Çinin  gəliri azaldı



 09:48 21.05.2024     310

Çində ilin ilk 4 ayında cəmi büdcə gəlirlərinin ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz azalıb.

Demedia.az xəbər verir ki,  Çin Maliyyə Nazirliyi 2024-cü ilin yanvar-aprel ayları üçün büdcənin reallaşmasını açıqlayıb. Müvafiq olaraq, ümumi büdcə gəlirləri illik bazda yüzdə 2,7 azalaraq 8,09 trilyon yuana (təxminən 1 trilyon 111 milyard dollar) düşüb.

Eyni dövrdə büdcə xərcləri 3,5 faiz artaraq 8,95 trilyon yuana (təxminən 1 trilyon 237 milyard dollar) çatıb.

Bu dövrdə büdcə kəsiri 840 milyard yuan (təxminən 116 milyard dollar) təşkil edib.

Ötən illə müqayisədə mərkəzi idarəetmə orqanlarının büdcə gəlirləri 6,2 faiz azaldığı halda, yerli özünüidarəetmə orqanlarının büdcə gəlirləri 0,1 faiz artıb.

Çin hökuməti mart ayında Ümumçin Xalq Nümayəndələri Konqresinə təqdim etdiyi işçi hesabatında 2024-cü ildə büdcə kəsirinin ÜDM-ə nisbətdə 3 faizdən çox olmamasını hədəfləyib.

Bahadur Seyidov