"MİXAYLO"NU KİM VURMUŞDU? KARRANTİ YOX!



 13:08 16.04.2024     252

Tarix 2009-cu ildi. “Təxəllüsü Mixaylo” filmindən sonra rejissor Tahir Tahiroviçdən mövzunun davamı olmasa da, ekiz mövzulu ikinci filmdə də işləmək təklifi aldım. Nə gizlədim, bu qəhrəmanımızın sağ olduğuna inanmırdım, Tahirdən öyrəndim. Yolumuz Gəncəyə idi. Daha dəqiqi Göy-göl rayonunun Qızılca kəndinə. Tahiroviç filmin adını artıq özü dəqiqləşdirmişdi: “Unudulmuş partizan”.

Çəkilişə dördümüz yollandıq: rejissor Tahir Tahiroviç, “Salnamə”nin operatoru Elşən Əliyev, dostumuz İlqar Mənsimzadə, bir də bəndəniz. Qəhrəmanımız isə əfsanəvi Mixaylonun dostu, “İvan russkiy” ləqəbli, Daxili İşlər Nazirliyinin təqaüddə olan polkovniki, sabiq kəşfiyyatçı Mirdamət Seyidov idi. Çox uzatmayım. Çəkiliş baş tutdu, maraqlı bir film alındı, arzulayan yutubdan tapıb tamaşa eləyə bilər və düşünürəm, hədər vaxt itirməz. Sözüm bunda deyil.

Təbii ki, köhnə kəşfiyyatçının kameraya söyləmədikləri də oldu. Onların hamısını yazmaq fkrində deyiləm. Birincisi, üstündən xeyli müddət keçməsinə baxmayaraq, yəqin, hələ də məxfilik qrifi üstündə olmasına görə, ikincisi də, etik normalara həmişə əməl eləməyə üstünlük verdiyim üçün. Ancaq rəhmətlik Mirdamət Seyidovun söylədiyi bir hadisə hamımızda soyuq duş effekti yaratdı. Çəkilişlərarası polkovnik Seyidov dedi ki, Mehdini bıçaqla vuran o olub. Açığı, səbəbini bir az qarışıq sadaladı, biz də, onsuz da, çəkilişə razı olması üçün Tahirin şirin dillə birtəhər yola gətirdiyi ağsaqqalın üstünə çox getmədik. Deməli, Mirdamət Seyidov həm kinoteatrı partladan Vesilin olub, həm də Mehdini bıçaqlayan Karranti. Ancaq bununla belə, rəhmətliklər İmran Qasımovla Həsən Seyidbəyli partizanlardan almanlara informasiya ötürən adamı niyə “alnı çapıq, gözləri göy” kimi təsvir eləyiblər, bax bunu bilmirəm. Axı, rəhmətlik polkovnik Seyidovun da alnı çapıq, gözləri göy idi. Təqdim etdiyimiz fotolardan bu əlamətlər dəqiq bilinir. Hətta çəkiliş vaxtı Tahirin Elşənə “gözlərini, alnının çapığını yaxından çək” pıçıltısını belə köhnə kəşfiyyatçı eşitdi, Tahirdən, bir az da hikkəylə soruçdu: “Nəyi çəksin?” Tahir canını zorla qurtardı...

Qısası, Mirdamət Seyidovun danışdıqlarında bu kimi bır sıra ciddi məsələlər vardı. Mən Tahiroviçin razılığı ilə onlardan birini yazdım (bu hər kəsin əməl eləməyə borclu olduğu mədəniyyət və və peşəkarlıq etiketidir). Düşünürəm, o dövrlə, Mixaylo, “İvan russkiy” və sair iştirakçılarla bağlı dostumuzla yeni, daha maraqlı bir film üzərində işləməyimizin vaxtı çatıb. Müəyyən qaydalar gözlənilməklə bilmədiklərimiz, həm də soyuq duş effekti yaradacaq mətləblər mövzusunda bir film! Bu, tariximizi bəzəksiz-düzəksiz öyrənməyimizə kömək edər. Elə deyil, Tahir Tahiroviç?  

İlham TUMAS

1

1

1

1

1

1

1

1