İsrail-Fələstin münaqişəsinə üçüncü ölkə qatılır? - “İsrailin hərəkətlərindən asılıdır”
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan regional turu çərçivəsində getdiyi Bağdadda İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşüb.
Demedia.az İRNA-ya istinadən xəbər verir ki, Fələstin və Qəzzada baş verən hadisələrin müzakirə olunduğu görüşdə Abdullahiyan İsrailin tamamilə mühasirəyə aldığı Qəzzaya qarşı qırğın başlatdığını, başda ABŞ olmaqla bəzi tərəflərin Təl-Əviv rəhbərliyinə dəstək verdiyini deyib.
Fələstinlilərə dəstək olacaq hər hansı bir təşəbbüsü alqışladıqlarını bildirən Abdullahiyan Qəzza xalqına yardım göstərmək üçün Qırmızı Xaç və Birləşmiş Millətlər Təşkilatının rəsmiləri ilə əlaqə saxladıqlarını və bölgə ölkələri ilə də məsləhətləşmələr apardıqlarını bildirib.
İranlı nazir qeyd edib ki, İsrailin Qəzzada törətdiyi hərbi cinayətlərin dayandırılması zəruridir və bu məqsədə çatmaqda İraqın rolunu çox mühüm hesab edirlər.
Abdullahiyan bildirib ki, ölkədə yeni cəbhənənin açılması “İsrailin Qəzzada hərəkətlərindən asılıdır". Qeyd edək ki, Bağdaddakı rəsmi görüşlərdən sonra İran XİN başçısı Livana gedib.
Bahadur Seyidov