Ərzaq bahalaşacaq - Xəbərdarlıq edildi



 22:48 31.10.2023     208

Yaxın Şərqdəki münaqişələr qlobal əmtəə bazarlarında ciddi  dəyişikliyə  səbəb olacaq.

Demedia.az xəbər verir ki,  bu barədə Dünya Bankı məlumat yayıb. Bildirilib ki, İsrail-Həmas  arasında başlayan müharibə Rusiya-Ukrayna müharibəsi ilə  paralel baş verir. Bu da həm neftin,  həm də  ərzaq qiymətlərinə  təsir edəcək.

Qeyd edilib ki, münaqişə başlamazdan əvvəl Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupunun neft tədarükünü könüllü şəkildə azaltması enerji qiymətlərinin üçüncü rübdə 9 faiz artmasına səbəb olub. Nəticədə, Dünya Bankının əmtəə qiymətləri indeksi bu dövrdə 5 faiz artıb və hazırda 2015-2019-cu illərin orta göstəricisindən 45 faiz yuxarı olduğu bildirilir.

Hesabatda qeyd olunub ki, neft tədarükündə “kiçik fasilə” olarsa, qlobal neft tədarükündə azalma olacaq,  neftin qiymətinin isə 93-102 dollar barel diapazonuna çatacağı proqnozlaşdırılır.

Dünya Bankının baş iqtisadçısı və İnkişaf İqtisadiyyatı üzrə Baş Vitse-Prezidenti Indermit Gill Yaxın Şərqdəki son münaqişənin Rusiyanın Ukraynada başlatdığı müharibədən dərhal sonra baş verdiyini və bunun 1970-ci illərdən bəri əmtəə bazarları üçün ən böyük şok olduğunu bildirdi.

Dünya Bankının Baş İqtisadçı Köməkçisi və Gözləntilər Qrupu Direktoru Ayhan Köse də yüksək neft qiymətlərinin davam etməsinin qaçılmaz olaraq ərzaq qiymətlərini artıracağına diqqət çəkib.

Bahadur Seyidov