Kiçik yerkökülər mövcud deyil - Bunu bilirdinizmi?



 20:01 19.07.2023     781

Kiçik yerkökülər mövcud deyil. Marketlərdə satılan bu balaca tərəvəzlər, əslində, normal  ölçüdəki yerkökünün yonulmuş variantıdır. 

Düşünürsünüz ki,  çiyələk dadlı, marmeladlı ayıcıqlar qırmızı, yaxud çəhrayı olmalıdır? Təəssüf ki, onlar yaşıl, qəhvəyi və ağ olurlar.

Ağ düyünü əldə etmək üçün qara düyünü yonurlar. Bununla da, o möhtəşəm,  ağ düyülər alınır. Belə olduqda, düyünü daha uzun müddət saxlamaq olur, lakin qida dəyəri aşağı düşür.   Bu arada, Böyük Çin səddinin tikintisində düyüdən istifadə olunub. İnşaatçılar  düyünün həlimini gillə qarışdırıblar və xüsusi “düyülü tikinti materialı” əldə ediblər. Bu materal möhkəmliyi və sukeçirməz qabiliyyətinin daha yüksək olması ilə seçilirdi. Məhz bu cür tikinti materiallarına görə, Böyük Çin səddi əsrlərdir ki, təbiətin bütün şıltaqlıqlarına rəğmən, varlığını qoruyub, saxlamaqdadır.  

Kompüter masasının siyirməsində çoxdan unutduğunuz şokolad tapdınız?  Xoş sürprizdir! Aa! O, nədi? Kağızını açanda  üzərində ağ  qat gördünüz?  Yeməyə ehtiyat edirsiniz?  Narahat olmayın, bu şokoladı yeyə bilərsiniz. Sadəcə, onun tərkibindəki  kakao yağı üzə çıxıb. Azca dadı dəyişə bilər, amma qorxulu heç nə yoxdur. Yenə də, yeməyə ürək eləmirsinizsə, yaxşı olar ki, bu şokoladı əridərək, keks bişirməkçün istfadə edəsiniz. 

Avokado ağacda yetişmir. Siz onu dərməsəniz belə, o, yetişməmiş düşəcək. Ancaq yığımdan sonra  avokadolar yumşaq və  lətli olur: lap bizim sevdiyimiz hala düşür. Buna səbəb meyvəni dərərkən ağacdan onun üstünə səpilən etilendir. 
Supermarketdən alınan pomidorlar çox vaxt dadsız olur. Bu, tərəvəzin, botanik təsnifata görə, giləmeyvənin yetişdirilməsindən, saxlanılmasından asılıdır. İş ondadır ki, pomidoru yetişməmiş yığırlar. Onlar yolda gələrkən, yaxud mağazanın rəflərində yetişir. Amma bütün bu müddətdə onu aşağı temperaturda saxlayırlar ki, xarab olmasın. Aşağı temperatur da öz növbəsində yetişmə prosesinin tamamlanmasına imkan vermir.  Nəticədə, pomidor dadının və ətrinin böyük hissəsini itirir. 
Bal yeganə qida məhsuludur ki, heç vaxt xarab olmur. Hətta onu havasız qaba qoysanız, minilliklərlə qala bilir. İndiyədək tapılmış və yeyiləcək vəziyyətdə olan ən qədim balın 5000 il yaşı var.  
Qara və südlü şokoladdan fərqli olaraq, ağ şokolad şokolad deyil. Onun içində kakao tozu yoxdur. Ağ şokoladı  şəkər-vanil aromatizatoru-araxis qarışımından hazırlayırlar. Araxis paxlameyvəlilər fəsiləsindəndir. Özünəməxsus dadı və ətri var. Faydaları çox olsa da, individual həssaslıq səbəbilə “kəskin allergik qidalar” siyahısındadır. 
 Xərçəng ətli suşi və ya roll alırsınızsa, bilin ki, onun tərkibindəki xərçəng deyil.  İmitasiyadır; adi surimidir. Aa! Surimi haqda məlumat vermədim? Tamam! Surimi ağ ətli balıqların əzilib, qarışdırılmasından, üzərinə xərçəng, krevet və ya stiridya aromaları əlavə edilməsindən ibarət  qida, daha doğrusu, yemək içliyidir.  Suşi isə bildiyimizin əksinə olaraq, yemək növü deyil, balıq saxlamaq üsuludur.  Yaponlar balığı fermentləşdirilmiş düyüyə qoyurdular. Nəticədə, balıq 1 il təzə qala bilirdi. Sonra düyünü atırdılar, balığı isə bişirib yeyirdilər. 
Əgər soğan doğrayarkən gözünüzdən yaş gəlirsə,  bundan qaçmağın bir neçə üsulu var: 
Soğanı buzluğa qoyun. Soğanın tərkibindəki  gözyaşardıcı kimyəvi maddələrin molekulları donacaq. 
Soğanı soyuq suda yuyun. Soyuq və nəm gözyaşardıcı  kimyəvi maddələri gözə düşməyə qoymur. 
Doğrama taxtasının yanına yaş kağız dəsmal qoyun. Böyük su mənbəyi hardadırsa, gözyaşardıcı kimyəvi vasitələr ora doğru qaçacaqlar, yəni, nəm dəsmala hopacaqlar. 
Vasabi hesab etdiyimiz ədviyyat, əslində, heç vasabi deyil. Əsl vasabi çox bahadır. Ona görə də, vasabinin yerinə bizə  adi qıtıqotu,  istiot və yaşıl qida rəngləndiricisinin qarışımından alınmış vasitə  sırıyırlar. 
Təzə ananas yeyəndə ehtiyatlı olun. O, sizi yeyə bilər! Ananasın tərkibində zülalları əridən ferment var. Bu səbəbdən də, siz onu yeyəndə, dilinizdə  gicişmə hiss edirsiniz. Çoxlu ananas yesəniz, ağzınızda yaralar da açılar. 
XVIII əsrdə ABŞ-da ən sevilən yemək makaron hesab edilirdi, o da  yalnız İtaliyadan gətirilirdi. Məhz İtaliyadan gəlməyi makaronu çox bahalı edirdi. Həm də, o dövrdə makaron üçün xüsusi növ pendir istehsal edilirdi. Bu səbəbdən,  pendirli makaronu yaılnız ən varlı adamlar yeyə bilirdi, yemək ən bahalı restoranlarda delikates kimi verilirdi. Həmin dövrlərdə  malyusklar, xərçəng, ümumiyyətlə, bütün dəniz məhsulları kasıbların yeməyi sayılırdı.  Sahilyanı qəsəbələr dənizdən nə tuturdularsa, onunla qidalanırdılar.  İndi “çərxi-fələk tərsinə dövran edir”: dəniz məhsulları delikatesdir, makaronsa kasıb yeməyi...  
Orta əsrlərdə  balıq da krallara layiq hədiyyə sayılırdı.  Tarixə bir fakt kimi düşüb ki, ingilis krallarına böyük durnabalığı hədiyyə edilib. Əvvəllər, Rusiya imperiyasında  qırmızı kefal delikates hesab edilirdi və imperatorlar onun üçün çoxlu miqdarda qızıl xərcləyirdilər. Fermada yetişdirilən qızılbalıq boz rəngdədir. Amma  təbiətdə o, krevetlərlə qidalandığından rəngi narıncı-çəhrayı olur.  Fermada yetişdirilən balıqlarda da bu effektə sahib olmaq üçün yemlərə xüsusi bitki piqmenti qatılır. 
Vazelinin yaradıcısı Robert Çezbrodur (Chesebrough). O, ciddi xəstəlikdən sağalan kimi, hamını əmin edirdi ki, günə 1 qaşıq vazelin yeyib, sağalıb. Hətta öz baxıcısından ayağından başınadək onu vazelinlə yağlamasını istəyirdi. Robert 96 yaşadək yaşayıb və bütün ömrü boyu vazelinin möcüzəvi xüsusiyyətinə inanıb. 
Portağalın beynəlmiləl adı sayılan “orange” kəlməsi bir çox dillərdə  narıncı rəngin adıdır. Qədim ingilis dilində bu rəng, sadəcə, “sarı-qırmızı” adlanırdı. Meyvə Avropada geniş yayılandan sonra  “orange”  rəngin adına çevrildi.  Bu kəlmənin bizim “narıncı” ilə oxşarlığını hiss eləmisiniz? 
Əgər arı pətəyinə baxmaq istəyirsinizsə, əmin olun ki, üzərinizdə banan yoxdur. Arıları öz pətəklərinin müdafiəsinə çağıran feremon banan kimi iylənir.  Ona görə də, əlinizdə banan pətəyə yaxınlaşsanız,  1 nömrəli düşmənə çevriləcəksiniz. 
Bir vaxtlar süddən plastmas hazırladılar. O,  bioloji parçalanmağa qadir idi, suda həll olmurdu, yanmırdı. Amma neftdən istehsal edilən plastmas üstünlük qazandı. Səbəb odur ki, süddən hazırlanan palstmasa forma vermək olmurdu və o, çox kövrək idi. Bundan əlavə, neftdən istehsal edilən plastmas daha ucuz olur. 
“Funtluq keks” adını içindəki inqridientlərdən alıb. Belə ki, ilk dövrlərdə o,   hərəsi 1 funt olan kərə yağı, yumurta  və şəkər tozu ilə hazırlanırdı. Maraqlıdır, görəsən,  niyə onu 3 funtluq adlandırmayıblar? 
Yeyə biləcəyiniz ən bahalı pizza 12 min dollardır. Onu dünyada yalnız 3 xüsusi təcrübə keçmiş aşpaz hazırlaya bilir. Və onlar istədiyiniz pizzanı bişirmək üçün sizin evinizə gəlirlər. Yəni, “ən bahalı pizza”nı yemək üçün aşpazın 3 gün evinizdə qalmasına dözməlisiniz. 
Qədim Misirdə işçilərə əmək haqqı kimi ərzaq verirdilər. Bu ərzaqların içində baş soğan və sarımsaq da vardı. Tərəvəzlər antibakterial xüsusiyyətlərinə görə,  məşhur idilər və də, olduqca bahalıydılar! 
Rəngli kələmlərin ən geniş yayılmış rəngi ağ olsa da, yaşıl, narıncı və bənövşəyi rənglərdə ola bilirlər.  Rəngli kələmləri yetişdirmək ağ kələmi yetişdirməkdən  daha çətindir. Amma tərkibinə görə, elə də fərqlənmirlər. Əgər sizə maraqlıdırsa, deyim ki, dünyada bir neçə yüz rəngli kələm növü var. 
Yumurtanın təzəliyini yoxlamaq üçün onu su dolu kasaya qoyun. Əgər yumurta təzədirsə o, dibə çökəcək, xarabdırsa üzdə qalacaq. 

Aysun / Demedia.az