SEVGİLİLƏRİN QANLI VÜSALI - İstintaq davam edir



 13:35 23.10.2023     308

Bir qız yazı yazır: “Allahım, Askaya kömək ol. Çünki onu itirməkdən çox qorxuram. Allahım niyə, niyə sevdiklərimi itririrəm? “Allahım, hamıya kömək ol, mənə də onların içində” deyirlər. Allahımız hər kəsin sözünü eşidir. Allahım, mənim də sözümü eşit. Allahım, Askaya kömək ol. Mən öz ürəyimi ona verdim, onu çox sevirəm, yəqin ki, o da məni sevir...”.

Bu dualar hansısa sevgi romanından götürülməyib. İstintaq müəllifinin sizi kövrəltmək üçün uydurması da deyil. Sırf istintaq materialıdır. Bir qız sadə məktəbli dəftərində yazıb bunları. Bəs bu intim yazıların bizim istintaqa nə dəxli var? Tələsməyək, əvvəldən başlayaq...

2017-ci il yanvar ayının 28-də Daxili İşlər Nazirliyinin “102 Qaynar xətt”inə 1999-cu il təvəllüdlü Qəhrəmanova Ayşən Namizəd qızının səhər saatlarında evdən çıxaraq geri qayıtmaması barədə məlumat daxil olur. Qızın atası Namizəd həmin tarixdə Ağsu rayon polis şöbəsinə də eyni məzmunlu ərizə ilə müraciət edir.

Yanılmıramsa, Engelsin fikridir: ehtiyac icadın anasıdır. Düşünürəm, doğru söyləyib. İnsan övladı nəyə ehtiyac duyubsa, hansı çətinlikə üzləşibsə, o ehtiyacın, çətinliyin öhdəsindən ağlının, düşüncəsinin hesabına gəlib. Yəni, nəyisə kəşf edib...

Həyatımızın ayrılmaz atributuna çevrilən mobil telefonlar da bu silsilədən olan icadlardandır. İnsanlar uzaqdan, biri-birini görmədən danışmaq istədilər, əvvəlcə simli, sonra simsiz rabitə meydana çıxdı. 21-ci əsrdəsə mobil rabitə o qədər inkişaf eləyib ki, artıq danışanlar biri-birinə ismarıc göndərir, hətta görüntülü ünsiyyət qura bilirlər. Qısası, Amerikalı mühəndis Martin Kuperin 1973-cü ildə icad etdiyi mobil telefon nümunəsi indi o qədər inkişaf edib ki, uzaqları yaxınlaşdırır, həsrətliləri qovuşdurur. Bizim cinayət işində adları keçənlər də mobil telefon vasitəsiylə tanış olublar, ünsiyyət qurublar. İtkin düşmüş Ayşən Qəhrəmanova kimi.

İstintaq materiallarında 1 iyun 2016-cı il tarixdən 1 mart 2017-ci ilədək olan müddət ərzində Ayşənin telefonuna daxil və xaric olunmuş zənglər, sms mətnləri barədə məlumatlar yer alıb.

Məlumatlar olan diskə baxış zamanı müəyyən edilir ki, 2016-cı ilin oktyabr ayında Ayşən Sahil adlı bir gənc oğlanla telefon mesajları və 107 saniyəlik danışıqla əlaqə saxlayıb. İstintaqa ifadə verən Sahil Ayşənlə həqiqətən telefonla əlaqə saxladığını etiraf edib. Ancaq bu münasibət uzun müddət davam etməyib.

Sahil deyir ki, Ağsu qeydiyyatında olsa da, Bakıda yaşayır. O, Ayşənlə 2016-cı ilin avqustunda tanış olub, hətta ona işlənmiş düyməli mobil telefon hədiyyə edib. Ayşən həmin telefon vasitəsilə ona sevgi mesajları göndərib, arada danışıblar da. 2016-cı ilin noyabr ayında qızın qardaşı bu münasibətdən xəbər tutub, bacısı ilə bir daha danışmamasını ondan tələb edib. Sahil də problem yaranmaması üçün Ayşənlə sonuncu dəfə 2017-ci ilin yanvarında danışıb və xahiş edib ki, bir daha ona zəng eləməsin. Ayşənin növbəti danışdığı adam da Ağsu sakinidir. Onun Manafov Elminlə telefonla ünsiyyəti təxminən bir ilə yaxın sürüb.

Gənc qızın sonuncu münasibət qurduğu adam Manafov Elminin qardaşı Asif olub. 1991-ci il təvəllüdlü Asif qızdan 8 səkkiz yaş böyük olsa da, aralarında sevgi yaranıb.

Ayşən vaxtaşırı Asiflə gizlicə görüşürmüş. Oğlan da ona qarşı etinasız olmayıb. Qızın yoxa çıxdığı vaxt, yəni 2017-ci ilin 27-28 yanvar günlərində qız iki nəfərin telefonuna mesaj göndərib. Bunlardan biri Sahildir. Bildiyimi kimi o, Ayşənlə danışmaqdan imtina edib. Həqiqətən, istintaqla müəyyən edilir ki, 27 yanvar 2017-ci il tarixdə saat 18.40 və 18.46-da Ayşənlə Sahil telefonla danışıblar. Ancaq anten dairəsinə dair məlumatlardan görünür ki, həmin tarixdə və ondan sonrakı vaxtlarda Sahil Bakda olub. Ondan fərqli olaraq Asif isə həmin tarixdə qızla dəfələrlə danışıb.

İstintaq materiallarına əsasən Manafov Asifin istifadəsində olmuş telefona 2017-ci il yanvarın 27-28 arası daxil olmuş və çıxan zənglərə, telefonun anten dairələrinə diqqət edək. Telefon məlumatlarından görünür ki, 27-28 yanvar 2017-ci il tarixdə saat 22 radələrinə qədər Asif Manafov Kürdəmir rayonu ərazisində olub. Sonra o, Ağsu şəhəri istiqamətində hərəkət edib və bu müddət ərzində mütəmadi olaraq Ayşənlə əlaqə saxlayıb. Sonuncu dəfə onun qızla danışı 7 saniyə çəkib. Bundan sonra Ayşən Qəhrəmanovanın nömrəsi istifadə olunmayıb. İstintaq zamanı o da müəyyən edilir ki, Ayşən yanvarın 27-də bacısının yanında Asiflə telefonda danışıb və ona gecə Asiflə görüşüb evə qayıdacağını deyib. Ancaq qayıtmayıb.

Hə, istintaqımızın əvvəlində yazısından iqtibas gətirdiyimiz qız Ayşəndir. Sadə məktəbli dəftərinin bir vərəqində yazılmış mətni qız itkin düşəndən sonra valideynləri istintaqa təqdim edib. Məhkəmə-xətşünaslıq ekspertizasının 9 avqust 2017-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş “Allahım, asqaya köməy ol, cünkü onu itirməydən çox qorxuram, allahım, niyə, niyə sevdiklərimi itirirəm” sözləri ilə başlayıb, “onu çox sevirəm, Allahım. Sevənləri qovuşdur, onların içində məni də. Onu çox sevirəm, bizi ayırma” sözləri ilə bitən mətn Qəhrəmanova Ayşənə məxsusdur.

İş üzrə şahid qismində dindirilmiş, Asifin atası Arifin dəmir toplama məntəqəsində fəhlə işləyən Bilal Vəliyev 15 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət edərək bildirir ki, Asifin Ayşəni öldürdüyünü ilk gündən bilib, hətta qızın meyitinin basdırılaraq cinayətin gizlədilməsində Asif Manafova kömək edib. O, bunları həm qorxduğuna, həm də Asifin atasıyla qonşu olduğuna, ona çox yaxşılıqlar etməsinə görə gizlədibmiş. Artıq qətlin kim tərəfindən törədildiyi, meyitin harda gizlədildiyi istintaqa məlum idi. Beləliklə, Manafov Asif şübhəli şəxs qismində dindirilir. Bu dəfə o, əməliyyat-axtarış tədbirləriylə əldə edilmiş, əleyhinə olan faktlara cavab verməliydi.

Manafov Asif etiraf edir ki, 2016-cı ilin noyabrında tanış olduğu Ayşənlə bir-birlərini seviblər. Vaxtaşırı evlərinin yaxınlığındakı yarımtikili binada görüşüblər. 27 yanvar 2017-ci il tarixdə Kürdəmir rayonunda olanda telefonla danışıb Ayşənlə axşam görüşmək qərarına gəliblər. O. Ağsuya geri qayıdandan sonra onlara məxsus dəmir toplama məntəqəsində fəhlə işləyən Bilal Vəliyevdən tanışının evində görüşmək üçün icazə istəyir. Saat 22 radələrində Bilalla birlikdə taksiylə Ayşəni evlərindən götürüb həmin evə gəlirlər. O, yolüsdü marketdən 1 şüşə qırmızı çaxır və şokalad alır. İstəklilər birlikdə çaxır içirlər.

Görüşdən sonra onunla evlənməli olduğunu deyən Ayşənin bu tələbi Asifi özündən çıxarır. Düşünür ki, ondan can qurtarmağın yeganə yolu qızı öldürməkdi.

Asif Ayşənə deyir ki, onunla evlənməyə razıdır, ancaq birinci onu xalasıgilə aparmalıdır. Atası ona tez-tez zəng elədiyindən, Asifin telefonunun enerjisi bitdiyi üçün o, qızın razılığı ilə onun telefonunu götürüb öz nömrəsini cihaza daxil edir. Bundan sonra görüşdükləri evdən çıxırlar, Qaraqaşlı kənd qəbristanlığına tərəf gedirlər. Qəbristanlığa çatanda guya xalasına zəng elədiyini söyləyib, gözləmək lazım olduğunu deyir. Ayşən aldadıldığını başa düşüb getmək istəyəndə kəmərinin altındakıı bıçaqla qızı vurur. Sonra Bilala zəng eləyir. Bilal gəldikdən sonra meyiti birlikdə qəbristanlıqda gizlədib evə gedirlər. Səhərisi günün axşamı Bilal Asifin atası Arifə hadisəni danışır. Hava qaralanda hər üçü qəbristanlığa gəlirlər. Atası onları maşında gözləyir. Bilalla Asif meyiti avtomaşının salonuna qoyub Şirvan kanalından Kəngərli kəndinə gedən su kanalının yanına gətirir və orda basdırırlar.

Cinayət işi üzrə şahid qismində dindirilmiş Respublika Psixiatriya xəstəxanasının həkim-psixiatrı Nihad Məmmədov ifadəsində göstərir ki, Manafov Asif Arif oğlunu xəstə kimi xatırlamasa da, xəstəlik tarixinə əsasən o, 16 fevral 2017-ci il tarixdən 16 mart 2017-ci ilədək Respublika Psixiatriya xəstəxanasında müalicə alıb. Asif Manafova şəxsiyyətin emosional davamsız tip pozuntusu, özünə xəsarət yetirmə və tez-tez davamlı dekompensasiyalar, davanış pozuntuları, psixopata bənzər şəxsiyyət pozuntusu diaqnozları qoyulub. Belə xəstələr, o cümlədən Asif Manafov psixatrop dərmanlarla müalicə olunurlar. Ayşən Qəhrəmanova öldürüldükdən sonra meyiti Qaraqaşlı qəbristanlığından götürülüb burada torpağa basdırılıb.

İlham TUMAS

Yazı əsasında İctimai Televiziya və Radio Yayımları Şirkətində "İstintaq davam edir" layihəsi gedir.

Film Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin dəstəyi ilə çəkilib.