POZĞUN LARİSANIN ŞƏRİ – müstəntiqin peşəkarlığı



 11:03 27.07.2023     1682

Bu bina keçmişdə karvansara olub. Sonradan “Spartak” adıyla kinoteatr kimi fəaliyyət göstərib. İndi artıq kinoteatr deyil. Ancaq çox da uzaq olmayan keçmişdə burda “Araz” adında kinoteatr vardı. Hər şey məhz keçmiş “Araz” kinoteatrının yaxınlığındakı binaların birindən milisə daxil olan zənglə başlamışdı. Bu zənglə başlanan istintaqımızda çox şey var: həm ehtiras, həm sevgi, həm yalan, həm də müstəntiq ədaləti və səbri.

Qızdan zəng

02-yə gənc bir qızdan təcavüzə məruz qalması şikayəti ilə zəng daxil olur. Bakı Şəhər Daxili İşlər İdarəsi hadisəylə bağlı rayon prokuroruna məlumat verir. Prokuror işin icraatını müstəntiq Oqtay Qasımova tapşırır. 

Müstəntiq dərhal tapşırığın icrasına başlayır. O, Daxili İşlər İdarəsinə gələnə qədər artıq qızın zəng vurduğu ünvan məyyən edilmiş, əməliyyat qrupu hadisə yerinə getmişdi. Qız şəhərin mərkəzində - “Araz” kinoteatrının yaxınlığında yerləşən binadakı mənzildən zəng eləmişdi. Əməliyyat işçiləri bağlı qapını çöldən açdıqda otaqda təxminən 17-18 yaşlarında, sarısaç, əynində üst paltarı olmayan gözəl bir qızla qarşılaşırlar. Əməliyyatçılardan biri çarpayının üstündən mələfəni götürüb qıza verir.

Müstəntiqin tapşırığıyla əməliyyat işçiləri mənzildə axtarış aparırlar və divar sobasının içərisində paltarlarını tapıb qıza verirlər. Bundan sonra müstəntiq sarısaç qızı ətraflı dindirməyə başlayır.

Turist qız

Bakı hələ Sovet dövründən həmişə qonaqlı-qaralı olub. Nəinki ittifaq respublikalarından, sosialist ölkələrindən, elə kapitalist dövlətlərindən də şəhərə xeyli turist gələrdi. 1983-cü ildə Respublika rəhbəri Heydər Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi ilə "Xəzərin Azərbaycan sahillərində Ümumittifaq əhəmiyyətli kurort zonası yaradılması" haqqında qəbul edilən qərardan və qərarla həyata keçirilən işlərdən sonra Bakıya gələn turustlərin sayında xeyli artım müşahidə olundu. Təsadüfi deyil ki, Sovet dövründə Azərbaycana ən çox turist 1987-ci ildə gəlmişdi: xarici ölkələrdən 50 min, ittifaq respublikalarından 250 minə yaxın turist. Gözəl Bakımızın turizm imkanlarından danışmağım əbəs deyil. Bəli, hadisənin baş verdiyi 1987-ci ildə Bakıya çox turist gəlmişdi. Xaricdən 50 min, ittifaq respublikalarından 250 min!

Larisa Baxar

Hə, Bakıda zorakılıqla qarşılaşmış adı Larisa, soyadı Baxar olan bu qız da turistdir. Müstəntiqə deyir ki, 18 yaşı var, Belorusiyanın Vitebsk şəhərindən gəlib. Üç gün əvvəl küçədə dondurma alarkən iki nəfər cavan oğlan ona yaxınlaşıb söz atıb, əvvəlcə dilə tutublar, sonra da zorla avtomobilə otuzdurub bu ünvana gətiriblər. Üç gün müddətində hər iki cavan ona təcavüz ediblər. Qaçmasın deyə sənədlərini əlindən alıblar, paltarlarını gizlədiblər. Onlar yemək almaq üçün mənzildən çıxdıqda, bu gün imkan tapıb 02-yə zəng vurub milisə xəbər verib.

Sahiblə İlyasın işləri

Müstəntiq Larisanı dindirən zaman əməliyyat işçiləri oğlanlardan birini - Salayev Sahibi tutub gətirmişdilər. Əlindəki bükülüdə bir şüşə araq, kolbasa, çörək, pendir və başqa ərzaqlar vardı.

Sahib ikinci oğlanın ad-soyadını deyir: Məmmədov İlyas. İlyas da yaxalanıb Daxili İşlər İdarəsinə gətirilir. Təcili olaraq Daxili İşlər Nazirliyinin informasiya mərkəzinə sorğu göndərilir. İnformasiya mərkəzindən alınan arayışdan məlum olur ki, Salayev Sahib əvvəllər zorlama, İlyas isə adam öldürdüyünə görə - hər biri 10 il məhkumluq həyatı yaşayıblar. Onlar dustaqlıqda, koloniyada cəza çəkərkən tanış olub dostlaşıblarmış. Cazibədar belorus qızının gözəlliyi, gəncliyi, məsumluğu, o biri tərəfdən də Sahiblə İlyasın əvvəllər məhkum olmaları və belə bir ağır cinayət törətməklə xalqın adına ləkə gətirmələri hamıda qəzəb yaratmışdı. Ancaq işə ehtiyatla, soyuq başla yanaşmaq üçün emosiyaları sakitləşdirmək lazım idi.

Cinayət hadisəsi haqqında prokurora məlumat verdikdən sonra müstəntiq Sahiblə İlyası Larisa Baxarı zorlamaqda şübhəli şəxs kimi saxlamaq üçün protokol tərtib edib onları ibtidai həbs otağında saxlayır və bununla da onları kənar şəxslərlə, həmçinin milis işçiləri ilə görüşməkdən məhrum edir. İstintaq davam edirdi. Müstəntiq Oqtay Qasımov Sahib Salayev və İlyas Məmmədovdan ifadələr alır.

İfadələr alınır

Sahib Salayev ilk ifadəsində bildirir ki, Larisanın saxlanıldığı mənzil onun bacısına məxsusdur. Mənzildə xırda-para təmir işləri getdiyi üçün ev sahibi müvəqqəti olaraq anasıgildə yaşayır. O isə təmirlə məşğul olmaqla yanaşı, həm də evin qorunmasını təmin etmək üçün həmin mənzildə qalır. Larisa ilə tanışlığa gəldikdəsə, bu tamamilə təsadüfi olub. Dostu İlyasla “Azərbaycan” kinoteatrının qarşısında Larisa ilə tanış olublar. Bir qədər şəhəri gəzdikdən sonra onun razılığı ilə bacısının mənzilinə gəliblər. Sahib Larisa ilə əlaqədə olmasını boynuna almırdı. Sahib iddia edirdi ki, onların heç biri Larisaya təcavüz etməyiblər. Əksinə, Larisa özü İlyasdan xoşu gəldiyini onlara deyib.

İlyas Məmmədov da Sahib Salayevin ifadəsinə uyğun ifadə verir. O, Larisa ilə yaxınlıq elədiyini etiraf eləyərək, deyir Larisaya o qədər vurulubmuş ki, subay adamdır, hətta onunla evlənmək istəyirmiş. Deyir, qızı da elə bu məqsədlə evdə saxlayıb.

Bunlardan əlavə, hər iki şübhəli şəxs Larisa Baxarın paltarlarını gizlətdiklərini, sənədlərini götürdüklərini qətiyyətlə inkar edirlər. Qızın milisə zəng vurduğu gün İlyas evdən çıxıb iş dalınca gedib, Sahib də yaşadıqları binanın altındakı dükandan ərzaq almaq üçün aşağı düşüb. Larisa isə milisə zəng vurub.

Üzləşmə

Üzləşmə zamanı isə qız hər iki şəxs tərəfindən zorlanmasını təkidlə təsdiq edirdi. Təbii ki, zorlanma hadisəsini təsdiq etmək üçün ilk növbədə məhkəmə-tibb ekspertizasının rəyini almaq lazım idi. Üstəlik, Larisanın şəxsiyyətini təsdiq edən rəsmi sənəd də yox idi. Onun dəqiq yaşı da məlum deyildi. Məhkəmə-tibb ekspertizasının rəyi hələ alınmamış, Vitebskə göndərilən teleqramdan da xəbər yox idi. İstintaq cavabları gözləyirdi, vaxt isə gözləmirdi.

Məsələ bundaydı ki, Sahiblə İlyasın həbsə alınması üçün sanksiya almaq lazım idi, ancaq bunun üçün tələb olunan sənədlər - Larisanın doğum haqqında şəhadətnaməsi, onun zorlanması haqqında məhkəmə-tibb ekspertizasının rəyi müstəntiqdə yox idi. Ancaq müstəntiq Oqtay Qasımov Salayevlə Məmmədovun bu hadisəni törətdiklərinə inanırdı və hər ikisini həbs etmək istəyirdi. Burda iki məqam bu inamı daha artırırdı. Birincisi, Larisa Baxar çox gözəl idi, məsum siması vardı. İkincisi, Sahiblə İlyas əvvəllər məhkum olunmuşdular. Dediyimiz kimi, Sahib zorlama, İlyas isə adam öldürdüyünə görə.

Müstəntiq yenə tərəddüd edir

Bunları nəzərə alan müstəntiq hər iki şəxsin həbsə alınmaları üçün qərar layihəsi hazırlayır. Ancaq yenə tərəddüdəydi. Axı, axı ittiham elan etmək üçün kifayət qədər sübut yox idi. Bu arada Daxili İşlər İdarəsindən zəng vurub bildirirlər ki, Vitebskə göndərilən teleqrama cavab verilib. Teleqramda Larisanın Vitebskdə yaşaması, orada orta məktəbdə oxuması təsdiq olunmur. Müstəntiq Larisa ilə bir daha görüşür. Qız sanki şokdaymış kimi, heç nə xatırlamadığını desə də, yenə əvvəlki ifadəsini təsdiqləyir. Ancaq bu dəfə nəhayət oxuduğu məktəbin nömrəsini və məktəb direktorunun adını deyir. Zərərçəkənin müvəqqəti olaraq prokurorun köməkçisi Zeynalovanın mənzilində qalması təmin edilir.

Sən kimsən, Larisa?

Bundan sonra müstəntiq Larisanın fotoşəklini çəkdirib teleqramla yenidən Vitebskə göndərir və xahiş edir ki, Larisanın nömrəsini verdiyi məktəb direktoru vasitəsilə lazım olan suallar araşdırılsın. Həmin günün axşamı Vitebskdən alınan foto-teleqram bundan əvvəlki bütün fikirləri alt-üst edir.

Teleqramdan məlum olur ki, Larisa Baxarın 18 yox, 15 yaşı var. Orta məktəbi bitirməyib. Anasının yanında olur, anası isə pozğun həyat tərzi sürür. Bakı şəhərinə turist dəstəsi ilə deyil, evdən qaçıb gəlib.

İlyas xəstələnib

Artıq sular yavaş-yavaş durulmağa başlayırdı. Müstəntiq Oqtay Qasımov Larisa Baxarı yenidən dindirmək üçün istintaqa çağırtdırır. Qız hələ gəlib çıxmamış, ibtidai həbs otağının rəisindən telefon zəngi gəlir. Rəis bildirir ki, müvəqqəti həbsdə saxlanılan İlyas Məmmədov təcili olaraq onunla görüşmək istəyir və ancaq görüşməyin səbəbini heç kəsə bildirmir. Müstəntiq Daxili İşlər İdarəsinə gedir və İlyasla görüşür. İlyas həbsdə saxlandığı iki gün ərzində büsbütün dəyişmişdi. Hiss olunurdu ki, həddən artıq həyəcanlıdır.

Məmmədov müstənqilə təklikdə danışmaq istədiyini bildirir. Müstəntiq əməliyyat işçisinin otaqdan çıxmasını xahiş edir. Təklikdə qaldıqda İlyas utana-utana ona deyir ki, cinsi yolla keçən yoluxucu xəstəliyə tutulub və əmindir ki, bu xəstəlik ona Larisadan keçib. Belə ki, bu günlərdə ondan başqa heç kimlə cinsi əlaqədə olmayıb. İlyas müayinə olunmaq üçün təcili olaraq zöhrəvi xəstəliklər poliklinikasına göndərilir.

Ax Laisa...

Müstəntiq qızı dindirmək üçün prokurorluğa çatdıqda ona məhkəmə-tibb ekspertinin Larisa Baxarla bağlı müayinəsinin nəticəsi oan təqdim olunur. Məlum olur ki, Larisada zorlanma əlaməti yoxdur, bəkarəti isə çoxdan pozulub. Əldə olan əks-sübutlar müstənqin Larisaya qarşı münasibətini tamamilə dəyişir. Artıq əsas var idi ki, ona zərərçəkmiş kimi deyil, böhtançı, başqasını ağır cinayət törətməkdə təqsirləndirmək üçün qəsdən, bilə-bilə yalan ifadə verməkdə günahlandırılsın.

Bu gözəl qız artıq mələk simasında şeytanı xatırladırdı. Müstəntiq bu dəfə artıq onunla rəhmdilliklə yox, sərt və kəskin danışmalı olur. Larisa bunu hiss edir. Layiq olduğu münasibət onun iç üzünü tez açır. Baxar Larisa iç üzünü gizlətməyin mənasız olduğunu anlayıb etiraf edir.

Larisanın ağır həyatı

Etiraf edir ki, hələ uşaqlıqda anası evə tez-tez tanış olmayan kişilər gətirər, onlarla yeyib-içərdilər. Hərdən anasının aşnaları onunla da əylənməkdən çəkinməzmişlər. Onlardan biri, kefli vəziyyətdə qıza təcavüz edib. Bununla da o, pozğunluq yolunu özünə peşə seçib. Tez-tez evlərinin yaxınlığındakı hərbi hissəyə gedər, orada xidmətdə olan əsgərlərlə görüşürmüş. Bakı şəhərinə gəlməsinin də səbəbini Larisa belə izah edir ki, anası ilə yola getməmiş, Bakıda gözəl kişilərin olmasını, şəhərin isti olmasını eşitmiş və qərara gəlmişdir ki, burda pul qazanmaq çətin olmaz. Larisa eyni zamanda etiraf edir ki, üç gün Sahibin mənzilində qaldığı müddətdə zorakılığa məruz qalmayıb. Larisa müayinəyə göndərilir və zöhrəvi xəstəlik daşıyıcısı olması, İlyasa da bu xəstəliyin ondan yoluxduğu təsdiqlənir.

Bu da son

Larisa azyaşlı olduğundan onu cinayət məsuliyyətinə cəlb etmək mümkün olmur. Həm də, onun taleyinə yanmamaq da mümkün deyil. Axı, o bu yola öz istəyi ilə düşməmişdi. Bu baxımdan onun günahkar olub-olmaması ilə bağlı qəti bir fikir söyləmək mümkün deyil. Ancaq vəzifə borcu vəzifə borcudur. Müstəntiq Bakı qonaqpərvərliyi ilə onu Dəri-zöhrəvi xəstəxanasında müalicə etdirib milis işçilərinin müşayiəti ilə Vitebskə yola salır. Sahib və İlyas həbsdən azad edilirlər.

Müstəntiq Oqtay Qasımov “Tövrat”dan ibrətamiz bir rəvayət danışdı. Bu rəvayətlə bizim istintaqda baş verənlərin bir fərqi var. Tövratda Daniyel peyğəmbərin müdrikliyi ilə bir qadın iki kişinin şərindən, bizim istintaqdasa müstəntiqin bacarığı və səbriylə iki kişi bir qadının şərindən qurtulur. Şər atmaq, kiminsə haqqına girmək həm qanunu pozmaq, həm də günahdır. Bunu hər kəsin bilməsi lazımdır!

Yeri gəlmişkən, indi haqq dünyasında olan, rəhmətlik böyük dostum müstənq Oqtay Qasımov deyirdi ki, bir il sonra Larisanı yenə Bakıda görür. Ona deyir, bir də buralarda görünsə, onu həbsə atacaq. Çünki bura ancaq kimlərəsə şər atmağa gəlir...

İlham TUMAS

Filmə bu linkdən baxa bilərsiniz:

https://www.youtube.com/watch?v=W-ZwGbpOu_U