Karyeranız inamınıza, əzminizə bağlıdır!
Bu gün Karyera və İşə Hazırlıq Mərkəzinin təsisçisi və direktoru, karyera məsləhətçisi Şahin Sərdarlı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisası üzrə təhsil alan 4-cü kurs, H202 qrup tələbələrinə "Karyera planlaması" mövzusunda mühazirə deyib.
Proqram Akademiyada "Karyera planlaması" fənnini tədris edən “Hüquq” kafedrasının müəllimi Reyhan Cəfərova tərəfindən təşkil edilib.
Mühazirədə Azərbaycan Respublikasısının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev də iştirak edib. O, tələbələrin Karyera istiqamətində atdıqları uğurlu addımlardan danışıb və onlara karyera yüksəlişi arzulayıb.
Qeyd edək ki, İsaxan Vəliyev Bakı şəhər prokuroru, Respublika Baş prokurorunun müavini vəzifələrində çalışıb. Baş ədliyyə müşaviri və ədliyyə polkovnikidir. Bütün bunlarla yanaşı çoxsaylı elmi araşdırmalar müəllifi, ustad hüquqşünas hörmətli İsaxan müəllimin Karyera və İşə Hazırlıq Mərkəzinin təsisçisi və direktoru Şahin Sərdarlı haqda söylədiyi xoş sözlər, ona verdiyi qiymət mənim üçün çox qürurverici oldu. Tək ona görə yox ki, Şahin dostumdu, onun enerjisi ilə ayaqlaşmağa çalışıb birgə işləməyə başlamışam. Mənə daha çox qürur verən hörmətli İsaxan müəllimin uğurlu yola çıxan, özüylə birgə ətrafındakı gənclərə də yol göstərib, onlara kömək eləyən bir Azərbaycan gəncinə göstərdiyi diqqət, dəstəkdir. Kaş hörmətli professor kimi ziyalılarımız çox, lap çox olaydı. Var olun, ustad! Bu mənzərəni görmək gələcəyə olan inamı da artırır. Karyeranız inamınıza, əzminizə bağlıdır, əziz gənclər!
İlham TUMAS