"Şair" filminə baxan hər kəs o KİŞİNİ tanıyacaq, sevəcək... - VİDEO



 12:32 16.01.2024     537

Bu gün tanınmış şair Camal Yusifzadənin anım günüdür. 

Demedia.az bildirir ki, Vətən müharibəsi iştirakçısı, jurnalist İlham Tumas Feysbuk sosial hesabında mərhum şairlə bağlı bu sözləri qeyd edib:

"Dünyanın ən incəqəlbli, saf adamlarından biriydi Camal dayı. Kimsənin xətrinə dəyməz, bir qarışqanı belə incitməzdi. Elə yaşadı, elə də köçdü bu dünyadan. Elə bilirəm, "Şair" filminə baxan hər kəs, o kişini tanıyacaq, sevəcək, ruhuna dualar söyləyəcək. Ruhu şad olsun, Camal dayı!". 

Qeyd edək ki, Camal Yusifzadə 1941-ci il avqustun 19-da Lənkəran şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakıda ADU-nun tarix fakültəsində təhsil alıb (1960-1965). 

Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində işləyib (1966-1972). “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında teatr, kino və musiqi şöbəsində ədəbi işçi, sonra şöbə müdiri olub. 

Televiziya və Radio Verilişləri Şirkətində ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini olub (1991-1998).

1998-ci ildən Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru vəzifəsində çalışırdı. Onun “Dağlar arxasız olmur”, “İtil getlər”, “Kim dəli, kim ağıllı”, “Ölümü köynəkdən keçirən oğul”, “Sabaha ömür payı qazananlar” və s. pyesləri tamaşaya qoyulub.  

Camal Yusifzadə 2017-ci il yanvarın 16-da 75 yaşında qəfil ürək tutmasından dünyasını dəyişib. Doğulduğu Lənkəranda dəfn olunub. Allah rəhmət eləsin...

Xəyalə Məmmədova / DEMEDİA.AZ