"BÖYÜK QAYIDIŞ", yoxsa BÖYÜK ALVER?



 16:09 31.10.2023     257

Laçından, Zəngilandan və digər işğaldan azad olunmuş rayonlardan “Böyük Qayıdış”la bağlı həyəcanlı xəbərlər gəlir. İnsanların doğma yurd-yuvalarında rahat yaşayışları üçün şərait yetərincə deyil.

Bu səbəbdən köç edənlərin bir çoxlarının yenidən Bakıya qayıtdıqları deyilir. Məlum olur ki, işğaldan azad olunmuş yurdlarda ictimai-iaşə qiymətlərindən tutmuş, dükanlardakı qiymətlərə qədər hər şey qan bahasınadır, camaatın da təsərrüfatla məşğul olmağa icazəsi və imkanı yox! Bu gedişlə hamı oralardan perik salınacaq, insanların da illər uzunu çəkdikləri yurd həsrəti, torpaq nisgili acı zəqquma çevrilib boğazımıza keçəcək.

Yoxsa kimlərsə “Böyük Qayıdış” adıyla böyük pullar qazanır, xəbərimiz yoxdur?

Yoxsa kimlərsə minlərlə şəhidimizin qanı bahasına azad olunmuş yerlərdə qayıdanlara xidmət eləmək əvəzinə bahalı restoranlar qurub alver edir?

Yoxsa kimlərsə qanla yoğrulan bu torpaqları özəlləşdirib dədəsinin torpağı kimi istifadə eləmək niyyətindədir?

Bütün bu “yoxsa”ların cavabı “Böyük Qayıdış”a birbaşa cavabdeh şəxslərdədir! Cavab versinlər!

İlham TUMAS