Ürək ağrısı necə olur? - Sinədə yanma, göynəmə deyil? - Video
Ürək ağrısı hər il milyonlarla insanın təcili yardım xidmətinə müraciət etmə səbəblərindən biridir.
Lakin ürək nahiyəsində baş verən hər ağrı ürəyin xəstəliyindən xəbər vermir. Ürək ağrısının bir çox səbəbləri var. Ürək ağrısının səbəbini insan özü təyin edə bilmədiyi üçün istənilən halda diaqnozun dəqiqləşməsi üçün mütləq həkimə müraciət etmək lazımdır. Ürək ağrısı iki böyük kateqoriyaya bölünür: “ürək” və “qeyri-ürək” ağrıları. Qan laxtası ürək arteriyalarında qanın hərəkətinə mane olaraq, döş qəfəsində sıxılma tipli ağrı verir və bir neçə dəqiqə davam edə bilir. Bu halda ağrı kürək, boyun, alt çənə, çiyinlər və qollara yayıla bilir, xüsusilə də sol qola. İllərlə qan damarlarının divarlarında toplanan piy yığıntıları ürəyə qanın daxil olmasına mane olur və bu hal xüsusilə fiziki hərəkət və stress zamanı ağrıya səbəb olur. Bu tip ağrı adətən, bir dəqiqəyə qədər çəkir və sakitlik vəziyyətində keçib gedir. Digər “ürək” ağrısı ürəyin perikardit deyilən xəstəliyi zamanı rast gəlinir. Bunun xəstəliyin səbəbi müxtəlif virus infeksiyalarıdır. Perikardit zamanı olan ağrılar kəskin olub, iynə batmasını xatırladır. “Qeyri-ürək” ağrılarına aid olan ağrılardan biri mədə qıcqırması ilə bağlıdır. Bu zaman mədənin turşusu mədədən qida borusuna qayıdaraq, döş qəfəsində yandırıcı ağrı yaradır. Bu tip ağrı ilə yanaşı, ağızda turş dad və hıçqırma müşahidə olunur. Mədə turşuluğu əleyhinə preparatların qəbulundan sonra ağrı yüngülləşir. “Qeyri-ürək” ağrılarının digər səbəbi panik ataklardır. Əgər sizdə səbəbsiz qorxu tutmaları ilə birlikdə ürək nahiyəsində ağrı baş verirsə, ürək döyünməsi artırsa, nəfəs alıb-vermə sürətlənirsə, güclü tərləmə olursa, bu panik atakın göstəricisi ola bilər.
Uşaq-Kardioloqu Elnur İmanov ilə olan müsahibədə "Ürək xəstəlikləri" barədə ətraflı məlumat verilib.
Demedia.az "Demədi Demə" "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.
Rəna İsmayılova / Demedia.az