Fələstinlə həmrəylik simvolu: Qarpız emojisi



 20:28 17.11.2023     832

İsrailin Qəzzaya hücumları davam edərkən, dünyanın hər yerində insanlar müxtəlif etiraz yürüşləri və nümayişlərində, eləcə də sosial mediada Fələstin xalqına dəstəklərini nümayiş etdirirlər. Bu kontekstdəki paylaşımlarda qarpız emojisinin istifadə olunduğunu görə bilərsiniz. Təəccüblənməyin. Bunun bir səbəbi var.

Demedia.az xəbər verir ki,  qarpız emojisinin rəngləri Fələstin bayrağı ilə eynidir. Ancaq bu yeganə səbəb deyil. Bu əslində həm də tarixi keçmişi olan Fələstinlə həmrəylik əlamətidir. Belə ki, necə?

Bu cür dəstəyi izlədikdə, 1967-ci ildəki Altı Günlük Müharibəyə qayıdırıq. Həmin vaxt İsrail İordan çayının qərb sahili və Qəzzanı ələ keçirərkən ictimai yerlərdə Fələstin bayrağının nümayişini qadağan etmişdi. Fələstinlilər bu qadağadan məharətlə yan keçərək qarpızı simvola çevirdilər.

İsrail 1993-cü ildə İsrail və Fələstin Azadlıq Təşkilatının bir-birini tanımasını tələb edən və onilliklərlə davam edən İsrail-Fələstin münaqişəsini həll etmək üçün ilk rəsmi razılaşma olan Oslo Sazişlərinin bir hissəsi olaraq Fələstin bayrağındakı qadağanı ləğv etdi. Bayrağın Qəzzanı və İordan çayının qərb sahilini idarə edəcək Fələstin Muxtariyyətini təmsil etdiyi qəbul edildi.

16 oktyabr 1993-cü il tarixli The New York Times xəbər məqaləsində müxbir Con Kifner aşağıdakı ifadələrdən istifadə etdi:

Bir vaxtlar gənclərin dilimlənmiş qarpızları daşıdıqlarına görə həbs olunduğu Qəzza zolağında (beləliklə, Fələstin rənglərini qırmızı, qara və yaşıl nümayiş etdirir) insanlar bir vaxtlar qadağan olunmuş bayrağı dalğalandıraraq paradlarda yürüş edərkən, İsrail əsgərləri yorğun halda kənarda dayanırlar.

Bu günlərdə sosial şəbəkə istifadəçiləri yenidən təzyiqi sındırmaq üçün qarpızdan istifadə edirlər. Haqqında danışdığımız təzyiq əslində bəzən açıq, bəzən də pərdə arxasında baş verir. Məsələn, bir çox hallarda Meta-nın Fələstin tərəfdarı məzmunu gizlətdiyi, yəni demək olar ki, heç vaxt göstərmədiyi iddia edilir. Bəzi Fələstin tərəfdarı hesablar kilidlənərkən, bir istifadəçi TikTok-da yazdığı bir yazıda İnstaqram profilindəki bio-sundakı “Fələstinli” ifadəsinin yanına avtomatik tərcümədə “terrorçu” sözünün əlavə edildiyini açıqladı.

İnstaqram daha sonra “problem səhvən yaranıb” deyərək üzr istəsə də, iddialar və baş verənlər üst-üstə düşəndə ​​problemli vəziyyətin ortaya çıxdığı açıq-aydın görünür.

Təbii ki, bütün bunların fonunda onlayn platformaların Qəzza ilə bağlı yazıları məhdudlaşdıracağına dair qorxular artdıqca, getdikcə daha çox insan X, TikTok və digər sosial media platformalarında adlarına və yazılarına qarpız emojisi əlavə edir.

TechCrunch xəbər verir ki, keçən həftə bir məzmun yaradıcısı qarpız nümunəsi filtrindən əldə etdiyi bütün gəliri Effect Creator Awards vasitəsilə Qəzzəyə humanitar yardıma göndərəcəyini söylədi. Bu hərəkət TikTok-da qarpız emojisinin diqqət çəkməsinə səbəb olub.

Bu, emodinin ölkə ilə sinonimləşdiyi ilk nümunə deyil. Yadınızdadırsa, Rusiya-Ukrayna müharibəsi başlayanda bir çox istifadəçilər Ukrayna ilə həmrəy olduqlarını bildirmək üçün ölkənin milli çiçəyi sayılan günəbaxanı paylaşırdılar.

Bayraqlar təbii ki, həmrəylik əlamətidir. Terror aktları və təbii fəlakətlər kimi faciəvi vəziyyətlərlə yanaşı, bayramlar zamanı bayraqlar həmrəylik vasitəsinə çevrilir. Bundan əlavə, The Conversation-ın xəbər verdiyi kimi, İrma qasırğası zamanı həmrəyliyi ifadə etmək üçün qırmızı ürək və mavi ürək emojilərindən də istifadə edilib.

Aysun / Demedia.az