Müharibə davam etsə də, Ukraynada elektrik avtomobil satışı artıb



 17:18 24.01.2024     279

2022-ci ilin fevralından Rusiya ilə müharibə vəziyyətində olan Ukraynada elektrik avtomobil satışı artıb.

Demedia.az xəbər verir ki, Fransanın aparıcı nəşrlərindən olan Le Figaro-nun məlumatına görə, ölkədə elektriklə işləyən avtomobil satışları müharibədən əvvəlki dövrlə müqayisədə 10 dəfə artıb. Bu artımdan ən çox pay alan modellər İlon Maska məxsus “Tesla” markalı avtomobillər olub.

 Sektor məlumatlarını araşdıran qəzet, 2021-ci ilin sonunda 8 min 541 olan qeydiyyatdan keçmiş elektrik avtomobillərinin sayının 2023-cü ilin yanvarında 46 min 830-a yüksəldiyini tapıb.

Ölkədəki hərbi münaqişələrə və işğal şəraitinə baxmayaraq, bu artım ötən il də davam edib.

 Ötən ilin yanvar-noyabr aylarında Ukraynada elektriklə işləyən avtomobillərin sayı təxminən iki dəfə artaraq 83 min 116-ya çatıb.

 Ukrayna dövlət bankı Oschadbank-ın baş direktoru Anton Tiutiun bildirib ki,  yanacaq qiymətlərinin artdığı bir dövrdə ilk dəfə olaraq elektrikli avtomobil kreditlərində əhəmiyyətli bir artım müşahidə edilib.

Elektrikli avtomobillər üçün 11 min enerji doldurma məntəqəsi olan Ukrayna bu baxımdan ABŞ-nin Nyu-York əyalətini qabaqlayır. Bu rəqəm həm də qonşu Polşadakı stansiyalardan iki dəfə çoxdur.

“Le Figaro” xüsusilə hökumətin bəzi vergiləri ləğv etməsindən və ikinci əl avtomobillərin idxalına icazə verməsindən sonra ölkədə tələbatın artdığına diqqət çəkib.

  Ukraynada 2021-ci ildə 454 olan “Tesla” markalı avtomobillərin sayı 2023-cü ildə 4 min 600-ə yüksəlib. Bununla belə, qəzetə görə, bu avtomobillərin əhəmiyyətli bir hissəsini Kanada və ABŞ-dən alınmış xarab avtomobillər təşkil edir.

Qəzetə danışan ukraynalı avtomobil eksperti bildirib ki, bu maşınların əhəmiyyətli bir hissəsi alındıqdan sonra ukraynalılar tərəfindən təmir edilib satılıb. Mütəxəssis bildirib ki, bu yolla ayda 100-ə yaxın “Tesla” yenilənərək daxili bazara təqdim olunur.

Bahadur Seyidov