Dünyanı sarsıdan sınaq: Kiçik bir quyu qazıb zəlzələ yaratdılar
Təqvimlər 6 noyabr 1971-ci ili göstərirdi. Dünyada aparılacaq ən təhlükəli sınaqlardan biri həyata keçmək üzrə idi. Təcrübə aparılacaq və indiyə qədər keçirilmiş ən böyük nüvə sınağı olacaq. Üstəlik, bu sınaq yerdə deyil, yerin altında uzanan dərin quyularda aparılıb. “Cannikin” adlı bu testin Alyaskanın mərkəzindən uzaqda yerləşən Amçitka adasında keçirilməsi qərara alınıb.
Demedia.az xəbər verir ki, bu, LIM-49 Spartan Anti-Ballistik raket üçün W71 partlayıcı silah döyüş başlığı dizaynını sınaqdan keçirmək üçün nəzərdə tutulmuşdu. Minlərlə insanın bu sınağa qarşı çıxmasının səbəbi tamam başqa idi. Sınaq müxtəlif komissiyaların, birliklərin və ictimaiyyətin partlayış əleyhinə etirazlarına baxmayaraq həyata keçirilib. Testin sonunda qorxular gerçəkləşdi!
1971-ci ildə bütün dünyada eşidilən partlayışdan əvvəl eyni bölgədə daha iki partlayış baş verdi. 1965-ci ildə Amçitka adasında digər ölkələrin yeraltı nüvə sınaqları keçirib-keçirmədiyini müəyyən etmək üçün yerin altında 80 kilotonluq nüvə partlayışı baş verdi. 4 il sonra 1969-cu ildə yeni sınaq keçirildi. Bu dəfə məqsəd daha böyük yeraltı partlayışların adaya nə qədər zərər verə biləcəyini, seysmik aktivliyə səbəb olub-olmadığını və sunami yarada biləcəyini öyrənmək idi. Bu sınaqlardan qısa müddət sonra üçüncü partlayışın olacağını eşidən bir qrup ekoloq bir araya gəldi. Bu gün dünyanın ən mühüm ekoloji hərəkatlarından biri olan 'Greenpeace' Cannikinə etiraz edən bu insanlar tərəfindən qurulub.
Həmçinin sınağın yeni zəlzələlərə səbəb ola biləcəyi və 1964-cü ildə baş verən Alyaska zəlzələsi səbəbindən sunamiyə səbəb ola biləcəyi də düşünülürdü. Testin aparılmasının qarşısını almaq üçün 7 min insanın qatıldığı etiraz aksiyası ABŞ-Kanada sərhəd qapısını tamamilə bağladı. 1971-ci ilin iyulunda Nüvə Məsuliyyəti Əleyhinə Komitə Atom Enerjisi Komissiyasına qarşı iddia qaldırdı və təcrübənin qarşısının alınmasını tələb etdi, lakin nəticə onların istədikləri kimi olmadı. Bütün cəhdlərə baxmayaraq minlərlə canlının məzarına çevriləcək sınaq əslində ediləcəkdi.
Kiçik Oğlan II Dünya Müharibəsi zamanı 6 avqust 1945-ci ildə Yaponiyanın Xirosima şəhərinin bombalanmasında istifadə edilən atom bombası idi. Xirosimadakı bu hücumda ən azı 140 min insan öldü. Şəhərin dağıldığını təxmin etmək çətin deyildi. ABŞ-da keçiriləcək Cannikin sınağına qarşı bu qədər böyük etirazın olmasının əsas səbəbi sınaqın Xirosimadan 250 dəfə güclü olması idi. Təxminən 5 meqaton trotil partlayıcısına ekvivalent olan və hazırlanması 5 il davam edən təcrübə ABŞ-ın indiyədək həyata keçirdiyi ən böyük yeraltı partlayışıdır.
Sınaqların aparılacağı yerdə Lourens Radiasiya Laboratoriyası və Lourens Livermor Milli Laboratoriyasının yüzlərlə əməkdaşı iştirak edirdi. Sınaqların həyata keçirilməsi üçün 400 ton avadanlıq və dərinliyi 1807 metr, eni 2,3 metr olan quyu açılıb. Dəstək avadanlığı 4,6 metr hündürlüyündə yer silkələnməsinə tab gətirmək üçün nəzərdə tutulmuşdur. Atom Enerjisi Komissiyasına sədrlik edən James R. Schlesinger, etirazların mərkəzində olan eksperimentin təhlükəsiz olduğunu göstərmək üçün həyat yoldaşı və qızlarını bölgəyə gətirdi.
Təcrübənin Xirosimadan 250 dəfə daha güclü olacağı təxmin edilsə də, bu proqnozlar real nəticədən xeyli aşağı idi. Partlayış Xirosimaya atılan "Kiçik Oğlan" bombasından 400 dəfə güclü zərbəyə səbəb oldu. Torpaq örtüyü yerdən 6 metr yüksəkliyə qalxıb. Təcrübə sahəsindəki çökmə və qırılma bir neçə yüz metr enində yeni göl yaradıb. Partlayış Rixter şkalası üzrə 7.0 bal gücündə seysmik təkan yaradıb. Bu maqnituda “böyük” kimi təsnif edilən yer təkanlarına, yəni çox şiddətli zəlzələlərə bərabər olub və ümumi 3300 kvadratmetr sahədə qayaların uçmasına və ot sürüşməsinə səbəb olub.
Ekoloqların proqnozlaşdırdığı zəlzələ və sunamilər baş vermədi. Lakin sonrakı həftələrdə bir sıra daha kiçik tektonik hadisələr baş verdi. Bunlardan bəziləri Rixter şkalası üzrə 4.0 bal gücünə çatdı.
Aysun / Demedia.az