30 milyon dollar yoxa çıxdı - Pulun oğurlandığını belə anlamadılar...
Onlar bütün siqnalizasiya sistemlərindən yan keçərək sızıblar. İş o yerə çatıb ki, pulun oğurlandığı seyf açılana qədər oğurluq hadisəsi belə hiss olunmayıb. Baş verənlər ştatın tarixində ən böyük soyğunçuluq hadisələrindən biri kimi qeydə alınıb.
Demedia.az xəbər verir ki, ABŞ polisini şoka salan hadisədə oğrular mühafizə şirkətinin binasından 30 milyon dollar nağd pul oğurlayaraq arxalarında iz buraxmadan qaçıblar.
Ötən bazar günü Los-Ancelesdə baş verən hadisədə mühafizə şirkətinin pul anbarı kimi istifadə edilən binadakı seyfdəki bütün pullar oğurlanıb. Səlahiyyətlilər hadisənin Los-Anceles tarixində ən böyük pul oğurluqlarından biri olduğunu bildirdi.
Təhlükəsizlik qüvvələri tərəfindən verilən açıqlamada seyfin yerləşdiyi əraziyə məcburi daxil olmasına dair heç bir dəlil olmadığı qeyd edilib. O da bildirilib ki, oğruların binaya necə girdiyi hələ də aydın deyil. O da vurğulanıb ki, quldurlar heç bir mühafizə və siqnalizasiya sistemi ilə yaxalanmayıb. Polisin bildirdiyinə görə, şirkətdə çox az adam seyfin yeri və orada gizlədilən nağd pulun miqdarı barədə məlumatlara malikdir.
Səlahiyyətlilər oğruların binanın damından girərək seyfin qoyulduğu əraziyə çata bilməsi ehtimalını nəzərdən keçirir. Yalnız bazar ertəsi məmurlar seyfi açanda pulun oğurlandığı məlum olub.
Təhlükəsizlik qüvvələrinin bildirdiyinə görə, oğruların şəxsiyyəti hələ müəyyən edilməyib və onların harada olması hələ də araşdırılır. Bundan əlavə, FTB-nin də axtarış səylərini dəstəklədiyi bildirilir. Baş verənlər yadıma məşhur “La Casa de Papel” serialını gətirdi. Bu əsər İspaniya Kral Sikkəxanasını və İspaniya Bankını dahiyanə bir planla qarət edən “Professor”un başçılıq etdiyi quldurların hekayəsindən bəhs edir.
Aysun / Demedia.az