GENERAL ADAM - ŞƏMİSTAN ƏLİZAMANLI



 11:36 04.02.2024     332

"Reanimasiayadan çıxanda onun səsini eşitmək istədim". Bir qazi dostum danışır. İki gözünü, bir qolunü mina aparıb, bütün bədəni qəlpələrlə doludur.

"Ümumiyyətlə, sağ qalmağım möcüzə olub. Reanimasiyadan palataya köçürülmüşdüm, danışa da bilmirdim. Üzünü görmədiyim tibb bacısı dedi, istəyirsən telefonda bir mahnı qoyum dinlə. Başımı yellədim. Dedi, hansı mahnını istəyirsən yaz kağıza. İri kağızda birtəhər ayrı-ayrı yekə hərflərlə Ş, Ə, M, İ, S və sair hərfləri yazdım. Dedi, Şəmistan? Başımı yenə yellədim. Təsadüfən "İgid əsgər, möhkəm dayan" mahnısı çıxdı. Dinlədikcə, elə bilirdim, məni deyir. İnanın, ağrılarımı-acılarımı, gözümün görmədiyini, qolumun olmadığını, danışa bilməməyimi belə unutdum...".

Bu qazi qardaşımız tək deyil. Belə qardaşlar yüzlərlə, minlərlə, yüz minlərlədir: səsindən ilham alıb döyüşlərə yollanan kim, hərbçi olmaq istəyən kim, ən çətin anında əlac umub, həyata ümidlə, mübarizliklə bağlanan kim. Bu adam hamımızın sevimlisi, 65 illik ömrü mərdliklə, kişi kimi geridə qoymuş Şəmistan Əlizamanlıdır! Doğum günün qutlu olsun, əziz, dəyərli General Adam - ŞƏMİSTAN ƏLİZAMANLI!

İlham TUMAS