Diri-diri yandırdılar! - Dünyanı şoka salan qırğın
May ayının əvvəlində Qəzza zolağının ən cənub bölgəsində yerləşən Rəfaha qurudan hücuma keçən İsrail işğal ordusu Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq, Misir sərhədindəki şəhəri növbəti dəfə hədəfə alıb.
Demedia.az xəbər verir ki, işğal ordusu bazar günü bombardman zamanı Rəfahda məcburi köçkün fələstinlilərin yaşadığı çadır düşərgəsini vurub. Qətliamın ünvanı şəhərin şərq hissəsindən qaçan minlərlə insanın sığındığı Rəfahın qərbindəki Tel əl Sultan məhəlləsi olub.
Fələstin rəsmiləri bu səhər Tel əl Sultan düşərgəsində ölənlərin sayının 40-ı keçdiyini açıqlayıb. Qurbanların əksəriyyəti uşaqlar və qadınlardır.
Hücum zamanı onlarla uşaq və qadın da yaralanıb. Beynəlxalq Qızıl Xaç Komitəsi Rəfahdakı səhra xəstəxanasının yaralılarla dolu olduğunu və digər xəstəxanaların da çoxlu xəstə qəbul etdiyini bildirib.
Rəfahdakı Küveyt xəstəxanasına gələn sakinlərdən biri qətliamı “Hava zərbələri çadırları yandırdı, çadırlar əriyir, insanların cəsədləri də əriyir” deyərək izah edib.
Fələstin Qızıl Ayparası qətliam zamanı çadırlarda qalan Qəzza sakinlərinin diri-diri yandırıldığını açıqlayıb.
Aysun / Demedia.az