İşi gərək Kişiyə tapşırasan!



 11:25 16.02.2024     417

“kinoinfo.az” saytı anonsunu verib artıq. Şair, yazıçı, dramaturq İlqar Fəhmi müsahibəsində deyib ki, “Mən düşünürəm, kinomuzda ən büyük problem yaradıcı kadrların səviyyəsidir”.

Ola bilər, hörmətli kino adamımızın fikri konteksdən çıxarılıb, sözüm yox. Ancaq ümumiyyətlə, “... ən böyük problem yaradıcı kadrların səviyyəsidir” fikrinə çox yerdə rast gəlmək olar. Hətta “yaradıcı” sözünü çıxarıb, bir az dü ümumiləşdirsək, mənzərəni daha dolğun şəkildə seyr eləyə bilərik. Yəni, bütün sahələrdə belədir: kimə hansı problemdən danışırsan, deyir, məsələ kadrdadır. Ancaq vallah, məsələ kadrda-filanda deyil. Azərbaycan xalqının nə istetdadına, nə bacarığına, nə savadına, nə intellektinə və adlarını sadalamadığım zadlarına kimin şübhəsi var ki? Onda niyə “kadr yoxdur” fikiri hamının dilinin zəbərinə çevrilib? Nətəhər olur, bir də görürsən, hansısa mötəbər, məsuliyyətli, rəhbərindən idarəetmə bacarığı, vicdan, təmizlik tələb eləyən hansısa vəzifəyə elə birini gətirib pərçim eləyirlər ki, adamda mötəbərlikdən, məsuliyyətdən, idarəetmə bacarığından, vicdandan, təmizlikdən bir zərrə əsər-əlamət yoxdu? Hələ mən onun Dövlət, Vətən, Xalq qarşısında olmayan xidmətlərindən, qanıb-qandırmadığı dövlətçilik anlayışından danışmıram. Yox, qardaşlar! Bizdə kadrdan çox kadr var. Bircə bu kadrları seçib-sonalayıb “kimin kimidir”, “pulu var, ya yoxdu” prinsipləriylə yox, bayaq sadaladığım üstünlüklərinə görə qabağa çəkəcəksən. Vallah, onda sənətimiz də, iqtisadiyyatımız da, siyasətimiz də, hərbimiz də dünyada nömrə bir olacaq! Özünüz şahidisinzi, hansı sahədə haramlıq, oğurluq, şərəfsizlik yoxdur, o sahə inkişaf eləyir! Bir də işi gərək Kişiyə tapşırasan, Kişiyə! Bu Kişi qadın cinsi də ola bilər, kişi cinsi də! Bircə sözün bütün mənalarında ADAM kimi KİŞİ olsun, yetər! Yeri gəlmişkən, Qarabağı, Qurban Qurbanovu qələbə münasibətiylə təbrik edirəm!

İlham TUMAS