XOCALI - BƏDƏL ÖDƏNMƏYİB!



 10:53 26.02.2024     318

Xocalı amansızcasına məhv edilən dinc əhalinin – uşaqlı-qocalı, kişili-qadınlı insanların soyqırımı olmaqla bərabər, həm də bir xalqın taleyinin yenidən yazılmağa başladığı gündür. Bu gün o dağlarda, düzlərdə, meşələrdə güllə-borana tutulan, əsir götürülən, başına min oyun açılan təkcə xocalılar deyil, həm də Azərbaycanın bütün qeyrətli övladları idi. Bütün qeyrətlilər güllələnmiş, əsir götürülmüş, təcavüzə uğramışdı.
Xocalı Azərbaycan tarixinin təkcə qara səhifəsi deyil, həm də bir xalqın illər boyu “Xocalının qisasını alacağıq” deyib yetişən övladlarının beyninə hopmuş bir azadlıq, qurtuluş eşqinin havasıydı. Xocalı bizim ruhumuza elə hopub ki, indicə gördüm, bayaqdan bu fikirləri yaza-yaza “Xocalı” sözünün qarşısına, ardına heç nə əlavə eləməmişəm. Çünki kimsə “Xocalı” deyəndə birinci ancaq o amansız tarixdə baş verənlər yada düşür: 1992-ci ilin 26 fevralında!
Xocalının qurbanları təkcə o dağlarda, düzlərdə, meşələrdə qırılan günahsız körpələr, qocalar, qadınlar deyildi. O qurbanların sayı minlərlə, yüzminlərlədir: “Xocalı, Xocalı” deyib çərləyən, Xocalıdan sonra döyüşlərə qatılıb şəhid, qazi olan, dərdlilər, kədərlilər, gündə min yol ölüb dirilən, dəriləri min dəfə soyulan, cəhənnəm əzabı çəkib, ah-vay içində bu dünyadan nakam köçən yüz minlər, yüzminlər...
Xocalının azadlığı şikəst ruhumuzun, qırılmış qürurumuzun bərpası sayıla bilər. Ancaq Xocalı əbədi olaraq bizim tariximizə, ruhumuza, gen yaddaşımıza köçüb ki, bu faciəni unutmaq, unutdurmaq istəmək böyük xəyanət olar. Görürsünüz, işğaldan azad olunmuş ərazilərdə hələ də kütləvi məzarlıqlar aşkar olunur. Bunu unutmaq olarmı? Xocalının qisası alınmayıb, bədəli ödənməyib hələ! Qisas alınacaq, bədəl ödənəcək!

İlham TUMAS