Məşhur müğənninin süni intellektlə çəkilmiş fotoları səs-küyə səbəb oldu
Nyu York Metropolitan İncəsənət Muzeyinin (MET Gala) ənənəvi qala gecəsi baş tutub.
Demedia.az xəbər verir ki, şou-biznesin məşhurları Nyu York Metropoliten Muzeyinin pilləkənlərində kameralar qarşısına keçib. Qalanın builki mövzusu “Zaman bağı” olub.
Amerikalı müğənni Keti Perri yeni albomu üzərində işlə məşğul olduğu üçün bu il Met Gala-ya qatılmayıb. Ancaq məşhur ad, süni intellektin hazırladığı bir fotoşəkil sayəsində Metropolitan İncəsənət Muzeyinin pilləkənlərində poza verdi.
Süni intellektin istehsal etdiyi iki fərqli kadr səs-küyə səbəb olub. Bir çox pərəstişkar Perrinin Met Gala-ya getdiyini düşünürdü. Əslində bu saxta fotolara aludə olanlar arasında 39 yaşlı müğənninin anası Meri Perri də olub.
Sözügedən fotoları 207 milyon izləyicisi olan İnstaqram səhifəsində “MET-ə gələ bilmədim, işləməli oldum” mesajı ilə paylaşan müğənni anasının ona göndərdiyi mesajları da yayıb.
Skrinşotlarda Meri Perrinin “Nə qəşəng paltardır, Gül Paradına bənzəyirsən” dediyi görünür. Keti Perri anasına "Ana, süni intellekt səni də aldatdı. Diqqətli ol" yazarkən görüntülənib.
Aysun / Demedia.az