   deltası yoxdur, suyu birbaşa Atlantik okeanına tökülür.  “Bor hadisəsi”nin baş verməyini təxmin etmək olmur. O, çayı müxtəlif rənglərə çevirə bilər: yaşıl, mavi, qəhvəyi... Bu isə çaydakı bitkilərə və canlılara mənfi təsir edir. “Bor hadisəsi” yaxınlıqdakı bitkiləri, hətta ağacları belə, kökündən çıxarıb sürükləyə bilər. Ona görə də, “Bor hadisəsi”nin göründüyü yerlərdə üzmək təhlükəlidir. Hətta “Bor hadisəsi”ni görmək üçün ordasınızsa, yenə də, ehtiyatı əldən verməyin. Qabarma dalğası müşahidə nöqtəsinə də hücum çəkər, sizi gur çaya  atar və okeana sürükləyər. 

Bahadur Seyidov / Demedia.az