Səhər acqarına kofe üçün - Görün nələr baş verəcək... - Video



 09:47 22.02.2024     542

Son günlərdə sosial mediada səhərlər kofe fincanı ilə şəkil paylaşmaq dəbə düşüb. Bu cür paylaşımların altında “acqarına kofe içməyin, zərərlidir” kimi rəylər oxumaq da mümkündür.

Bəziləri acqarına kofe içməyin zərərini belə açıqlayır: “Səhər saatlarında kortizol səviyyəsi yüksək olur. Bu, səhər vaxtı içilən kofeinin təsirini azaldır”. Bu iddiada həqiqət payı var. Tutaq ki, səhər saat 06:30-da, yaxud 07:00-da oyandınız. 08:30-09:00 saatlarında yüksələn kortizol bizi yeni günə hazırlayır: həm enerji verir, həm diqqətimizi nəyəsə yönəltməyimizə kömək edir. Bir mənada, kofe də eynən bunu edir. “Kortizolun yüksək olduğu vaxtda kofe içməyin” demək, onların eyni cür fəaliyyət göstərdiyini anlatmaq olar da, bizimçün “zərərlidir” iddiası maraqlıdır. Mütəxəssislər kofenin daha çox nahara az qalmış, nahardan sonra içilməsini məsləhət görürlər. Bu vaxtlarda kortizol səviyyəsi yavaş-yavaş azalmağa başlayır. Kofe diqqətinizi toplamağa, enerjinizi artırmağa kömək edəcək. Lakin burada bir nüans var: indiyədək heç bir araşdırmaçı əmin olmayıb ki, kortizol düşəndən sonra kofe sizi daha enerjili, daha diqqətcil edəcək. Düzdür, araşdırmalar zamanı kofenin insan orqanizminə faydaları barədə müsbət nəticələr əldə edilib, amma bayaq da dediyim kimi, konkret qənaət yoxdur. Kofenin kortizolu, az da olsa, artırdığı məlumdur. “Kofe enerji verir” əminliyinin arxasında onun məhz bu təsiri dayanır. Hər gün içilən kofenin kortizolun səviyyəsinə önəmli dərəcədə təsir etdiyi barədə heç bir sübut yoxdur. Hər gün kofe içirsinizsə, orqanizm onun təsirinə alışır. Yəni ilk gün içilən kofe ilə vərdişə keçdikdən sonrakı 30-cu gündə içilən kofenin təsiri eyni deyil. İlk gündə içilən kofe daha təsirlidir. Nəticə etibarilə, deyim ki, sosial mediada rəydən-rəyə, paylaşımdan-paylaşıma dolaşan “acqarına kofe zərərlidir” iddiası doğru deyil.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az