OCAQOVLA ÖZÜNÜ EYNİLƏŞDİRƏN QASIMOV



 12:15 24.11.2023     1388

Çalışacam, fikirlərimi filmin müəllifi və rejissoru olan dostum Elçin Qasımovun əsərində güddüyü və tətbiq elədiyi üsulla izah edim. Ancaq, necə deyərlər, bu həm asan, həm də çətindir. Asandır ona görə ki, ümumi şəkildə məsələnin nədən ibarət olduğunu anlamışam.

Çətindir, iki səbəbdən ki, birincisi, mən kinoşünas, ya kino tənqidçisi deyiləm. İkincisi, Elçinin ürəyində tutub, məni də həmişə heyran qoyan istedadı sayəsində ekranda əks etdirdiyi dərin mətləblərin çoxundan bixəbərəm, onun simvollar dünyasına o qədər də bələdçiliyim yoxdur. Bəndənizə yalnız Elçinlə İTV-də yarımçıq da olsa, bir filmdə işləmək, bir filmin isə rejissor ssenarisi haqda müzakirə aparmaq nəsib olub. Bu iki və təəssüf ki, yarımçıq işlərdə birincisi, onun işıqla necə oynamağına əhsən demişəm. Əslində, özü demişkən, kino elə işıqla yazmaq işi olduğundan, mən də düşünürəm, yaxşı işıq yaxşı filmin yarısından çoxudur.

Beləliklə, “KÖRPÜ”dən keçək. Filmin əvvəlində Elçinin qəhrəmanının daxil olduğu binanın üzərindəki “KÖRPÜ” yazısını, daha doğrusu, yazının mənasını nəzərdə tuturam. Düşünürəm, filmin qəhrəmanı körpüdən keçib özünün ali sənət dünyasına düşür. Tövbə, mən yazdığım versiyada ali sənət dünyasına, filana düşmürəm, ancaq hər halda, çalışacam ərzi halınıza çatdırım ki, Üzeyir bəyin Həsənqulusunun təbirincə desək, Elçinin filminin nəyi və harası mənə xoş gəlibdir ki, bu film barəsində yazı yazıram? Gözəlliyi, filmin yeniliyi, yoxsa, Elçinə xoş gəlmək istəyi? Bəri başdan deyim ki, dostuma xoş gəlmək istəyimə ehtiyac yoxdur, onsuz da bir-birimizin xətrini çox istəyirik. Deməli, qalır, ya filmin gözəlliyi, ya orijinallığı. Başlayaq!

Filmin sadə bir süjeti var: bir dənə rejissor olur, rəhbərlik ona Rasim Ocaqovun 90 illiyi haqda film çəkməyi tapşırır, o dərinliyə getmək istəyir, ancaq buna vaxt yoxdu. Vəssəlam! Qısa və konkret! Bu proses boyu baş verən hadisələr də əslində, çox sadə, hətta deyərdim bəsitdir. Rejissor müəllim arxivdə ağır “babin”lərin üzünü köçürür, onlara baxıb seçimlər edir, sevgilisi ondan küsür ki, niyə görüşmürlər və sair və ilaxır. Di gəl, indi filmdəki dialoqların əsl iç üzündən, hərəsi bir məna daşıyan əşyaların simvolik mahiyyətindən baş aç: sınıq qramofon valı, qırıq araba, boş masalar, stullar, kitab oxuyan, sonra oynayan liliput qız və sair və ilaxır.

Əvvəlcə gözəlliklə bağlı deyim ki, adamın üstündə Allah var, hətta kinodan başı çıxmayan, simvolikalardan qanmaz olan birinin televizor qabağında oturub eləcə görüntülərə baxsa, filmdən böyük zövq alacağına özüm kimi əminəm: dediyim kimi işıq, operator, rəssam, qrim, əlbisə, geyim və sairlərə söz ola bilməz. Bəs orijinallığı nədədir? Və niyə bunlar orijinal sayılmalıdır?  

“Rejissor versiyası” filmi sevimli rejissorumuz Rasim Ocaqovun 90 illiyinə həsr olunmuş sadə, sıradan sənədli bioqrafik filmlərdən deyil. Belə olsaydı, təbii ki, diqqətimi cəlb eləməzdi. Filmin fərqliliyi ondadır ki, Elçin Qasımov Rasim Ocaqovun özünün sənətə, kinoya, deyərdim ki, həyata baxışlarını onun özündən soruşmadan verməyə çalışıb. Təsəvvür eləyin, rəhmətlik haqq dünyasında, Qasımov da ya İTV-nin otağında, ya evində, ya özü bilər hardasa Ocaqovun sənətə baxışları barədə düşünür, yazır, “görəsən ustad filan məsələylə bağlı nə deyərdi” sualını özünə verir. Və qəribədir ki, sualına cavab da tapır.

Məsələn, rəssam Həsənlə filmin qəhrəmanının dialoqu yadınızdadırmı? Rejissorun sürrrealizm, neorealizm, barokka və sair kimi cərəyanlarla bağlı bir gilə siqaret üçün gəlmiş yazıq rəssam Həsənə “master-klass” keçməyi səhnəsi yadınızdadırmı? Özü də bədbəxtin dədəsini söyürmüş kimi qəzəblə! Bax, elə bu səhnədə açığı, gözümün qabağına rəhmətlik Rasim Ocaqov gəldi. Böyük ustadla görüşmək xoşbəxtliyi mənə nəsib olmayıb, ancaq elə bilirəm, kənardan sakit təbiətli görünən Ocaqov heç də sakit adam-filan olmayıb. Düşünürəm, hətta belə qəzəbli çıxışlar eləməsə belə, rejissor Ocaqov içdən elə beləymiş: çılğın, qəzəbli, sənətə münasibətdə qərəzsiz. Elçin qəhrəmanının diliylə Ocaqovun sənətin hüdudsuzluğuna inamını, sənət adamının çərçivəsiz biri olduğuna əminliyini, vəhşi istedadlarla dünyanın necə amansız davrandığını çox uğurla verə bilib. Elə bilirəm, liliput qızın rəqsi də məhz bu fikrin qayəsinin qüvvətləndirilməsinə xidmət edir: sənət adamı ənginsiz göylərin, kəhkəşanların fövqündə nə qədər kiçik görünsə də, onun yaratmaq, sevmək eşqi elə ənginsiz göylər qədər dərin, kəhkəşanlar qədər hüdudsuzdir. 

Elçin istəyib ki, filmində adamlardan çox əşyalar danışsın: sınıq qramofon valı, qırıq araba, boş masalar, stullar və sair. Ona görə istəyib, deyirəm ki, özü onların səsini, hənirtisini eşitsə də, heyf, tamaşaçı kimi mən onların səsini eştmədim. Luis Bünuel Salvador Dali ilə birgə çəkdiyi “Əndəlüs köpəyi” qısametrajlı filmi haqda deyirdi ki, bu filmi yalnız psixoanaltika ilə şərh eləmək mümkündür. “Rejissor versiyası” filmində müəllif və rejissor olan Elçin Qasımov həm Salvador Dali, həm də Luis Bünueldir. Onun filmi də gərək psixoanalitika ilə şərh olunsun. Mən burada da Bünuelin filmlərindəki fantasmaqoriyaların işartılarını gördüm. Düzdü, Elçinin filmində qorxulu şeylər – küçədə arabanın aşması, içindən meyitlərin tökülməsi, kəsik əlin tapılması sayaq görüntülər yoxdu. Onun filmində daha işıqlı, daha kədərli, həm də adama rahatlıq verən dürlü-dürlü görüntülər yer alıb.

Filmdə vur-tut 4 nəfər müsahib var: onlardan iki nəfəri haqq, iki nəfəri fani dünyadılar. Birincilər Rüstəm İbrahimbəyov və Rasim Ocaqov özüdür. İkincilər Fəxrəddin Manafov və Ramiz Fətəliyevdir. Əladı! Manafovun aktyor, Fətəliyevin rejissor kimi müsahibələri çox əladır!

Sözsüz ki, hər bir sənət adamının əsərində onun bir parçası var. İstəyir yazıçı olsun, istəyir, rəssam, istəyir bəstəkar. Hər bir rejissor da nə haqda, kim haqda çəkirsə çəksin, filminə öz həyatından, yaşantılarından ilmələr mütləq vurur. Elçinin bu filmi də istisna deyil. Qasımov hətta, cürət edib, özünün həyatdakı missiyasını, sənətə, insanlara, sevgiyə, ələlxüsus dünyamızı gözəl edən hər nəsnəyə baxışı ilə ustad sənətkar Rasim Ocaqovun missiyasını, baxışlarını eyniləşdirməyə çalışıb. Deyirlər e, sən nə cürətlə özünü filankəsə tay tutursan?

Elçin Qasımov, narahat olma, buna görə sənin boynunu vuran deyillər. Bu eyniləşdirməni aparmaqla da lap yaxşı eləmisən! Yadındadı, öz yazdığın ssenaridi, qəhrəman Fəxrəddin Manafovla müsahibəsində nə deyir: “Böyük insanlar, şəxsiyyətlər öləndən sonra ruhları iki yerdə yaşayır”.

Burda səninlə razı deyiləm, yoldaş Qasımov! Əslində, böyük şəxsiyyət gedəndən sonra ruhu iki yox, milyonlarla məkanda - onun kimi olmaq, onun işlərini davam etdirmək, onu ötüb keçmək, sənətin inkişafı, dünyanın gözəlləşməsi, sevgilərin bolluğu üçün ondan da yaxşı yaratmaq istəyənlərin qəlbində, ruhunda, fitrətində yaşayır. Rasim Ocaqov belə sənətkarlardandı, ona görə, sənətini, həyatını onun sənəti və həyatı ilə eyniləşdirməyin Ocaqovun ruhunun həm də sənin ruhunda yaşamağı deməkdir. Ruhu, əsərləri, xatirələri yaşayırsa, deməli, elə özü də yaşayır. Torpağı sanı yaşayasan, yaxşı da film çəkmisən...

İlham TUMAS