ŞƏRİF AĞAYAR, GÜNAHA BATMA! - Ramiz Rövşənə atamacaya cavab
Şərif Ağayar, qardaş, 79 yaşlı Ramiz Rövşən də bu dünyada əbədi deyil. Allahın verdiyi ömrü yaşayacaq, sonra köç edib, gedəcək bu fani dünyadan: bizdən sonra, ya əvvəl. O gedəndə nə yazacaqsan? Şairi belə aşağılamaq nəyə lazımdır? Ramiz Rövşən tək dediyin o “şah-şahalı” məclislərdə yox, gördüyüm, şahidi və iştirakçısı olduğum qədəriylə, dəvətimizlə xalqın şəhidinin, qazisinin, yetiminin də məclislərində iştirak eləyib və eləyir. Yaxud, guya özün belə “şah-şahalı” məclislərə dəvət alanda, qəti imtina eləyib, deyirsən, “cəhənnəm olun, siz xalqın qədrini bilmirsiniz, boğazımdan keçməz”.
İçi sən, mən qarışıq, biz bu xalqa hansı xidməti göstərdik ki, babamız yaşında olan, yaradıcılığı ilə şairlər nəsli yetişdirən Ramiz yazıq göstərmədi? Doğrudanmı, elə hesab edirsən bu atmacayla Ramiz şəxsən sənin özündən xeyli vicdansız, xalqının dərdini-sərini vecinə almayan, korəfəhm, kosmopolit, yalnız xeyrini güdən biridir? Ötən illər bizə çox şeylər öyrətdi: Azərbaycanın, Dövlətin, bu Dövləti quranların, qoruyanların dədəsinə söyən qurumsaqlar indi də meydan sulayır, dediyin o “iribuynuzlu feodalların” məclislərində başda oturur, pullarını balta kəsmir, mətbuatda, ictimai həyatda dillərindən vaxtilə bəyənmədikləri Prezidentin adı düşmür. Halbuki, illər əvvəl yazmaqdan əlim, deməkdən dilim qabar olmuşdu, yazırdım, deyirdim ay kişilər, ay qadınlar, əlinizə düşmüş o qələmi bu Xalqın, bu Dövlətin güclənməsinə işlədin, “3-5 dollar” üçün Amerikanın, Avropanın tula payına aldanmayın. İllər uzunudur, siyasi, ictimai, mətbu həyatda nəyəsə xeyir verə bilmədiyimi görüb, 19 yaşımdan baş götürüb qaçdım Qarabağa, hərbiyə, müharibəyə ki, heç olmasa, o meydanlarda bir qətrə də olsa, Xalqa, Dövlətə xeyirim dəysin. Nəysə...
Deməyim odur ki, xətrinə dəyməsin, əcəb peşə tapmısan, acıqlanan kimi yapışırsan məsələyə, gördüyün haqsızlıqlara qətiyyən dəxli olmayan “yetim”lərdən.
Guya özün yüksək səviyyədə mübariz və inqilabçısan...
Guya sən yetim Əhmədin haqqını dəhşət müdafiə edirsən...
Guya sən qışın günü küçəyə qovulmaq bahasına da olsa, sinəni yandıran sözü deməkdən çəkinmirsən...
Guya sən Xalq şairi Ramiz Rövşəni hər dəfə arxasından oliqarx qulaqları görünən dəbdəbəli, şah-şahalı qonaqlıqlarda “bozartmadan, puloydan” döşəmirsən...
Mühakimə etmə, mühakimə olunarsan, qınama, qınanarsan. Nə atdınsa, özünə qayıdacaq. Bir də İsa deyirdi, kim günaha batmayıbsa, birinci daşı o atsın. Nəhayət, insaf, bir azca insaf!
İlham TUMAS