KÜRDƏMİR HAQDA YALANLAR VƏ HƏQİQƏTLƏR - Aida Adıgözəl yazır
Baxmayaraq başdan-başa yaşıllığı ilə heç bir dağ rayonundan geri qalmayan Kürdəmir Azərbaycanın və Aranın ən isti relyefində yerləşdiyindən həmişə gülməli söhbətlərin hədəfinə çevrilib, bununla belə, müxtəlif rəvayətlərin (məsələn, Kür-dəymir kimi rəvayətlərin) yaranmasına vəsilə olub. Mənə görə, bunlar sadəcə əfsanədir, hətta uşaq vaxtı bu rəvayəti Kürdəmirin "İrəli" qəzetində hansısa bir alim-tədqiqatçının öz dilindən yazdığı yazıda özündən uydurduğunu oxumuşdum.
Kürdəmirlə bağlı araşdırmalar aparılarkən məlum olmuşdur ki, Kürdəmir 1747-ci ildə Nadir şahın Azərbaycanda ölümündən sonra yaranan Şirvan xanlığının tərkibində olan Bölükət mahalının kəndlərindən biri olmuşdur. Bölükət mahalı Kürdəmir və Ağsu rayonlarının ərazisində mövcud idi. Mahalın naibi Mustafa xanın vəziri olmuş Hacı Hüseyn bəyin qardaşı Cəfər bəy idi və xanın bütün mal-mülkü əsasən burada yerləşirdi.
1821-ci ildə xanın bu 10 kəndində (Ağsu, Kürdəmir, Qarasaqqallı, Nöycü, Külüllü, Cəyli, İsmayıllı, Mollaəlioğlu, Şıxməzid, Ağrı) 308 ailə yaşayırdı.
Şirvan xanlığına bu mahallar daxil idi: Bölükət, Elat, Əkərət, Həsən, Hövz, Xancoban, Xasarud, Qarabağlar, Qarasubasar, Qəbristan, Muğan, Qəssan, Qoşun, Nəvahi, Lahıc, Salyan, Rudbar, Sədənrud.
Kürdəmir - 1821-ci ildə Bölükət mahalına daxil olan 10 kənddən biri idi və o zaman Kürdəmirdə 108 ailə yaşayırmış. Qalan o biri 9 kəndlərdə cəmi 200 ailə yaşadığından bu mahalda ən böyük kəndin Kürdəmir olması aşkardır (bəlkə də bu üzdən sovet qurulanda rayon mərkəzi kimi buna görə məhz Kürdəmir təsdiq olunmuşdur) və bu ailələrin əksəriyyəti kasıb rəiyyət imiş. Kürdəmir kəndi 1801-1825-ci illərdə yuxarıda qeyd edildiyi kimi Mustafa xanın həyat yoldaşı Fatma bəyimə məxsus olmuşdu.
Anam, yəni ata nənəm 1906 təvəllüd olduğundan 20-ci əsrin əvvəllərində olan bir çox şeyləri xatırlayırdı. Öləndə 82 yaşı olan anam bizə danışardı ki, İmişli tərəfdən atın üstündə əlində qırmancı Adıgözəl adlı bir əzazil bəy gələrdi və insanlarla çox kobud, rəhmsizcəsinə rəftar edərdi. Qaldı bizim kəndin adının Mollakənd olmasına, bəri başdan deyim, əhalisi çox müasir, dindən uzaq insanlardır. Sadəcə, burada 20-ci əsrin əvvəllərində molla məktəbi olub. Və o məktəbi mən də xatırlayıram, kəndin ortasında kərpic tikili idi, oranı sovet qurulanda kənd soveti etmişdilər. Anam danışmışdı ki, bura keçmiş molla məktəbi olub. Yəqin kəndimiz bu məktəbə görə məhz Mollakənd adlandırılıb.
19-cu əsrin mənbələrində isə Kürdəmir kəndinin Bakı-Tiflis dəmiryolundan təxminən 4 km şimal istiqamətində (Şıxımlı kəndi tərəfdə) yerləşdiyi qeyd olunur. Həsən bəy Zərdabinin "Kaspi" qəzetindəki 1899-cu il 3 sentyabr tarixi məqaləsində adı çəkilən Mövlanənin məskunlaşdığı kənd məhz Kürdəmirdir.
Haşiyə çıxım, bizdə atamın Leninin yazdığı bir kitabı vardı, uşaq da olsam, neçə kilo ağırlığı olan o kitabı oxumuşdum. Orda Lenin israrla bolşeviklərə "Kürdəmiri dəmiryol xəttinə görə təcili ələ keçirmək lazımdır" deyə əmr etdiyi cümlələr vardı. Baxmayaraq Kürdəmirin etimologiyasının hardan gəlməsini çox araşdırıblar, yenə suallar mübahisəli müzakirələrə açıq qalıb.
“Kürd” sözünə gəlsək, ümumiyyətlə, bizim rayonda bir dənə də olsun kürd mənşəli millət və toponim tapa bilməzsən. Hə, Lahıclar məhəlləsi var. Aran olduğumuzdan demək olar ki, daim müxtəlif istilaçıların ayağı altında qalan ilk hədəf bizim bölgə olub. Burda ən çox ərəb mənşəli toponimlər var. Məsələn, Ərəbqubalı, Ərəbxana, Çöl-ərəb və sair. Hətta 19-cu əsrə aid məlumata görə, Zaqafqaziyada adında ərəb etnoniminin iştirak etdiyi 29 kənd mövcud olmuşdur ki, onlardan biri olan Ərəbqubalı toponiminin izahı belə verilir: Ərəbqubalı (Ərəb Qubalı) kəndinin adı Ərəb Kefəli adının assimilyasiya olunmuş formasıdır. 8-ci əsrdə İraqın Kefə mahalından Azərbaycana köçürülmüş ərəb ailələrinin bir hissəsi burada Ərəbkefəl (yəni, Kefədən çıxmış ərəblər) adlanmışdır. Ərəbqubalı kəndində 20-ci əsrdə Baş Şirvan kollektorunun qazılması zamanı burada qalıqları tapılmış "Şəhərgah" adlı yaşayış yeri aşkara çıxmışdı. Və bu abidə ərazisindən tapılan şirli, şirsiz qabların qədim olduğu, mis pulların isə Şirvanşah Axsitanın (1161-1197) dövründə kəsildiyi bilinməkdədir.
Akademiklərdən A.Axundov Kür sözünü udin dilindəki kür-quyu, K. H. Əliyev isə qrız dilindəki kür-çay sözü ilə əlaqələndirmişlər. Bildiyiniz kimi Kür çayı bizim rayonun bir çox kəndlərini əhatə edir. Ümumiyyətlə, bizim bölgədə çox işlənən Kür sözü var. Yəni Kür adam, cilovlanmayan dəli-dolu, ərkəsöyün anlamında. Dəmir sözünün isə "dəymir" sözünün assimilyasiya olunmuş variantı olduğunu heç düşünmürəm və qəbul etmirəm. Bir şəxsi ehtimalım var ki, burada ərəb istilası zamanı çox ərəb qalıb yaşadığından ərəb qoşunlarında gəlmiş kürd Əmir adlı ərəb sərkərdələrindən birinin adına verilmiş pay kənd ola bilər.
Kürdəmir mərkəz kimi 1930-cu ildə yaranıb.1938-ci ildə isə rayon tabeli şəhər adını alıb, paytaxt Bakıdan 189 km uzaqlıqda Şirvan düzündə yerləşən 59 kənddən ibarət olan bu yaşayış məskəni şərqdən Hacıqabul və Sabirabad, qərbdən Zərdab, Ucar, Göyçay, cənubdan İmişli, şimaldan isə İsmayill və Ağsu rayonları ilə həmsərhəddir. Sahəsi 1631, 5km2, əhalisi isə 2021-ci ilin siyahisinə görə 118,8 min nəfərdir.
19-cu əsrin sonlarında, təxminən 1870-95-ci illərdə deyilənə görə fransızlar Kürdəmirdə məşhur Loza konyak zavodunu tikmişlər. Amma iddia olunur ki, bu zavodu Qara Samid Məlikov yəhudi Harunla ortaq tikdirib. Lakin Sovetlər qurulandan sonra 30-cu illərdə kolxozlaşma gedərkən hökumət bu əmlakı onlardan müsadirə edib dövlət inventarna daxil etmişdir.
Kürdəmir Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Tibb sahəsində Etibar Əliyev, Faiq İslamzadə, Flora Ağamalıyeva, Əlikram Məmmədov, Fuad İslamzadə, Nəsrəddin Abışov, Cabbar Ağayev, Laçın İmanov, Heybət Mehdiyev, filologiya sahəsində Ağamusa Axundov, Rəfael Hüseyn, Fəxrəddin Veysəlsov, Ramazan Əhmədov, Vaqif Sultanlı, kimya sahəsində Mürşüd Fərəcov, Musa Musayev, Mədət Şahbazov, Əminə Musayeva, Ağarəsul Məmmədov, biologiyada Qara Mustafayev, Arif İsmayılov, Əli Əhmədov, riyaziyyatda Nigar Əliyeva, fizika sahəsində Səməndər Musayev, Sudeyif Musayev, iqtisadda Qardaşxan Məmmədov, Ələkbər Məmmədov, hüquqda Teymur İsmiyev, İkram Kərimov, Tacəddin Vahabov, texniki elmlərdə Sənan Mustafayev, Milli Məclisin deputatı Rizvan Cəbiyev, həmçinin İkram Kərimov, Ağamməd İbişov, Cəbrayıl Usubov kimi generallar və Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayev, Sadıq Hüseynov, Akif İslamzadə, Sadıq Zərbəliyev, aşıq Şakir Hacıyev, aşıq Əhməd, balaban çalan Həsrət Hüseynov Teybə Hacıyeva, Eynulla Cəbrayılov, Zemfira Əlişqızı kimi incəsənət xadimləri, ədəbiyyatda Əlisəfa Azayev, Səhər Əhməd, Soltan Şıxalıyev, Cəmilə Dəmirova, Təzəgül Ağayeva kimi Sosialist Əməyi qəhrəmanları Azərbaycan tarixinə adlarını yazdırmış şəxsiyyətlərdir.
AİDA ADİGÖZƏL