Süni intellektə güvən  artır - Hesabat təqdim edirlər



 12:14 30.01.2024     301

ABŞ-da süni intellekt şirkətləri təhlükəsizlik testlərinin nəticələrini hökumətə bildirməyə başlayacaq.

Demedia.az xəbər verir ki, ABŞ-də prezident Co Bayden administrasiyası süni intellekt şirkətlərindən təhlükəsizlik testlərinin nəticələrini hökumətə bildirmələrini tələb edən yeni təcrübə tətbiq etməyə hazırlaşır.

Ağ Evin Süni İntellekt Şurası, Baydenin 3 ay əvvəl süni intellektdən yaranan risklərin qarşısının alınması ilə bağlı imzaladığı fərman çərçivəsində edilən dəyişiklikləri qiymətləndirmək üçün toplanacaq.

 Ağ Evin süni intellekt üzrə xüsusi müşaviri Ben Buçanan öz açıqlamasında bildirib ki, hökumət süni intellekt sistemlərinin ictimaiyyətə təqdim edilməzdən əvvəl onların təhlükəsiz olub-olmadığını bilmək istəyir və Bayden şirkətlərin bu qaydaya əməl etməli olduqlarını açıq şəkildə ifadə edib.

 ABŞ administrasiyası süni intellektdən yaranan risklərin qarşısının alınmasına yönəlmiş hərtərəfli fərman verib və süni intellektin təhlükəsizliyi üçün yeni standartlar tətbiq edib.

 Həmçinin insanları fırıldaqçılıqdan qorumaq üçün süni intellektlə yaradılmış məzmunu aşkar etmək və yoxlamaq üçün yeni qaydalar tətbiq edilir.

Bahadur Seyidov