Rusiya Finlandiyaya nota verdi
Rusiya Xarici İşlər Nazirliyi Rusiya ilə 9 ümumi sərhəd qapısından 4-nü bağlayan Finlandiyaya nota göndərib.
Demedia.az xəbər verir ki, Rusiya XİN-dən verilən açıqlamaya görə, Finlandiyanın Rusiyadakı səfiri Antti Helanterei ilə görüş keçirilib. Rusiya tərəfi Finlandiya hakimiyyətinin Rusiya-Finlandiya dövlət sərhədində ən fəal istifadə olunan keçid məntəqələrini bağlamasına etiraz edib.
Açıqlamada Rusiyanın qeyri-qanuni mühacirləri şüurlu şəkildə Finlandiya sərhədinə yönəltdiyi iddiası “təxribat” olaraq qiymətləndirilib: “Mühacirlər bu ölkə ərazisində sığınacaq almaq üçün sərhədi keçdikdə ortaya çıxan vəziyyətə görə Rusiyanıngünahlandırılması açıq-aşkar təxribatdır. Keçid məntəqələrinin bağlanması ölkələrimizin on minlərlə vətəndaşının hüquq və mənafelərini pozur”.
Qeyd edək ki, Finlandiya prezidenti Niinistö qeyri-qanuni miqrasiya axınında Rusiyanı günahlandırıb.
Rusiya ilə 1340 kilometr ümumi sərhədi olan Finlandiya qeyri-qanuni keçidləri dayandırmaq üçün noyabrın 18-də 4 sərhəd qapısını bağlayıb.
Bahadur Seyidov