Dəfnə yarpağı istifadə etdiyiniz zaman nə baş verir? 



 19:31 19.07.2023     856

Əgər sizin  sümüklərinizdə ağrı, qarnınızda köp, qaz kimi problemləriniz, anormal həssaslığınız, öskürəyiniz, burun tutulmanız  varsa, bu video sizin üçündür. Bu dəfə sizə dəfnə yarpağının nəyə qadir olduğundan danışacağam. Yarpaq yeməklərə xüsusi qoxu və dad verir. Eyni zamanda, müalicəvi xüsusiyyətləri ilə seçilir.  

Yeməklərinizə dəfnə yarpağı əlavə etmək üçün  səbəblər: 

1 xörək qaşığı üyüdülmüş dəfnə yarpağı 1-2 bütöv yarpaqla eyni faydalılıq dərəcəsinə, həmçinin,  5 kaloriyə malikdir. Tərkibində zülal, yağ və karbohidratlar çox azdır. Kalsium, kalium, sink, maqnezium, C, B6 və A vitaminləri ilə zəngindir.  Müntəzəm şəkildə istifadə edilən dəfnə yarpağı orqanizmin dəstəkçisinə çevrilməkdə gecikmir.  Onun iltihab önləyici və antioksidant xüsusiyyətləri vardır. 

Elmi araşdırmalarla müəyyən olunub ki, dəfnə yarpağı bəlğəmgətirici və burunaçıcıdır. Həmçinin, antibakterial və virus əleyhinə xüsusiyyətləri də elmi laboratoriyalarda təsdiqlənib. Yarpaq bağırsaqlarda hərəkətliliyi sürətləndirir, qanda pis xolesterinin,  triqliseridlərin və şəkərin  səviyyələrini  aşağı salır, immuniteti möhkəmləndirir. 

Mədə-bağırsağın işini asanlaşdırmaq da yarpağın hünərlərindəndir. Hər gün 1 fincan dəfnə yarpağı dəmləməsi içsəniz, həzm sisteminə kömək edəcək və yeməkdən sonrakı diskomfort hissini aradan qaldıracaq. Dəfnə yarpağı çayı şişkinliyin  və həddən artıq qaz ifrazının əmələ gəlməsinə mane olur, bağırsaqlarda spazmları yox edir, ağrıları xəfiflədir, ishalı kəsir. Mədə-bağırsaq traktatının soyuqdəyməsində qarındakı ağrını azaldır. Dəfnə çayı hazırlamaq üçün 1 litr suya 3 -4 yarpaq gərək olur. 
Nəfəs yoluna təsirləri. Təcrübələr göstərir ki, dəfnə yarpağının ekstraktı antibakterial və virus əleyhinə xüsusiyyətlərə malikdir. Bundan əlavə, selik ifrazını azaldır. Bu da soyuqdəymədə, qripdə  həyat keyfiyyətini yaxşılaşdırmağa  kömək edir. Dəfnə yarpağı əsaslı mazı və ya ekstraktı sinənizə sürtün və gecəni yatın. Uğurlu nəticəni ertəsi səhər hiss edəcəksiniz. 
Ev şəraitində inqalyasiya etmək üçün dəfnə yarpağı məhlulunun buxarı ilə nəfəs alın. Bu, bronxit və soyuqdəymədə kömək edəcək. Dəfnə yarpağı ağrıkəsici olduğundan xroniki ağrılar, xüsusən də, sümük soyuqlaması ağrılarında effektivdir. Daimi olaraq, dəfnə yarpağı çayı için və yeməklərinizə  ondan  əlavə edin. Maksimal nəticə əldə etmək üçün  ağrıyan sümüklərinizin üzərinə dəfnə yarpağından hazırlanan   maz və ekstrakt vurun. Bir elmi araşdırmada müəyyən edilib ki,  dəfnə yarpağında partenolid adlı, sümüklərə müalicəvi təsir edən komponent var. Dəfnə yarpağı mazını şişmiş sümüklərə sürtdükdə ağrı və iltihab azalır. 
Xərçəng əleyhinə vasitə kimi. Dəfnə yarpağı ekstraktının tərkibindəki antioksidant xassəli maddələr sərbəst radikallarla mübarizə aparmaqda mahirdirlər. Antioksidantlar xərçəngin düşmənləridir. Təcrübələr göstərir ki, onlar xərçəng hüceyrələrinin yaranmasının, inkişafının qarşısını ala bilir. Xüsusən də, süd vəzinin və yoğun bağırsağın xərçəngində effektivdirlər.  Xərçəng elə xəstəlikdir ki, diaqnoz qoyulanda, artıq onun mövcudluğunun neçə ili tamamlanmış olur.  İlk simptomlar  o zaman üzə çıxır ki, orqanizmdə xərçəngli hüceyrələrin sayı  müəyyən həddi keçərək, artmağa doğru getsin.  Və bu müddət ərzində insan xərçəngin varlığından belə, bixəbər olaraq, qalır.  Rasiona dəfnə yarpağı əlavə etmək  adi həyat şəraitində profilaktik tədbir sayılır.  Bununla belə,  əmin olarsınız ki, orqanizminizdə xərçəng yaranma riski günbəgün aşağı düşür. 

Ürək-damar sisteminə faydalıdır. Dəfnə yarpağının tərkibindəki laurik  turşusu qanda pis xolesterinin səviyyəsini azaldır, yaxşı xolesterinin səviyyəsini yüksəldir. Sidikqovucu xüsusiyyəti ilə orqanizmdəki artıq mayeni xaric edir. Bununla da, orqanlarda su yığılmasının və arterial təzyiqin  yüksəlməsinin qarşısını alır. 

Dəfnə yarpağından, sadəcə, ədviyyat kimi istifadə edib, sonda atmayın. Quru dəfnə yarpağını bütövlükdə istifadə etmək lazımdır ki, maksimal dərəcədə faydalana biləsiniz. Yarpağı  üyüdün və yeməklərinizə toz halında qatın. Yaxud 3-4 yarpağı 1 litr suda qaynadın, süzmədən, azca soyuyan kimi, soyuducuya qoyun.  Haçan istəsəniz ilıq halda, yaxud elə soyuq-soyuq için. 

Təzə yarpaqlar da qurudulmuş yarpaqlar kimi, faydalıdır. Xüsusən, şəkər xəstələri təzə yarpaqlar  vasitəsilə qanlarının təmizliyinə nail ola bilərlər. 

Həyəcan, stress və yuxusuzluqda da dəfnə yarpağı müsbət təsir edir.  Onu aromaterapiya və ya dəmləmə kimi istifadə etmək olar. Tərkibindəki efir yağı kortizolun səviyyəsini aşağı salır. Linalool əsəb sisteminə sakitləşdirici kimi təsir edir.  Tarixdən məlumdur ki, romalı senatorlar hirslənərkən, başlarındakı dəfnə yarpağı çələngindən yarpaq qoparır, çeynəməyə başlayırdılar. 

Kəpəkli saçlar, dəri zədələnmələri və saç köklərinin möhkəmlənməsində də dəfnə yarpağı köməyə çatır. Yarpaqdan hazırlanan yağı baş dərisinə sürtün, 5 dəq gözləyin. Sonra adi şampunla yuyun.

Saçı möhkəmləndirmək üçün həftədə iki dəfə maska qoya bilərsiniz.      Maskadan sonra saçınızı yuyun, axırda  yarpaqların dəmlənməsi ilə saçınızı yaxalayın. Məhlulu hazırlamaq üçün 1 litr suya 5  yarpaq atın, vam odda qaynayanadək saxlayın. Soyudun, cuna ilə süzün. Xalq təbabətinin sınanmış  metodlarından  sayılan   “dəfnə dəmləməsi ilə yaxalama” üsulundan istifadə etməzdən əvvəl, bir şeyi unutmayın: individual allergiyası olanlar  dəfnə yarpağından uzaq durmalıdırlar. Düzdür, sutkada  1 stəkan dəmləmə o qədər də ziyanlı deyil. Lakin həkiminizlə məsləhətləşsəniz, ən doğru seçimi etmiş olacaqsınız. 

Bahadur Seyidov / Demedia.az