Netanyahu ABŞ-yə nümayəndə heyəti göndərəcək



 12:21 28.03.2024     276

İsrailin baş naziri Binyamin Netanyahunun fələstinlilərin Qəzza zolağına sığındığı Rəfaha mümkün quru hücumunu müzakirə etmək üçün Vaşinqtona nümayəndə heyəti göndərəcəyi iddia edilib.

Demedia.az xəbər verir ki,  bu barədə İsrail mərkəzli “Walla”  xəbər saytında məlumat  yayıb. Belə ki, İsrail heyətinin Rəfaha ola biləcək quru hücumunu müzakirə etmək üçün gələn həftə Vaşinqtona gedəcəyi bildirilib.

Adı açıqlanmayan ABŞ və İsrail mənbələrinə əsaslanan xəbərdə Vaşinqtona gedəcək heyətdə İsrailin Strateji İşlər naziri və Hərbi Nazirlər Kabinetinin üzvü Ron Dermer və Milli Təhlükəsizlik Şurasının sədri Tzachi Hanegbi də yer alacağı bildirilib.

Qeyd edilib ki, adı açıqlanmayan ABŞ rəsmisi İsrail administrasiyasının Rəfaha mümkün quru hücumunun müzakirə ediləcəyi görüşün vaxtının dəyişdirilməsi üçün Vaşinqtonla əlaqə saxladığını bildirib.

Xəbərdə ABŞ rəsmilərinin sözügedən görüşün nə vaxt keçiriləcəyi ilə bağlı dəqiq bir tarix vermədiyi bildirilib.

Digər tərəfdən, İsrail Baş Nazirliyinin Mətbuat İdarəsi "Times of Israel" qəzetinə verdiyi açıqlamada, Netanyahunun İsrail nümayəndə heyətinin ABŞ-yə getməsini bəyənmədiyini, lakin görüşün başqa vaxta keçirilməsi üçün danışıqların olduğunu da inkar etmədiyini bildirib.

Bahadur Seyidov