Yerin dərinliklərində başqa bir planetin xarabalıqları varmı?



 21:03 03.11.2023     787

Ay necə yaranıb? Ən məşhur nəzəriyyəyə görə, təxminən 4,5 milyard il əvvəl Mars böyüklüyündə protoplanet olan Theia planetimizə çırpıldı və orbitə atılan tullantılar Ayı meydana gətirənə qədər fırlandı.

Demedia.az xəbər verir ki,  “Böyük təsir” kimi tanınan bu yanaşma Ay haqqında çox şeyi izah edirdi. Bəs Theia-ya nə oldu? Elm adamları krater və ya protoplanetin fraqmentləri kimi əhəmiyyətli sübutlara malik deyildilər. Böyük obyektdən çox şey qalmamışdı. (Yaxud da bizə elə gəlirdi.)

Çərşənbə günü Nature jurnalında dərc edilən araşdırmada Çin, ABŞ və Böyük Britaniyadan olan tədqiqatçılar Theia parçalarının "Yerin içində" olduğunu irəli sürdülər. Məqalədə, Theia'nın bəzi hissələrinin toqquşmadan sonra yerin mantiyası ilə nüvəsi arasındakı sərhəddə, səthin 2900 km altında olduğuna dair tapıntılar paylaşıldı.

Araşdırma aparan Kaliforniya Texnologiya İnstitutundan Dr. Qian Yuan, "Biz Yerin dərinliklərinə baxdıq və böyük Theia parçaları tapdıq" dedi.

Alimlər ilk dəfə planet axtararkən teleskop əvəzinə seysmologiyadan istifadə ediblər
Dr. Yuan sosial media hesabında Nature jurnalının üz qabığını paylaşaraq, “Bir ilk: Teleskoplar yerinə seysmologiyadan istifadə edərək yeni bir astronomik obyekt olan “Basdırılmış Planet” aşkar etdik. “Bu obyekt 4,5 milyard il əvvəl Yerlə toqquşaraq Ayımızı əmələ gətirən Theia planetinin qalıqlarıdır”, - deyə o yazıb.

Yuanın bu mövzuya marağı Arizona Dövlət Universitetində aspirant kimi keçdiyi planetar geokimya kursu zamanı başlayıb. Professorun sadə bir sual verdiyini xatırlayır: “Theia indi haradadır? Bu sual məni motivasiya etdi və bu mövzuda düşünməyə vadar etdi”.

Nəzəriyyəyə görə; Theia'nın bir hissəsi hazırda Ayı təşkil edir. Ancaq Marsın ölçüsündədirsə, kütləsinin böyük hissəsinin Yerə düşdüyünü söyləmək olar. Bunların bəziləri yəqin ki, əriyib Yerin mineralları ilə qarışıb. Ancaq bəlkə də protoplanetin bəzi hissələri toxunulmaz qalmağı bacardı.

Dr. Yuan, bunların Yerin dərinliklərində, nüvə ilə mantiya arasındakı sərhəddə tapılan iki sirli quruluş olub-olmaması ilə maraqlandı. Biri Qərbi Afrikanın, digəri isə Sakit Okeanın altında olan bu əsrarəngiz quruluşlar bir qitə qədər geniş bir əraziyə yayılmış və mantiyanın içinə yüzlərlə kilometr uzanmışdır.

Yarım əsr əvvəl tədqiqatçılar seysmik dalğaların bu bölgələrdən keçərkən yavaşladığını müşahidə etdilər. Bu strukturlar haqqında onların mövcudluğundan başqa çox şey söyləmək mümkün deyildi. Çünki seysmik məlumatlar planetin sonoqramı kimi strukturun bulanıq görünüşlərini təqdim edir; Temperaturu və nədən hazırlandığını göstərmir. Nümunələr götürmək üçün planetin bu qədər dərinliyini qazmaq mümkün deyil.

Qərbi Afrikanın altındakı ləkə kanadalı geofizik və plitə tektonikası nəzəriyyəsinin pioneri J. Tuzo Wilsonun şərəfinə Tuzo kimi tanınır. Sakit okeanın dərinliklərində yerləşən digəri isə geodinamika nəzəriyyəsinə mühüm töhfələr vermiş U. Ceyson Morqanın şərəfinə Ceyson adını daşıyır.

Bəzi elm adamları Tuzo və Ceysonun bir vaxtlar səthi örtən və mantiyanın qalan hissəsi ilə heç vaxt qarışmayan maqma okeanının kristallaşmış fraqmentlərindən əmələ gəldiyini irəli sürmüşdülər. Bəziləri bu strukturların mantiyaya batmış okean qabığının parçaları ola biləcəyini düşünürdü.

"Theia'nın qalıqları yer qabığının dərinliklərində gizlənir"

Dr. Yuan və həmkarları toqquşma zamanı və sonrasında Theia və Yerin hərəkətlərini göstərən bir sıra kompüter simulyasiyaları həyata keçirdilər.

Modellər, zərbənin Yer qabığının və mantiyanın xarici hissəsini əritdiyini və Theia fraqmentlərinə qarışdığını aşkar etdi. Ay bu nəhəng toqquşma nəticəsində yaranan dağıntı yığınından əmələ gəlib. Bundan əlavə, simulyasiyalar göstərdi ki, Theia-nın 10 faizindən çoxu Yerin dərin mantiyasında basdırılıb. Theia mantiyasının dəmirlə Yerdən daha zəngin olduğuna inanıldığından, bu daha sıx parçalar Yerin nüvə-mantiya sərhədinə batmış ola bilərdi.

Sürixdəki İsveçrə Federal Texnologiya İnstitutunun geofizika professoru, yeni tədqiqatda iştirak etməyən Paul Tackley deyir ki, simulyasiyalar inandırıcı fərziyyə irəli sürür, lakin bu, sübut deyil. Lakin o, araşdırmanı “Məncə, çox maraqlı və orijinaldır” deyərək şərh edir.

Bəli, indiyə qədər biz Süd Yolunda Yerə bənzər ekzoplanet tapmamışıq. Yuan, Ayı meydana gətirən qədim toqquşmanın Yerin təkamülünə mümkün təsirinə diqqət çəkir və əlavə edir: "Bu, Yerin geoloji cəhətdən digər qayalı planetlərdən fərqli olmasının əsas səbəblərindən biri ola bilər".

Aysun / Demedia.az