Zelenski yeni müdafiə naziri təyin edir



 11:15 04.09.2023     288

Ukrayna prezidenti Volodimir Zelenski müdafiə naziri Aleksey Reznikovun vəzifəsini tərk edəcəyini açıqlayıb.

Demedia.az xəbər verir ki, prezident Ukraynanın Dövlət Əmlak Fondunun rəhbəri Rustem Umerovu bu vəzifəyə təklif edib.
Rustem Enver oğlu Umerov 1982-ci ildə Səmərqənddə anadan olub. 1944-cü il mayın 18-də Umerovlar ailəsi tarixi vətəni Krımdan Sibir və Orta Asiyaya deportasiya edilib. 90-cı illərinin əvvəllərində isə Krım tatarlarının repatriasiyası başlanandan sonra Umerovlar ailəsi öz tarixi vətənlərinə qayıda bilib.

Rustem Umerov Milli İdarəetmə Akademiyasında (Kiyev) iqtisadiyyat üzrə bakalavr və maliyyə üzrə magistr dərəcəsi alıb.  O, daha əvvəl Avropa Şurası Parlament Assambleyası yanında Daimi Nümayəndəliyinin rəhbərinin müavini olub. 2020-ci ildə Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında “Krımın və Sevastopolun işğaldan azad edilməsi üzrə dövlət strategiyası”nın hazırlanması üzrə qrupa qoşulub. 2019-cu ilin iyulunda Ali Radaya keçirilən növbədənkənar parlament seçkilərində "Səs" partiyasından Ukraynanın xalq deputatı seçilib.

Qeyd edək ki, Aleksey Reznikov 2021-ci ildən bu vəzifədə idi.

Bahadur Seyidov