SOLÇULUĞUN ALINMAZ 8 MART QALASI - istədiklərini ver, verməsən, onzus da özləri alacaqlar...
Nə gizlədim, mənim də 8 martla bağlı xeyli məhrəm xatirələrim var. Və bu xatirələr arasında, nə etmək olar, acıları daha çoxdur. Əvvəlcə 23 fevral gəlir, axı. Sovetlərin vaxtında bütün sinfin oğlanları bu tarixi səbrsizliklə gözləyirdilər ki, hansı qızın ona hədiyyə verəcəyini bilsinlər. O dövrün orta məktəb sevgisi indinin orta məktəblərindəki sevgilərə oxşamadığı üçün bir qızın bir oğlana hədiyyə verməsi oğlan tərəfindən yüz faiz məhəbbət jestinə yozulurdu. Düzdü, bəzi diktator sinif rəhbərləri hədiyyə alıb-verməli cütlükləri özləri müəyyənləşdirirdilər. Bu halda vəziyyət xeyli qəlizləşirdi və təbii ki, artıq ikiqat xərcə düşməli olurdun. Məcburi şəkildə sənə təhkim olunan qıza başdansovdu bir şey alıb, əsas diqqəti ürəyindəkinin hədiyyəsinə yönəltməliydin. Əlqərəz, 23 fevral və 8 mart olayları orta məktəb xatirələrinin önəmli hissəsini təşkil eləyir. Artıq 23 fevral yoxdur. Ancaq qadınlar günü əvvəlki kimi taxtdadır.
“14 fevral” yalançı Valentin günüylə bağlı araşdırmamdan sonra 8 marta müraciət eləməyim indi də qadınların bu sevimli gününü qara əskiyə bükmək kimi başa düşülməsin. Məsələn, 23 fevral tarixi ilə bağlı bunu çox asanlıqla eləyə bilərik. Çünki, sovetlərin “23 fevralda qırmızı ordu mühüm qələbələrindən birini qazanıb” kimi uydurması qətiyyən doğru deyil. Sadəcə, sovet ideologiyası 8 marta uyğun bir kişi bayramı uydurmalıydı, uydurdu da. Uydurmada ən maraqlı və qəribə burasındadır ki, fevral ayının 23-də Sovet Rusiyasının tarixində üzqarası olan Brest-Litjvsk sülhü imzalandı. Yəqin, bu məşum tarixi unutdurmaq üçün belə ediblər. Nə isə, deməyim odur ki, fevralın 23-ylə bağlı inkarçılıq mövqeyində dayanmaq asandır. 8 mart haqqında isə əlinin ürəyinin üstünə qoyub belə demək olmur.
...8 mart Beynəlzalq Qadınlür gününün ənənəvi olaraq Klara Setkinin adı və fəaliyyəti ilə bağlayırlar. 1910-cu ildə Kopenhagendə qadın-sosialistlərin İkinci Beynəlxaql Konfransında “qadın hüquqlarının mübarizəsi günü” kimi hər il bir günü bayram edilməsi qərar alınır. Qərarın başlıca məqsəi qadınlara seçki hüququnun verilməsini təbliğ eləmək idi. Bayramla bağlı ən böyük suallardan biri Kalara xanımın nəyə görə məhz 8 martı bayram kimi seçməyidir. Geniş yayılmış qənaətə görə, tarixdə martın 8-də qadınlarıa bağlı ilk tədbir 1857-ci ildə Nyu-Yorkda baş verib. Həmin vaxt tikiş və ayaqqabı fabriklərində işləyən qadın fəhlələr boş qazan və çömçəylə küçəyə çıxaraq iş günü vaxtının azalmasını, iş şəraitinin yüksəldilməsini, kişilərlə bərabər miqdarda əmək haqqı almalarını tələb ediblər. O vaxtı qadınlar sutkada 16 saat işləyir, əvəzində isə qəpik-quruş alırdılar. Beləliklə, 1857-ci il mart ayının 8-i baş vermiş bu olayı bayram elədiyimiz beynəlxalq qadınlar gününün təsis olunmasında əsas səbəb hesab eləyə bilərik. Düzdür, yenə bəzi tarixçilər həmin hadisənin özünü şübhə altına alırlar. Ancaq olan daha olub.
Klara Setkindən sonra 1911-ci ildə Almaniyada, Avstriyada, Danimarkada, İsveçdə beynəlxalq qadınlar günü qeyd olunmağa başladı. Əgər 1911-ci ildə bu bayram martın 19-da qeyd olundusa, 1912-ci ildə iki ay gecikərək mayın 12-nə təsadüf elədi. 1913-cü ildə isə sosial demokrat düşərgəsində təşkilati çətinliklərlə əlaqədar hər ölkə bu bayramı müxtəlif tarixlərə saldı. Yalnız 1914-cü ildə solcular bir yerə yığışıb martın 8-də həmrəylik nümayiş etdirə bildilər. Beləcə, həmin ildən sonra beynəlxalq qadınlar günü 8 mart tarixinə yazıldı.
Əsasən antisemit meylli tarixçi və tədqiqatçılar 8 martı yəhudiliklə bağlamağa cəhd göstərirlər. Məsələn, onlar Klara Setkinin yəhudi olduğunu əsas gətirərək (halbuki, Klara xanımın sırf yəhudilik məsələsində də şübhələr var), onun 8 martı yəhudilərin qədim rəvayəti əsasında əbədiləşdirdiyini iddia edirlər. Yəqin ki, çoxları xalqını əzazil fars hökmdarı Kserksin qəzəbindən qurtaran yəhudi qızı Esfir haqqında tarixçədən xəbərdardılar. Rəvayətə görə, bütün yəhudiləri qırmağa hazırlaşan Kserksin qərarından xəbər tutan Esfir ərini bu yoldan çəkindirə bilir. Çarın ona olan məhəbbətindən yararlanan qadın yəhudi qırğınını fars qırğını ilə əvəz etdirməyə nail olur. Yəhudilər bu günü Purim bayramının mahiyyətinə daxil eləyiblər. Elə yəhudi ensiklopediyasında da yazılıb ki, Purim bayramı hər hansı məbəd, yaxud dini hadisəylə bağlı deyil.
İllər keçdikcə, bu hadisənin rəvayət tərəfi unudularaq sırf solcu xarakter almağa başladı. İlk dəfə Amerikada, sonradan XX əsrin əvvəllərində Avropanın müxtəlif ölkələrində qeyd olunan olay SSRİ-nin ideoloqları üçün göydəndüşmə oldu. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1965-ci il 8 may qərarı ilə beynəlxalq qadınlar günü 1966-cı ildən etibarən qeyri-iş günü elan edilib. Bundan əlavə Anqolada, Burkino-Fasoda, Kambocada, Çində, Makedoniyada, Monqolustanda da martın 8-də vətəndaşlara istirahət verilir. BMT isə 1975-ci ildən etibarən beynəlxalq qadınlar gününün 8 martda keçirilməsini məsləhət bilir.
Nihilistlərin dediklərinə, yazdıqlarına baxmayaraq, 8 martın bünövrəsində, tarixində müsbət hadisələr dayanır: qadın hüquq və azadlıqları! Necə deyərlər, 8 mart Azərbaycanda solçuluğun yeganə alınmayan qalasıdır! Qadınlar belədirlər: uğrunda savaşdıqları məqamı qətiyyən verməzlər! Bir də deyirlər, qadınların istədiklərini ver, verməsən, onzus da özləri alacaqlar...
İlham TUMAS