Rusiya müharibədə bu istiqamətdə ağır itkilər verib - KİV



 16:43 18.10.2023     929

Rusiya Ukraynanın şərqindəki yeni əməliyyatında ağır itkilər verib.

Demedia.az xəbər verir ki,  Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun son 24 saat ərzində Donetsk vilayətinin Avdiyivka şəhərinə 15 hücum təşkil etdiyini və bunların hamısının dəf edildiyini iddia edib.

Ukrayna üçün bu şəhər strateji əhəmiyyətə malikdir. Kiyev qüvvələri buradan başladıqları hücumlarla Rusiyanın logistika xətlərinə zərər verə bilər.

ABŞ-nin aparıcı qəzetlərindən olan “Wall Street Journal”ın (WSJ) məlumatına görə, Rusiya ordusu şəhərə hücumlara başladığı 10 oktyabrdan bu yana ən azı 30 zirehli texnikasını itirib.

 Ukrayna ordusunun sözçüsü Oleksi Dmitraşkivski hücumun ilk günündə 800 rus əsgərinin öldüyünü, 1200 nəfərin isə yaralandığını iddia edib. Sözçü həmçinin bildirib ki, Ukrayna pilotsuz təyyarələri ən azı 10 Rusiya tankını sıradan çıxarıb.

Nəşr iyun ayında əks-hücuma başlayan Ukraynanın planlaşdırıldığı kimi cəbhədə irəliləyə bilməyəcəyinə də diqqət çəkib.

 Polşada yerləşən “Rochan Consulting” hərbi analiz şirkətindən Konrad Muzika bildirib ki, yayda təşəbbüs Ukrayna ilə idi: “İndi vəziyyət yavaş-yavaş dəyişir. İndi böyük ehtimalla hücuma keçən ruslar olacaq".

Rusiya Müdafiə Nazirliyi Avdiyivka cəbhəsindəki vəziyyətlə bağlı şərh sorğusuna cavab verməyib.

Bahadur Seyidov