MƏNİ BAĞIŞLA, MİRZƏ FƏTƏLİ, bir yuxuluq dərdimə!



 12:50 26.07.2023     387

Bu gecə Mirzə Fətəlini yuxuda görmüşəm. Deyim ki, yaxınlarda yadıma düşüb, ya mütaliə eləmişəm, vallah, yox. Elə bil canlıydı, əlimin içi kimi aydın görürdüm hər şeyi.

Təbii ki, şəkildəki siması deyildi, nəsə yarıqaranlıq, yarınurlu bir simaydı. Görürəm, sufi dərvişləri kimi oynayan adamlara baxırıq. Deyirəm, Mirzə, axı sən bu dinin-filanın əleyhinəsən, o ki qala sərgərdan, bağrıyanıq dərvişlər ola? Dedi, əslində insan dərviş olmalıdır ki, təkliyi duysun, özünü dərk eləsin. Sonra oğlunu görürəm. Görürəm, ağ örpəkli bir gəcavədədi, əlində vərəqlər var, külək əsir örpəklər də, vərəqlər də yellənir.

Səhər durdum, uzun müddət təsirindən çıxa bilmədim bu röyanın. İşə gəldim. Təzyiqim kəllə-çarxdadı. Bilirəm, yuxunun təsirindəndi. Açdım Vikipediyanı. Nə görsəm yaxşıdı? Onun müxtəlif mənbələrdə müxtəlif cür göstərilən doğum günlərinin içində yeni tarixlə iki gün əvvəl - iyulun 24-ü də var. Mən də yuxunu görmüşəm 25-dən 26-na keçən gecə.

...Bir dəfə işlədiyim televiziyaların birində müdirə dedim ki, Mirzə Fətəli Axundov haqqında bir film eləyim, o kişinin hələ də tam aça bilməmişik. Dindar adamıydı, dedi ki, elə yaxşı olub açmamışıq, düz-əməlli adam olsaydı, meyiti ortada qalmazdı. Daha heç nə demədim...

Mirzə Fətəli Axundov nəhəngliyində insan hansı millətdə olsaydı, onun ruhuna and olsun ki, dünyanı qabağına qatardı. Mən Mirzə Fətəli Axundovu Monteskye, Russo kimilərinə dəyişmərəm. Çünki ən azından Mirzə Fətəlinin o dövrdə amansız Şərqin cəhalətində elədiklərini, yazdıqlarını özündən deyən yüz dənə Russo gəlib həmin dövrdə Şərqdə eləyə bilməzdi ki, o elədi!

Əslində, bu, yazı deyil, eləcə yuxumu, dərdimi danışmaqdı sizə. Danışdım, sizinlə paylaşdım, azacıq rahatladım, təzyiqim deyəsən azca düşdü.

Bizi bağışla Mirzə Fətəli, bizi bağışla. Səmimi deyirəm, düşünürəm, qəsdən yuxuma girdin, qəsdən mənimlə danışdın, qəsdən məni incitdin ki... Səni unutmuşam, Səni unutmuşuq...

İlham TUMAS