Ukrayna 65 milyon dollarlıq Rusiya patrul gəmisini vurub



 10:53 06.03.2024     256

Ukrayna Rusiya Qara Dəniz Donanmasının patrul gəmisinin Krım sahillərində hədəf alındığı və gəminin zədələndiyi bildirilib.

Demedia.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat bölməsindən verilən açıqlamada Krım sahillərində Rusiya Qara Dəniz Donanmasının patrul gəmisinin hədəfə alındığı bildirilib.

Kerç boğazına yaxın bir nöqtədə "Magura V5" pilotsuz dəniz vasitələri ilə vurulan Sergey Kotov adlı rus gəmisinin müxtəlif hissələrinə ziyan dəydiyi qeyd edilib.

Açıqlamada, hədəf alınan gəminin dəyərinin təxminən 65 milyon dollar olduğu bildirilib.

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak hücumla bağlı açıqlamasında "Rusiyanın Qara dəniz donanması işğalın simvoludur. Ukraynaya aid olan Krımda onu tapmaq olmaz" deyib.

Krımdakı Rusiya səlahiyyətliləri hücuma görə Krım yarımadasını Rusiya materikinə birləşdirən Krım körpüsündə yol və qatar hərəkətlərinin müvəqqəti dayandırıldığını açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama verməyib.

Bahadur Seyidov